Rusiyanın Hərbi-Siyasi Analiz İnstitutunun direktor müavini, bir neçə gün əvvəl Ermənistan ordusunun birləşmələrinin dislokasiyası, sərəncamındakı texnika və silahlar barədə yazan Aleksandr Xramçixin bu dəfə Azərbaycan ordusunu analiz edib. Xramçixinin “Bir müharibənin ordusu” adlı məqaləsi “Hərbi-siyasi kuryer” (vpk-news.ru) portalında dərc edilib.
Virtualaz.org xəbər verir ki, Xramçixinin Ermənistan ordusundan bəhs edən məqaləsi bu ölkədə səs-küyə səbəb olub. Mətbuat rusiyalı eksperti Ermənistan ordusuna dair hərbi sirləri yaymaqda və beləliklə də “müttəfiq ölkəyə zərbə vurmaqda” günahlandırıb.
Xramçixin son məqaləsində yazıb ki, Azərbaycan Ermənistanla müharibədə ərazilərinin bir hissəsini itirib. Ona görə də ərazilərini geri qaytarmaq üçün müharibəyə hazırlaşır. Erməni ordusunun birləşmələri işğal altındakı ərazilərdə möhkəmləndirilmiş mövqelərdə dayandığı üçün hücum edən tərəf əzici hərbi üstünlüyə malik olmalıdır. Ona görə də Azərbaycan Rusiya, Ukrayna, Belarus, İsrail, Türkiyə və CAR-dan kütləvi şəkildə döyüş texnikası alır. Habelə sıfırdan özünün hərbi-sənaye kompleksini qurub və müxtəlif texnikaların yığılmasını həyata keçirir. Daha sonra ekspert Azərbaycan ordusunun canlı qüvvəsi, hərbi hissələrin nömrələri və dislokasiya yerləri, silahlı qüvvələrin sərəncamındakı texnika və silahlar barədə məlumatları sadalayır.
Lakin belə görünür ki, bu dəfə də Xramçixinin sadaladığı məlumatlar mötəbər qaynaqlara əsaslanmır, xeyli hissəsi yanlışdır, yaxud köhnəlmiş məlumatlardır, çox güman ki, ayrı-ayrı vaxtlarda açıq mənbələrdən götürülüb.
Xramçixinə görə, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməyəcəyi aydındır. Və indiki status-kvo Azərbaycandan başqa hamını qane edir. Ona görə də Azərbaycan öz silahlı qüvvələrini Ermənistan birləşmələrinin müdafiə xəttini yarıb keçməyə yetəcək qədər gücləndirməyə çalışır. Məqalədə daha sonra Türkiyə ilə Rusiya arasında müharibənin başlayacağı təqdirdə Azərbaycanın Qarabağı geri almaq üçün hücuma keçə biləcəyi ehtimalı araşdırılıb.
Xramçixinin məqaləsində Azərbaycan Silahlı Qüvvələrinin silah və texnikası barədə yer alan məlumatlarla bağlı Müdafiə Nazirliyindən münasibət öyrənməyə çalışdıq. Lakin nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı sözügedən materialı şərh etmədi.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirdi ki, son zamanlar Azərbaycan ordusu ilə bağlı Rusiya təhlilçiləri və hərbi analitiklərin şərhlərinin çoxalması səbəbsiz deyil: “Bununla diqqəti Suriyadakı uğursuzluqlardan yayındırıb bizim regiona yönəltmək istəyirlər. Bundan əvvəl də bir neçə hərbi ekspertin rəyləri dərc olunub. Azərbaycan Silahlı Qüvvələri ilə bağlı çox ziddiyyətli məlumatlar gedir. NATO rəsmisinin Azərbaycan ordusunun qısa müddətdə Qarabağı azad edə biləcəyi barədə açıqlamasından sonra başqa ritorika gündəmə gəlməyə başlayıb. Bu kimi yazılarla guya Azərbaycan ordusunun Türkiyəyə arxalandığı, zəif olduğu iddiaları eşidilir. Ankaradakı son görüş, Azərbaycanın Türkiyə tərəfindən açıq şəkildə dəstəklənməsi bəzi qüvvələrdə qıcıq yaradıb”.
Ü.Cəfərov əlavə etdi ki, rus ekspertin hazırladığı bu sənəd reallığı əks etdirmir: “Burada Azərbaycanın gücünün elə də yüksək olmadığı görüntüsü yaradılıb. Ziddiyyətli məlumatlar çoxdur. İnformasiya müharibəsi gedir, gah Azərbaycan ordusunun zəif, ya da güclü olduğunu göstərməyə çalışırlar. Bu, daha çox forposta hesablanmış təhlillərdir. Onlar bilirlər ki, Ermənistan ordusu adlanan qurum formaldır. Ölkəsini 49 illiyinə icarəyə verən ölkə Brüsselə, NATO-nun toplantısına müdafiə nazirini göndərir. Bununla da ikibaşlı oyun oynayırlar”.
Ekspert qeyd etdi ki, Amerika generalının və NATO rəsmisinin Bakıya gəlişindən və müəyyən anlaşmaların əldə olunmasından sonra bu kimi materialların çoxalması səbəbsiz deyil.
Cia.az
