Rusiya prezidenti Vladimir Putinin ötən ilin payızında Suriyada hərbi əməliyyatlara başlaması nə dərəcədə qəfil və gözlənilməz oldusa onun əməliyyatları dayandırması da eyni dərəcədə gözlənilməz oldu.
Xəbər verildiyi kimi martın 14-də Putin müdafiə naziri Sergey Şoyqunu və xarici işlər naziri Sergey Lavrovu Kremlə çağıraraq onlara Suriyada hərbi əməliyyatların dayandırılması, əsas qüvvələrin martın 15-dən etibarən bu ölkədən çıxarılması barədə əmri çatdırıb. Putin əmri belə əsaslandırıb ki,Rusiya Hava-Kosmik Qüvvələri Suriyada qarşıya qoyulmuş vəzifələri əsasən yerinə yetiriblər və indi Rusiya öz qüvvələrini geri çəkməsi sülh prosesi üçün yaxşı şans yaradacaq.
Daha sonra Putin qərar barədə ABŞ prezidenti Barak Obamanı məlumatlandırıb. Kremlin açıqlamasında qeyd olunur ki, bu qərar bütün münaqişəli tərəflər üçün yaxşı siqnaldır və “real sülh prosesinin başlaması üçün” şərtlər yaradacaq.
Bəs Rusiya prezidentinin bu qəfil qərarının arxasında nə dayanır? Doğrudanmı Rusiya qüvvələri Suriyada qarşıya qoyulmuş vəzifələri yerinə yetirib və işini bitmiş saya bilər?
Bu suala cavab tapmaq üçün əvvəlcə həmin vəzifənin nədən ibarət olduğunu aydınlaşdırmaq lazımdır. Çünki Putin aviasiyanı Suriyaya göndərəndə əsas vəzifənin terrorçu qruplaşmalarla mübarizə olduğunu göstərmişdi. Doğrudur, Rusiya aviasiyasının zərbələri sayəsində terrorçu qruplaşmaların Dəməşqə doğru irəliləməsinin qarşısı alınıb, üstəlik Əsəd ordusu ölkənin şimalında bir qədər irəliləyə bilib və rəsmi rəqəmlərdə deyildiyi kimi 10 min kvadratkilometrlik əraziyə nəzarəti geri qaytarıb.Nəhayət İŞİD, “Əl-Nüsra Cəbhəsi” kimi radikal islamçı terror qruplaşmalarını əhatə etməyən atəşkəs razılaşması əldə edilib.

Ancaq Suriyada müharibə dayanmayıb və Əsəd rejimi üçün təhlükə qalmaqdadır. Rusiyanın məqsədi doğrudan da İŞİD-i zəiflətmək və ya məhv etmək idisə bu vəzifənin yerinə yetirildiyi haqda danışmaq mümkün deyil. İŞİD hələ də Suriyada böyük ərazilərə nəzarət edən, öz “paytaxtı” olan dəhşətli terror qruplaşması olaraq qalır. Hərçənd ki, Rusiyanın məqsədinin doğrudan da İŞİD-i məhv etmək olduğuna heç kim inanmırdı. Üstəlik bütün bu hərbi kampaniya ərzində Rusiya aviasiyasının zərbələrinin böyük qismi İŞİD-ə yox, qərbmeylli, yaxud “mötədil” müxalif qruplaşmalara yönəlmişdi. Rusiyanın aviazərbələri həmin qruplaşmaları doğrudan da zəiflətdi və Əsəd rejiminin mövqelərini xeyli gücləndirdi.Ancaq indi Rusiyanın öz qüvvələrini geri çəkməsi hər şeyin təzədən təkarlanmasına, bütün növ silahlı qruplaşmaların Rusiyanın çəkilməsindən ruhlanaraq yenidən müharibəni qızışdırmasına gətirib çıxara bilər.
Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer də Putinin qərarını şərh edərkə deyib ki, Rusiyanın hava-kosmik qüvvələrini geri çəkməsi Bəşər Əsədə qarşı təzyiqləri yenidən gücləndirəcək. “Əgər qüvvələrin geri çəkilməsi barədə qərar həyata keçirilsə bu, Əsəd rejiminə təzyiqləri artıracaq və onu Cenevrədə Suriya dövlətçiliyinin qorunub saxlanılması və bütün əhali qruplarının maraqlarının təmin olunması şərtləri çərçivəsndə ciddi sülh danışıqlarına başlamağa məcbur edəcək”-Ştaynmayer deyib.
Deyəsən Putin qəfil qərarının motivi də məhz bu-Əsədi real danışıqlar prosesinə sövq etməyə hesablanıb axı? Çünki Rusiyanın sayəsində mövqelərini bir qədər möhkəmləndirən kimi Əsəd Moskva ilə razılaşdırmadan parlament seçkilər təyin etdi, eyni zamanda bildirdi ki, ordu hücum əməliyyatlarını bütün əraziləri geri qaytaranadək davam etdirəcək. Əsədin bu bəyanatı dərhal Moskvada narahatlıq doğurdu. Rusiyann BMT-dəki səfiri Vitali Çurkin bəyan etdi ki, “tam qələbəyə qədər müharibə” Moskvanın planlarına uyğun deyil və Əsədin bu mövqeyi Suriya böhranının uzanmasından başqa heç nəyə yaramayacaq. Çurkinin sözlərinə görə,Əsəd Rusiyanın planı ilə hərəkət etsə Suriya böhranından “ləyaqətli çıxış yolu” tapıla bilər.

Analitiklər bunu dərhal Əsədin cızığından çıxması və Rusiyanın onun “ipini yığışdıması” kimi şərh etdilər. Doğrudan da Əsəd Rusiyanın sayəsində Qəzzafinin aqibətini yaşamırsa indi onun planlarından kənara çıxmaqla nə demək istəyir?
Haqqin.az saytının Suriya müxbirinin yazdığına görə Əsədin ordusu da Rusiyanın dəstəyindən arxayınlaşaraq “ağır işin altına” girmək istəmir.Məsələn, dəfələrlə Əsəd qüvvələrinin azacıq təhlükə yaranan kimi mövqelərini qoyub qaçması halları baş verib. Həmçinin Əsəd ordusunun komandirləri Rusiya hərbi təlimatçılarının göstərişlərinə əməl etmir və özbaşınalıq edirlər.
Digər tərəfdən Əsəd rejimi Cenevrə danışıqlarında maksimalist tələblər qoymaqla sülh prosesinin başlamasını çətinləşdirir. Məsələn, kürdlərin danışıqlarda tərəf kimi iştirakına Dəməşq güclü müqavimət göstərirdi. Və Putinin qüvvələri geri çəkmək barədə qərarı Cenevrə danışıqlarının növbəti raunduna bir gün qalmış elan edilib.Görünür Putin bununla Əsədə siqnal göndərir ki, Moskva onun öz oyununu oynamaq planlarına bundan sonra dözmək fikrində deyil. Əsəd real sülh prosesinə başlamalı və Rusiyanın onun əvəzindən illərlə döyüşəcəyinə arxayınlaşmamalıdır. Heç Suriya hərbi kampaniyasını illərlə davam etdirməyə Rusiyanın resursları da bəs etməz. Putin qarşısında daha böyük geosiyasi vəzifələr dayanır və o, bütün resurslarını Əsədə görə tükətmək niyyətində deyil...
