Novruz bayramının gəlişinə sayılı günlər qaldı. İndi hər kəs bayram bazarlığına hazırlaşır. Bəs bayramqabağı ənənəvi olaraq azərbaycanlıların masalarının üzərini bəzəyən məhsulların qiymətləri necədir? Virtualaz.org saytının əməkdaşlarının paytaxt bazarlarında apardığı müşahidələrə əsasən, ötən ayla müqayisədə market və bazarlarda bayram günləri süfrəyə düzüləcək nemətlərin qiyməti cüzi də olsa artıb.
Məsələn, 4 saylı bazarda (8 km bazarı) ötən ay 5 manata satışa çıxarılan qoz hazırda 7 manatadır. Fındıq 6-9 manat, şabalıd 5-11 manat, kişmiş 5-17 manat, fıstıq 12 manatadır.
Meyvə-tərəvəzin də qiyməti dəyişib. Məsələn, “Qızıl Əhmədi” alma sortu 3 manat 50 qəpiyə, Ağsu narı 2 manata, banan 2 manat 50 qəpiyə, kivi 2 manat 50 qəpiyə, Şəmkir pomidoru 2 manat 50 qəpiyədir.
“Təzə bazar”da isə Tovuz kartofunun qiyməti 1 manat 20 qəpikdən 1 manat 50 qəpiyədək təklif edilir. Təzə kartof 3 manat, yerli portağal 2 manat 20 qəpik, Şəmkir pomidoru 3 manat, “Ağadayı” üzümü 4 manat 50 qəpik, armud 3 manatdır. Qoz 6, fındıq 7 manata, şabalıd 7-8 manata satılır.
“Yaşıl bazar”da da qiymətlər fərqli deyil. Məsələn, kişmiş 7-12 manata, qoz 8 manata, təmizlənmiş qoz ləpəsi 25 manata almaq olar.
Bazarlarda nisbətən ucuz çərəzlər də tapmaq olar. Amma marketlərdə qiymət kifayət qədər bahadır. Məsələn, bazarlarda qoz ləpəsinin 1 kiloqramını 10 manata almaq olar. Marketlərdə isə qoz ləpəsi 15-25 manatdır. Doğrudur, marketlərdə də 10 manata qoz ləpəsi var. Amma məhsullar keyfiyyətinə görə fərqlənir.
“Bizim market” mağazalar şəbəkəsindəki qiymətlərə nəzər salaq: qoz (təmizlənməmiş) 11 manat 15 qəpik, ərik qurusu 10 manat 99 qəpikdən 12 manat 29 qəpiyədək, qara kişmiş 8 manat 45 qəpik, badam 15-30 manat, püstə 27-32, innab 4-8, iydə 7-8 manat, ərik qurusu 10 manat, qurudulmuş kivi 12 manat 58 qəpik, alma qurusu 8 manat. Marketdə şaftalı, gilas, alça da tapmaq olar. Məsələn, şaftalının 1 kiloqramını 29 manat 70 qəpikdən almaq olar.
Bazarlarda, marketlərdə bayramın simvolu olan xonçalar, səməni çeşidləri də var. Çindən gətirilən kukla şəkilli səmənilər 10 manata satılır. Bu səmənini istənilən formaya salmaq mümkündür. Şam, aypara şəkilli səmənilər 4-5 manatadır.
Bayram xonçalarının qiyməti isə 50 manatdan başlayır. “Bizim market” mağazalarında ləbləbi xonçası 85 manatdan 113 manatadəkdir. Çərəzlərin qiymətinə baxmayaraq, bayram süfrəsinin bəzəyi şəkərbura, paxlava, qoğalın qiyməti münasibdir. Şəkərbura 50, qoğal 40 qəpikdir. Paxlavanın isə 1 kiloqramını 10-11 manata almaq mümkündür.
Bayram bazarlığını kənd təsərrüfatı yarmarkasından etmək istəyənlər isə nisbətən ucuz meyvə-tərəvəz, çərəz ala bilər. Hazırda yarmarkada mal ətinin 1 kiloqramı 6, qoyun əti isə 7-8 manata təklif edilir. Kənd Təsərrüfatı Nazirliyinin müfəttişləri bayram ərəfəsi qiymətlərin artırılmamasına nəzarət edir.
Hər birinizə bol ruzi-bərəkət arzusu ilə.
Cia.az
