Bir neçə gündür ki, bəzi yerli mətbuat orqanlarında Ukraynanın “Qordon” agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifovu bir üç ölkənin agenti olmaqda ittiham etməsi barədə məlumat müzakirə olunur.
Yuri Şvets Samir Şərifovun Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.
Bu fikirlər Azərbaycanda mətbuatında sensasiya ilə qarşılanıb. Lakin maliyyə nazirini ittiham edən Şvetsin hansı dəlil və sübutlarla bu iddiaları qaldırdığı məlum deyil. İqtidaryönlü deputatlar isə bunun Azərbaycan hökumətinə qarşı bir təxribat olduğu qənaətindədirlər.
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə hesab edir ki, bu həm Samir Şərifova, həm də Azərbaycana qarşı təxribat planının bir hissəsidir: “Əgər bundan sonra da Azərbaycan iqtidarında olan hər hansı şəxs haqqında və ya Azərbaycanın iştirak etdiyi hər hansı layihə ilə bağlı ”sensasiyalı" bir informasiya yayılsa, mən artıq buna da təəccüb etmərəm. Söhbət hökumətin aparıcı üzvlərindən biri haqqında, uzun müddət maliyyə sahəsinə rəhbərlik edən, müsbət mənada özünü göstərən bir nazir haqqında gedir. Sual olunur ki, niyə uzun müddət Rusiyanın təhlükəsizlik orqanlarında işləmiş və Putin əleyhinə müsahibə verən şəxs birdən-birə istiqaməti dəyişərək Azərbaycanın naziri haqqında fikir bildirməyə çalışır? Kim onu məcbur edir ki, məhz Azərbaycanın nazirinin adını çəksin. Samir müəllimin çox zəngin təcrübəsi var, o, müxtəlif sahələrdə işləyib. Hər bir sahədə özünü təsdiq edib. Ulu öndər Heydər Əliyevin dövründə məsul vəzifələrdə çalışıb. Hazırkı prezident İlham Əliyev artıq neçənci dəfədir ki, onu maliyyə naziri təyin edir. İndiki iqtisadi çətinliklərdə maliyyə sisteminin təkmilləşməsində böyük rol oynayır".
A.Mirzəzadənin fikrincə, indiki iqtisadi şəraitdə, neftin qiymətinin kəskin düşməsi halında və dünyada gedən maliyyə böhranında Azərbaycanın iqtisadi sabitliyini saxlaması kimlərinsə siyasi -iqtisadi maraqlarına cavab vermir: “Bu baxımdan onlar belə fikirlər yayırlar. Ola bilər ki, onlar üçün söhbətin maliyyə nazirindən və ya digər ölkənin digər iqtisadi strukturunun rəhbərindən getməsinin əhəmiyyəti yoxdur. Onlar başqasını da ittiham edə bilərdilər. Bu, Azərbaycana qarşı qurulmuş xüsusi bir oyundur və bununla da Azərbaycan daxilində qarşıdurma yaratmağa, hökumət üzvü haqqında mənfi fikir formalaşdırmağa çalışırlar. Ümumilikdə isə söhbət Azərbaycan iqtidarını hörmətdən salmaq planından gedir.
Azərbaycan cəmiyyəti kifayət qədər belə ssenarilər görmüş cəmiyyətdir. Ona görə də mən mətbuatı izləyirəm və görürəm ki, bu yalan ayaq tutub yerimədi, onlar öz mənfur məqsədlərinə çatmadılar".
Keçmiş maliyyə naziri Fikrət Yusifov isə bildirdi ki, bu, sadəcə, Samir Şərifovun nüfuzuna xələl gətirmək, onun reputasiyasını korlamaq üçün deyilən fikirdir: “Mən bu fikirlərdə hər hansı həqiqət görmürəm. Bu, təkcə Samir Şərifova yox, bütövlükdə Azərbaycan hakimiyyətinə ləkə sala, zərbə vura biləcək xarici qüvvələrin atdığı addımlardan biridir. Burada məqsəd ölkəmizi nüfuzdan salmaqdır. Samir Şərifov hökumətin üzvüdür, Azərbaycanın ən aparıcı nazirlərindən biridir. O, hökumətdə sıradan bir şəxs deyil. Ona qarşı aparılan bu kampaniya bütövlükdə Azərbaycan hakimiyyətinə yönəlib. Müəllifin kim olduğu və harada oturması bizə çox şey deyir”.
Cia.az
