Region və dünya ölkələrində baş verənlər Azərbaycan cəmiyyətində də narahatlıqla izlənilir. Xüsusən qardaş Türkiyədə baş verən ardıcıl terror olayları, bu ölkənin paytaxtında ictimai yerlərdə partlayışların həyata keçirilməsi Azərbaycan insanını da sarsıdır. Azərbaycan isə region ölkələrində baş verən bu hadisələr fonunda təhlükəsiz və sabit bir ölkə sayılır. Lakin bu təhlükəsizliyin nə dərəcədə kövrək və ya möhkəm olması insanlarda sual yaradır: Ankarada baş verən terror Bakıda da ola bilərmi? Ölkəmizin təhlükəsizliyinə hansısa daxili və xarici təhdidlər varmı?
“Yeni Müsavat”ın suallarını şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan sabitliyini qorumağa çalışsa da, hazırda təhlükəsizliyimizi təhdid edən faktorlar az deyil: “Unutmayaq ki, Qarabağda bu sabitlik hər gün pozulur. Bu səbəbdən demək olmaz ki, Azərbaycanda tam sabitlikdir. Qarabağ münaqişəsi həll olunmayana qədər tam sabitliyin yarandığını söyləmək mümkün deyil. Düzdür, Azərbaycanda terror aksiyaları törədilmir, bu mənada güclü nəzarət var, bu da yaxşı haldır. Ancaq bu heç də o demək deyil ki, Azərbaycanda bu hadisə heç vaxt olmayacaq. Dünyanın ən böyük kəşfiyyata malik ölkəsi olan Amerika belə 2001-ci ildə böyük bir terrorla üz-üzə qaldı, 3 min vətəndaşını itirdi. Bu gün görürük ki, Türkiyənin ən çox qorunan şəhəri Ankara belə terrorçuların hücumuna məruz qalıb, mülki insanları hədəf seçib öldürürlər. Bu səbəbdən Azərbaycanda nə qədər nisbi sabitlik olsa da, o demək deyil ki, bu terrordan tam sığortalanmışıq. Bu səbəbdən tam təhlükəsizlik baxımından da düşünməliyik və təhlükəsizliyimizin artırılması ilə bağlı tədbirlər görməliyik”.

Politoloqun sözlərinə görə, Türkiyədə terror aksiyası törədən təşkilatlar Azərbaycandan heç də uzaq deyil və ölkəmizdə də onların üzvləri mövcuddur: “Terrorçu təşkilatlar, istər PKK, istər DAEŞ (İŞİD) bizdən o qədər də uzaq məsafədə deyil. Bunların Azərbaycanda da maraqları var, müəyyən qədər fəaliyyətləri var. Bu haqda məlumatlar da var. Təsadüfi deyil ki, Azərbaycanda nə qədər İŞİD-lə əlaqəsi olan insanlar ələ keçirilib. Bu mənada Azərbaycan çox həssas bir bölgədə yerləşir. Bundan başqa, Ermənistan kimi işğalçı bir ölkə ilə həmsərhədik. Bu ölkə də hər an Azərbaycana qarşı diversiya keçirə bilər. Bu hadisələri nəzərə alaraq, biz təhlükəsizliyimizin daha da gücləndirilməsi ilə bağlı düşünməliyik”
Azərbaycana yönəlik təhdidlərdən danışan ekspert vurğuladı ki, qonşu ölkələrdə baş verənlərin Azərbaycana da təsiri ola bilər: “Qonşu Suriya, İraq, Türkiyəyə yönəlmiş terror təhdidlərinin Azərbaycana da müəyyən təsirləri var. Birincisi, coğrafi baxımdan o qədər də uzaqda deyil. İkincisi, həmin o terrorçu təşkilatların Cənubi Qafqazda müəyyən maraqları var. Həmçinin Ermənistan terrorçu dövlətdir, ASALA kimi terrorçu təşkilatla əlaqəsi var. Üstəgəl, şimaldan və cənubdan da zaman-zaman bəzi təhlükələrlə üz-üzə qalırıq. Məsələn, bir neçə il öncə, Azərbaycanda ”Eurovision" mahnı yarışması ərəfəsində “Hizbullah”a bağlı bir neçə şəxs həbs edildi ki, onlar İsrail səfirliyində terror aksiyası törətmək istəyirdilər. Bütün bunlar onu göstərir ki, çox həssas bir məkandayıq və istənilən tərəfdən bizə təhlükə yarana bilər".

Elxan Şahinoğlu dünyanın ən təhlükəsiz və sabit ölkələrinin Skandinaviya ölkələri olduğunu vurğulayaraq, bunun təkcə daxili deyil, xarici amillərlə də bağlı olduğunu bildirdi: “Dünyanın ən sabit ölkələri Skandinaviya ölkələridir. Orada uzun zamandır terror hadisələri baş vermir. Həm də o ölkələrə qonşu olan dövlətlərdən də təhdidlər yoxdur, həyat rəvan gedir, inkişaf edirlər. Sonuncu belə hadisə, İsveçin baş nazirinin 1986-cı ildə qətlə yetirilməsi oldu ki, onun qətlinin üstü bu günə qədər açılmayıb. Bir də Norveçdə sağçı bir radikalın törətdiyi bir hadisə var idi. Lakin buna baxmayaraq, bu ölkələr, eləcə də Danimarka sabit ölkələr sayılır. Çünki ətrafda bu ölkələrə təhdid olacaq bir qüvvə də yoxdur. Lakin Azərbaycan özü nə qədər təhlükəsizliyi gücləndirməyə çalışsa da, ətrafda terror varsa, qonşu ölkələrdən təhdid varsa, bu sabitliyi əngəlləyir. Yəni tək özünün sabit olması yetərli deyil, gərək ətrafındakı ölkələrdə də sabitlik olsun ki, oradan sənə təhlükə gəlməsin”.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, dünyada milli təhlükəsizliyə və dövlət təhlükəsizliyinə bir neçə təhdidlər var: "Bu təhdid sıralayanda, iqtisadi, siyasi, təbii fəlakətlər, terror, dini radikalizm təhdidi və sair. Yəni təxminən 12 cür təhdid var. Bu təhdidlərin sayı 3-dən artıq olanda, dövlətlər təhlükəsizlik haqqında düşünməyə başlayır. Məsələn, Amerika 3 təhdid forması var idi, 11 sentyabr hadisələrindən sonra onlar dini radikalizmi də təhdid kimi qəbul etdilər və bu istiqamətdə müvafiq addımlar atdılar. Azərbaycan elə bir coğrafi mövqedə, elə bir geosiyasi məkanda yerləşib ki, həm də Şərqlə Qərbin vəhdət tapdığı bir nöqtədir. Yəni burada hansısa təhdidlərin olması təbii ki, qaçılmazdır. Unutmaq lazım deyil ki, Suriyadan 400 kilometr aralıda yerləşirik. Bir tərəfdən İran, bir tərəfdən Rusiyanın elə bir sərhədində yerləşirik ki, Şimali Qafqazda baş verən proseslər daim Azərbaycana təsir edir".
Politoloqun sözlərinə görə, hazırda Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır: “Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu bizim təhlükəsizliyimizə ən böyük təhdiddir. Bu baxımdan müəyyən dərəcədə narahatçılıq var və bu narahatçılığın qarşısını almaq üçün istər hüquq-mühafizə orqanları, istər hərbi qüvvələrimiz müvafiq addımlar atır. Yəni Türkiyə ilə və digər böyük dövlətlərlə müqayisədə Azərbaycan böyük dövlət deyil və bu təhlükəsizliyə təhdidlərin qarşısını almaq daha asandır. Dövlət qurumları bu istiqamətdə müvafiq addımlar atır və bu gün qorxulu heç nə baş vermir. Heç bir dövlət terrordan sığortalanmayıb. Lakin bunun qarşısını almaq üçün yerli sakinlər də dövlət orqanları ilə əlaqəli olmalıdır. Metropoliten, hava limanları, dəmiryolu və sair kimi strateji əhəmiyyətli yerlərdə ayıq-sayıqlığı əldən vermək olmaz”.
Cia.az
