|
Ərdoğanın Qarabağ bəyanatı və ya dost-düşmənə açıq mesajın pərdəarxası

Türkiyə prezidentinin “Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik” açıqlaması torpaqlarımızın azad olunması baxımından nələr vəd edir? 

Ankarada törədilən terror səbəbindən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının növbəti dəfə təxirə salınmasına prezident İlham Əliyevin imkan verməməsi Türk dünyasının dostlarını nə qədər sevindirdisə, düşmənlərini bir o qədər pəjmürdə etdi. 
Təbii ki, Türkiyə və Azərbaycan liderlərinin növbəti dəfə bir araya gəlməsi fövqəladə qərarların qəbuluna səbəb olmayacaqdı. Ancaq bölgədə cərəyan edən mürəkkəb geosiyasi proseslərin fonunda, Türkiyəyə qarşı təzyiqlərin artdığı, Azərbaycan uğrunda savaşın getdiyi bir ərəfədə iki türk dövlətinin rəhbərliyinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birgə toplantısını keçirməsi bəzi qüvvələrdə qıcıq yaradırdı. Ona görə də 17 fevralda olduğu kimi, bu dəfə də Ankarada dəhşətli terror hadisəsi törədildi və prezident Ərdoğanın Bakı səfəri əngəlləndi.  
 
Lakin qeyd etdiyimiz kimi, prezident İlham Əliyevin Ankaraya, qardaş ölkənin prezidenti ilə görüşə getməsi, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının yüksək səviyyədə baş tutması, mühüm sənədlərin imzalanması, eyni zamanda dünyaya bir sıra mesajların verilməsi son illərin mühüm hadisələrindən oldu. 
 
Türkiyə prezidenti R.T.Ərdoğan Azərbaycan dövlətinin və xalqının bu ağır gündə Türkiyənin yanında olmasını xüsusi vurğulamaqla bərabər, Azərbaycanın problemlərinin həllində də onunla bərabər olacağını bəyan etdi. Bu mənada hörmətli Ərdoğanın “Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik” mesajı Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyinə inamımızı artırmaqla bərabər, işğalçı və onu dəstəkləyən qüvvələrə ciddi bir mesaj oldu. 

R. T. Ərdoğan onun Azərbaycana, İ.Əliyevin Türkiyəyə gedən yollarını kəsməyə, iki qardaş dövlətin bir yerdə olmasına əngəl olanlara xəbərdarlıq edib. Bildirib ki, iki qardaş ölkə bundan sonra da bir yerdə olacaq. Qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları 1 il Azərbaycanda, 1 il Türkiyədə keçirilməyə davam edəcək. “İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı olacaq, o iclasda yenə görüşəcəyik. Aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbirlə əlaqədar Bakıda olacağam. Vaşinqtonda nüvə sammitində də bir araya gələcəyik”. Prezident Ərdoğanın bu mövqeyi Qarabağın azad olunması prosesinə hansı perspektivlər vəd edir? Bakı və Ankaranın bu birliyi Qarabağ məsələsində Azərbaycana nə verəcək?

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Ərdoğanın mövqeyi məhz Türkiyə üçün belə bir ağır siyasi və mənəvi, istərsə də hərbi gərginlik olan vaxtda başadüşüləndir: “Demək olar ki, Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri iki dövlətin münasibətinə, dostluğuna, tərəfdaşlığına, strateji portnyorluğuna bir möhür vurdu. Bu addım humanist olmaqla bərabər, həm də bir sıra dövlətlərə də mühüm mesajdır. Bu, biz bir yerdəyik, amalımız, məqsədimiz birdir, deməkdir. Təbii ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında mühüm regional məsələlərin də müzakirəsi aparıldı, Türkiyə-Suriya, Türkiyə-Rusiya münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və iqtisadi layihələri də bura aid etmək olar. Bütün bunları təbii ki, Türkiyə tərəfindən də daima Azərbaycana olan diqqətin təzahürü kimi başa düşmək lazımdır. Azərbaycanın mühüm layihə və problemləri ilə bağlı Türkiyə hər zaman Azərbaycanın yanında olub və istər BMT, istərsə də digər beynəlxalq qurumların yığıncaqlarında bizim haqq səsimizə səs verib. Məsələn, G-20 sammitinə Azərbaycanın dəvəti də təqdirəlayiq hal idi”. 
 
A.Nağıyev qeyd etdi ki, məhz bunlara görə də cənab Ərdoğan öz çıxışında aprelin 25-26-da Bakıda keçirilməsi nəzərdə tutulan mədəniyyətlərarası dialoqla bağlı tədbirlə əlaqədar Bakıda olacağını, bundan başqa, Vaşinqtonda nüvə sammitində də bir araya gələcəyini qeyd etdi: “Təbii ki, bu münasibəti bütün dünya dövlətləri də izləyir. Eyni zamanda Ermənistan və onun havadarları Türkiyənin Avropada artan nüfuzundan və onun Dağlıq Qarabağ münaqişəsinə təsir edə biləcəyindən narahatdırlar. Düşünürəm ki, bütün bunların hamısı regional siyasi və iqtisadi məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan üçün müsbət hal kimi dəyərləndirilməlidir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da verilən mesajları yüksək dəyərləndirdi: “İlham Əliyevin Ankaraya səfəri və Türkiyənin cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla fikir mübadiləsinin Qarabağ konteksti də var. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli dalana dirənib. Rəsmi Bakı ATƏT-in Minsk Qrupu həmsədrlərindən əlini tamamən üzüb. Belə olan halda yeganə alternativ ordunu gücləndirmək və cəbhə bölgəsində işğalçıya təzyiqi artırmaqdır. Bunun üçün isə Azərbaycan Türkiyə ilə hərbi strateji müttəfiqliyi gücləndirməlidir. Təsadüfi deyil ki, İlham Əliyev Rəcəb Təyyub Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında hazırda iki ölkənin hərbi hava qüvvələrinin birgə təlimlərini xatırlatdı. Elə ikitərəfli görüşdə də hərbi əməkdaşlıq genişləndirilməsi yolları, o cümlədən birgə hərbi istehsal mövzuları müzakirə olundu”. 

E.Şahinoğlu qeyd etdi ki, bütün bunların Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa aidiyyətı var:“Rusiyanın Ermənistanla hərbi ittifaqını gücləndirməsinə, işğalçı ölkədə hərbi bazalarını modernləşdirməsinə və İrəvana silah, hərbi texnika almaq üçün 200 milyon dollar kredit verməsinə rəsmi Bakının adekvat cavab verməsi zəruridir. Adekvat cavab isə Türkiyənin Cənubi Qafqazda siyasi və hərbi fəallığının artırmasına şəraitin yaradılmasından keçir. Ermənistanı ən çox bu amil qorxudur. Əlbəttə, hazırda Türkiyənin özünün də problemləri kifayət qədərdir, PKK qardaş ölkədə terror əsdirir, Suriya ilə sərhəddə toqquşmalar ara vermir. Ancaq Ankara onu da anlayır ki, Cənubi Qafqazda fəallığı azaltmaq olmaz. Əks halda Rusiya Cənubi Qafqazın tək hakimi olmağa çalışacaq. Yeri gəlmişkən, Türkiyə Cənubi Qafqazda bəlkə də Rusiyadan üstün durumdadır. Əgər Rusiya Cənubi Qafqazın yalnız bir dövlətini ayaqda saxlamağa çalışırsa, Türkiyə Ermənistandan dəfələrlə güclü Azərbaycan və Gürcüstanla strateji müttəfiqliyini gücləndirir. Digər tərəfdən, Rusiyanın mümkün təzyiqləri belə Bakı və Tiflisi Ankara ilə hərbi əməkdaşlığı inkişaf etdirməkdən çəkindirmir”. 
 
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri də günün əsas müzakirə mövzularındandır. Hətta son vaxtlar belə fikirlər tez-tez səslənir ki, Azərbaycan ərazilərini işğaldan azad etməyə qərar versə, Türkiyə öz ordusu ilə strateji müttəfiqinin yanında olacaq.  
“Bizim Türkiyə ilə hərbi əməkdaşlığımız hər il imzalanmış plana uyğun olaraq davam edir”. Bu fikirləri isə “Yeni Müsavat”a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirdi. Nazirlik rəsmisi qarşılıqlı səfərlərin də intensiv şəkildə həyata keçirildiyini dedi: “Hazırda da Konya şəhərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin ”TurAz Şahini-2016" birgə taktiki uçuş təlimləri uğurla həyata keçirilir. Eyni zamanda bizim həm Naxçıvan Muxtar Respublikası ərazisində, həm Bakıda birgə təlimlərimiz keçirilib". 
Qarabağ torpaqlarının azad olunması ilə əlaqədar hərbi əməliyyatlar başlanarsa, Türkiyə ordusu Azərbaycanla bərabər işğalçıya qarşı döyüşə bilərmi? V.Dərgahlı bu məsələni şərh etməyəcəyini deməklə kifayətləndi. 
Cia.az