|
Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə yeni Tvinninq layihəsinə start verilir

“Holiday Inn” otelində yeni Tvinninq layihəsinin açılış mərasimi keçirilib. Layihə mədəniyyət sektorunun normativ-hüquqi bazasının və idarəetmə sisteminin modernləşdirilməsinə yönəlib.

Dəyəri 1,2 milyon avro olan bu layihə Avropa İttifaqının (Aİ) büdcəsi hesabına maliyyələşdiriləcək.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: “Bu layihə ölkəyə turist axınını genişləndirməyə imkan verəcək. Buna görə də mədəniyyət obyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi böyük əhəmiyyət daşıyır. Bu, artıq bizim Avropa İttifaqının köməyi ilə reallaşdırdığımız ikinci Tvinninq layihəsidir. Birinci layihə Avstriya və Litvanın dəstəyilə turizm sahəsinin inkişafına yönəldilmişdi. Hazırkı layihə muzeylərin, kitabxanaların və s. mədəniyyət obyektlərinin idarəolunma sistemi üçün yeni effektiv modelin, habelə ölkənin mədəni irsinin mühafizəsi, qorunması və təqdimi üçün iş planının hazırlanmasını nəzərdə tutur. Azərbaycan mədəniyyəti sahəsində idarəetmə sistemi əsasən regionlarda təkmilləşdiriləcək”.

Benefisiar ölkənin layihə rəhbəri Vasif Eyvazzadə “Azərbaycanda mədəniyyət sahəsinin inkişafı üçün Tvinninq layihəsinin önəmi” mövzusunda məruzə edib. O qeyd edib ki, 24 ay müddətində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə 2 əsas istiqamətdə işləyəcək:

1. Azərbaycanda mədəniyyət sahəsi üzrə qanunvericilik, struktur və idarəçilik amillərinin nəzərə alınması ilə, ümumi sisteminin inkişaf etdirilməsi;

2. Milli mədəni irsin (o cümlədən maddi və qeyri-maddi irs, muzeylər və kitabxanalar) idarə olunma sistemi üçün yeni effektiv modelin hazırlanması və inkişaf etdirilmiş mədəni irsin mühafizəsi, qorunması və təbliği üçün aktual tənzimləyici iş planının təqdim edilməsi.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard vurğulayıb ki, Tvinninq Aİ qanunvericiliyi və inkişaf modelinin ən yaxşı təcrübələrini öyrənmək və tətbiq etmək üçün ölkələrə yardım məqsədilə hazırlanıb. Tvinninq aləti 2003-cü ildən etibarən bəzi yeni müstəqillik qazanmış Şərqi Avropa və Aralıq dənizi ölkələrində fəaliyyətə başlayıb. Ümumiyyətlə, 33 Tvinninq layihəsi həyata keçirilib. Hazırkı layihə zəngin mədəni irsə malik Azərbaycanla əməkdaşlığı əhatə edir. O deyib: “Biz bir-birimizi öyrənməliyik. İtaliyada Avropanın 28 ölkəsinin təcrübəsini ötürməyə hazır olan çoxlu mütəxəssislər var”.

Tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutilyo isə Azərbaycanın Avropa İttifaqı və İtaliyanın çox mühüm tərəfdaşı olduğunu diqqətə çatdırıb.

Tvinninq layihəsinin rəhbəri, İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Adele Cesi və digər çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihənin məqsədi ən yaxşı təcrübələri ötürmək, qanunvericilik sahəsində Avropa standartlarını və Azərbaycana məxsus incəlikləri nəzərə alaraq, təkmilləşdirilmə planını yaratmaq üçün üzv dövlətlərin hökumət orqanlarını və Azərbaycan qurumlarını bir araya gətirməkdir.

Cia.az