Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxanasının və 111 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə şair Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə “Bir şair ömrünü yaşatmaq üçün” adlı tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəbin direktoru Jalə Hacıyeva gələn qonaqları və şairi salamlayıb. Məktəbin dil-ədəbiyyat müəllimi Məlihə Əsədova və Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nəsibə Mehdiyeva şairin həyat və yaradıcılığından, keçdiyi ömür yolundan söz açıblar.
Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.
Tədbirdə 111 və 44 nömrəli məktəblərin şagirdləri şairin şeirlərini əzbər söyləyib, onun sözlərinə bəstələnmiş “Fikir eləmə”, “Çağır məni”, “Sən bağışladın” mahnılarını səsləndiriblər.
Sonda Nəriman Həsənzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və yeni yazdığı şeirlərini oxuyub.
