Almaniyanın Köln şəhərində KASPİ-Azərbaycanlı Tələbələr Birliyi tərəfindən Novruz şənliyi təşkil olunub. Köln Universitetinin nəzdində 2015-ci ildən fəaliyyət göstərən birliyin əsas məqsədi bu təhsil ocağında və Şimali Vestfaliya əyalətində tədbirlər təşkil etməklə Azərbaycanın mədəniyyətini tanıtmaqdan ibarətdir.
Tədbirdə KASPİ-nin sədri Yunis Qurbanov və sədr müavini Nigar Rzayeva çıxış edərək Novruz bayramı haqqında məlumat veriblər. Köln Universitetinin beynəlxalq əlaqələr şöbəsinin təmsilçisi cənab Korn beynəlxalq tələbə birlikləri barədə danışıb, bayram tədbirinin təşkili üçün KASPİ-yə öz minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan haqqında qısa məlumat verilib və videoçarx göstərilib. Həmçinin qonaqlara milli mətbəximizdən nümunələr təqdim edilib.
Bundan əlavə, tədbirdə milli rəqs nümunələrimiz nümayiş olunub. Azərbaycanın milli “Sarı gəlin” və “Biz mehriban ailəyik” mahnılarını tədbir iştirakçıları birlikdə ifa ediblər. Yumurta döyüşündə və digər oyunlarda qalib gələnlərə Azərbaycandan gətirilmiş suvenirlər, kitab və jurnallar hədiyyə edilib.
Təxminən yüz nəfərin iştirak etdiyi tədbir bütün iştirakçılarda xoş izlər buraxıb.
Cia.az
