|
Tənqid yaxşı şeydir – bir gün bizdə, bir gün sizdə…
“Mən tənqiddən qidalanıram, tənqid mənim inkişafıma səbəb olur...” Yəqin ki, nə zamansa özünüz də belə cümlələr sərf etmisiz. Ya da yanınızda bunu deyiblər. Amma etiraf edək ki, heç də hər zaman insanlar tənqidi sevə-sevə qarşılamayıblar. Bəzən ehtiyatla deyilən bir tənqid böyük insidentlərin, söz atışmalarının səbəbi olub. Eqosu özündən də böyük olan insanlar üçün bu aşağılama vasitəsi kimi qəbul olunub. Amma bununla paralel, eqo problemini aşmış insanlar üçün də davamlı tənqid xoşagələn bir hal deyil. 
TƏNQİDİ SEVƏN ADAM.... MAŞIN USTASINA BƏNZƏYİR 
Yaxşı, bəs insanlarımız niyə tənqidi özlərinə o qədər də yaxın buraxmır? Bəzən qadının öz ərinə, atanın öz uşağına dediyi yerində tənqid belə ciddi insidentə, dava-dalaşa, hətta uzun sürən küskünlüyə gətirib çıxarır. İnkişaf etmək, çevrədəkilərlə daha yaxşı ünsiyyət içində olmaq üçün bəzən deyilən tənqidləri dinləmək optimal variant deyilmi? 
Türkiyəli psixoloqların yazdığına görə, tənqid təkcə evlilik və sevgililikdə yox, həyatımız boyu münasibətdə olduğumuz bütün insanlarla problemə səbəb ola bilər. Sizə ancaq neqativləri çatdıran, tərif və təqdir əvəzinə, ancaq təmirçi ədası ilə sizi düzəltməyə çalışan, amma bitməyən bir təmir sürəci kimi bir durumdan danışırıq. Ümumiyyətlə, daim tənqidi ruhda olanları təmirçilərlə, ustalarla müqayisə edirlər. Məlum, bir təmirçi hər zaman təmir ediləcək yerə diqqət kəsilir. Əsasən də qüsurlu maşınları sevirlər. Çünki məhz onların sayəsində özlərini uğur qazanmış hiss edirlər və xarakterlərini yaşayırlar. Məhz həyatlarına aldıqları insanları da qüsurlu görmək və ya tərs xarakterli insanları seçmək kimi. 
 
TƏNQİD YOX, ONUN NECƏ DEYİLMƏSİ ÖNƏMLİDİR 
Əslində tənqid yaxşıdır, amma davamlı olanı yox. Tənqidin özündən daha çox, onun necə deyilməsi önəmlidir. Tənqid işin xeyrinə deyildiyi halda müsbət emosiya doğurur. Qalanı isə tənqid müəllifinin öz eqosunu sığallamasından başqa bir şey deyil. Davamlı tənqid xətti tutan insanlar isə həyata neqativ baxdıqları üçün əsasən xoşbəxtlik “səviyyələri” orta və ya aşağıdır. Bu da sosial araşdırmalar nəticəsində ortaya çıxıb. Belə olduğu zaman da bədbəxtliklərini həyatlarındakı insanlara və ya yaşantılara yükləyirlər. 
Daim tənqid xətti tutan insanların özəllikləri: 
 
Arxa planda daim tənqidçi bir valideyn var. Vaxtilə valideyni onu tənqid edib, o da valideynindən aldığı bu “miras”ı fərqində olmadan davam etdirir. 
Uşaq vaxt həddən artıq çox tənqid olunmuş, idarə edilmiş, bu səbəbdən də müstəqil qərar vermə qabiliyyətini itirmiş şəxslər daha çox tənqid xəttini tuturlar 
Ata və ananın uşağına həddən artıq önəm verməsi, bütün gözləntilərini doğrultması da həmin fərdin gələcəkdə narsist və qəddar bir tənqidçi olmasıyla nəticələnə bilər.
 
Tənqid etməyi sevən şəxslər zamanında daim tənqid olunduqları üçün özlərini davamlı təsdiqləmə, insanların razılığını almaq üçün cəhdlər edirlər. Amma bir məqam da var ki, tez-tez tənqid edən insanlar müəyyən zaman keçəndən sonra qarşı tərəfdəki insan üzərində təsirlərini itirirlər və ciddi qəbul olunmurlar. Hətta haqlı olduqları mövzularda belə kreditlərini doldurduqları üçün diqqət görmürlər. 

TƏNQİD EDƏNİ ÖZÜNDƏN AŞAĞI PİLLƏDƏ GÖRÜRSƏNSƏ… 
 
Psixoloqlar bu fikirdədir ki, insanlara tənqid elə də xoş təsir bağışlamır. Hər nə qədər tənqidlərə qarşı açıq olduqlarını dilə gətirsələr də, hər insan tənqidin məzmunundan çox kimin onu tənqid etdiyinə fikir verir. Tənqid edəni özündən aşağı pillədə gördükdə isə tənqid mahiyyətini dəyişir. Belə olan halda deyilən sözlər insanın yaxşılığını istəməkdən çox onun qüsurlarını üzə vurmaq kimi qiymətləndirilir. Bu isə iki insan arasında olan münasibətin zədələnməsinə səbəb olur.
 
İnsanın tənqidlərdən inciməməsi, tənqidi sağlam bir şəkildə həzm etməsi, başa düşməsi üçün diqqətli olmaq lazımdır. Diqqət isə əksər insanlarda ümumiyyətlə, olmayan bir keyfiyyətdir. Birinci şərt isə tənqidin gizli formada deyilməsidir. Aşkar, hər kəsin yanında insanı tənqid etmək onun utanmasına və sizə qarşı düşmən mövqeyinə keçməsinə səbəb olacaq ki, bu da münasibətin korlanmasına gətirib çıxaracaq: "Tənqid etməkdə məqsədimiz nədir? Birinci bunu aydınlaşdırmaq lazımdır. Biz həqiqətən də tənqid etdiyimiz insanın yaxşılığınımı istəyirik, yoxsa, sadəcə, onu danlayırıq? Yaxşılığını istəyiriksə, tənqidimiz qətiyyən başqa insanların əhatəsində dilə gəlməməlidir. Təklikdə, ikilikdə olarkən tənqid etmək, irad bildirmək daha yaxşıdır.
TƏNQİD TƏNQİD EDİLƏNDƏ STRESS YARADIR, ÇÜNKİ... 
 
Mənfi tənqidlərdə empatiya çatışmazlığı mövcuddur. Qarşıdakı insanın vəziyyəti nəzərə alınmır. Lazımi qədər empatiya qura bilən insanlarda mənfi tənqid çox az olur. Mənfiliyə fokuslanan və ümidsiz insanlarda çatışmayan cəhəti tapma həvəsi daha çoxdur. Hamının və hər hadisənin əskik və yanlışlıqları onlara təsir edir. Bikef və distimik (uzun müddətli kefsizlik halı) insanlarda iradi və ya qeyri-iradi ümidsizlik tənqidi çoxaldır. Bu vəziyyətdə insanlar içində olduqları durumu hiss etməyə bilərlər. Ətrafındakı insanlar bunu fərq etməli və belə insanlara kömək etməlidir. Məsələn, ümidsiz bir uşaq oynadığı yoldaşlarının ona qarşı olan normal münasibətini qəsd kimi dəyərləndirə bilər, beləliklə onları tənqid edər və sevilmədiyini düşünər. Bu durumda onu yaxından tanıyan insanlar onunla maraqlanmalıdır. Çox mükəmməlçi insanlarda, özünü və başqalarını davamlı dəyərləndirmə, xətaları tapıb meydana çıxararaq hər şeyin xətasız olmasını istəmə hərəkəti müşahidə edilir. Mükəmməlçi insanlar ətrafındakıların xətalarını taparaq stressin artmasına səbəb olarlar. Məsələn, mükəmməlçi bir ana, uşağının dörd almasını qəbul etməz, həmişə beş almasını istəyər. Bu isə uşaqda stressin artmasına, müvəffəqiyyətinin azalmasına gətirib çıxara bilər. Ən mükəmməli istəmək və gözləmək bəzi gözəlliklərin sönməsinə səbəb ola bilər.
 
Söylənən hər sözün qarşı tərəfdə bir əksi yaranır. Bu əks müsbət və ya mənfi ola bilər. Dəyərləndirməmişdən əvvəl nəyi nə üçün tənqid etdiyimizi və bunun nəticəsində kimin nə qədər faydalanacağını hesablamalıyıq. Söylədiklərimizlə sadəcə qarşı tərəfə mesaj verməklə kifayətlənməyib, o insanın qısa, orta və uzun müddətdəki davranışlarına da təsir etdiyimizi unutmamalıyıq. Müsbət üslubu saxlaya bilmədiyimiz dəyərləndirmədə qarşı tərəfə zərər verə bilərik.
 
Tənqid daha çox tənqid ediləndə stresə çevrilər, bu da insanların bir-birlərindən uzaqlaşmasına səbəb olar. Hər şeyi zərərli şəkildə tənqid edən insanların ailədə də tək olduqları hiss olunur. Heç kim ona öz dərdini danışmaq istəməz, çünki həmişə mənfi dəyərləndirməkdədir. Tənqid ilə birlikdə həmsöhbətdə incimə və xaricedilmə duyğusu yarana bilər. Bir insana davamlı əskik tərəflərini söylədikdə o insanın özü haqqında fikri mənfi istiqamətdə dəyişər. Özünü bacarıqsız hiss edər. Narahatçılığı artar. Narahatçılıq və stresi artan insanların da xətaları çoxalar. 
 
Tənqid ilə həmsöhbətin ya cəsarətinin azalaraq passivləşməsinə və yaxud daha da hiddətlənməsinə səbəb oluna bilər. Davamlı tənqid edilən insanlarda tənqid edilmə qorxusu ilə cəsarətsizlik baş verər. Tənqid edilən insan tənqid edənə hirsləndikdə aradakı dialoq pozular.
 
Bir insanın və ya şeyin bir çox gözəl cəhətləri olduğu halda, yalnız səhv tərəflərini aşkarlamaq haqlılıq və ədalətə münasib deyil. Tənqid edilən insanın gözəl tərəflərinin görülməməsi onun gözəl yanlarının azalması deməkdir. Bir bağçada onlarla gözəl çiçək olduğu halda sadəcə bir neçə yabanı ota ilişib qalmaq o çiçəklərin azalmasına səbəb olar. Davamlı tənqid edilən insanın kefsizləşməsi və özünə qapanması qaçınılmazdır.
 
Tənqid vərdişi dedi-qodu və qeybəti özü ilə birlikdə gətirər. Bu səbəblə tənqidə başlayan şəxs bir müddət sonra qeybətə yaxalana bilər.
Cia.az