|
Neftlə bağlı görüş baş tutmaya bilər- ucuzlaşma gözlənilir...
Neftlə bağlı gözlənilən mühüm görüş baş tutmaya bilər. Belə ki, İran hasilatın azaldılması barədə təklifə “yox” cavabı verib. Bu cavab və görüşdən müsbət qərarın əldə olunmaması isə neftin qiymətlərini kəskin şəkildə ucuzlaşdıra bilər. 
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, İranın məlum açıqlamasında sonra neft ölkələrinin görüşü alınmaya bilər: “Əslində ilkin razılaşma belə idi ki, Rusiya ilə Səudiyyə ərəbistanı Qətərin Doha şəhərində qərara gəlmişdilər ki, neft hasilatı azaldılsın. Yəni hasilatı yanvar ayının 12-dəki səviyyədə saxlamaqla bağlı qərar verilmişdi. Bütün ölkələr buna qoşulmağa çağırılmışdı. Bir çox OPEK ölkələri də buna razılıq vermişdilər. Toplantı mart ayının 20-də Sankt-Peterburqda olmalı idi. Amma bir çox OPEK ölkələrindən belə açıqlama var idi ki, İran bu toplantıya qatılmasa, bunun bir anlamı qalmır. Çünki İranın iştirakı çox vacibdir. İran sürətlə neft hasil edə biləcək, həmçinin hasilatı artıra biləcək ölkələrdəndir. İranın da neft naziri çox kəskin şəkildə bəyan etdi ki, neft hasilatını sanksiyalardan öncəki səviyyəyə qədər, yəni gündəlik hasilatı 4 milyon barelə qədər qaldırdıqdan sonra məsələyə baxa bilər, qərara gələ bilər. İran bu gün 2,5 milyon barel neft hasil edir. Onu 4 milyon barelə qədər qaldırsa, bir milyon yarım əlavə neft deməkdir. Buna görə də İranın bu anlaşmaya qoşulmaması bu anlaşmanın ümumiyyətlə sual altında qalmasına səbəb olacaq. Məncə bu görüş martın 20-də baş tutmaya bilər. Baş tutmayacaqsa, bu, neft bazarına çox neqativ təsir göstərəcək. Qiymətlərin sürətlə yenidən 30 dollar səviyyəsinə düşməsinə səbəb ola bilər. Rəsmi Moskva da çalışacaq ki, heç olmasa, müəyyən bir toplantı baş tutsun və müəyyən anlaşma əldə olunsun ki, heç olmasa, bazara sözlü müdaxilələr etmək imkanı yaransın. Amma İranın olmadığı bir toplantı və anlaşma bu anlaşmanın özünü mənasız edir. Çünki təsəvvür edək ki, əgər ölkələr hasilatı yanvar ayı səviyyəsində saxlasalar, İran hasilatı artırmaqla bazarda olan bolluğu təmin edəcək. Ona görə də çox maraqlı bir durum yaranacaq. Güman ki, OPEK-İran danışıqları bununla fiaskoya uğrayacaq”. 
 
Son olaraq isə “Blumberq” agentliyi OPEK-dəki mənbələrinə istinadən məlumat yayıb ki, mart görüşü baş tutmaya bilər. Bildirilir ki, neft hasil edən ölkələrin növbəti görüşü bu ilin aprelində baş tuta bilər. “Hasilatın dondurulması ilə bağlı görüşün bu ay keçirilməsi gözlənilmir”,- OPEK-dəki 4 ölkənin nümayəndəsi deyib. Bundan əlavə, görüşün Qətərin paytaxtı Dohada və ya Rusiyada keçirilə biləcəyi bildirilir. Qeyd edək ki, bundan öncə görüşün martın 20-dən aprelin 1-dək Rusiyada keçiriləcəyi barədə məlumat yayılmışdı.
 
Fevralın 16-da Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətər neft hasilatını 11 yanvar 2016-cı il səviyyəsində saxlamaq barədə razılaşıb. Venesuelanın Neft naziri Euloxio Pino Ekvador, Əlcəzair, Nigeriya, Oman və Küveytin bu qərarı dəstəklədiyini açıqlayıb. Birjalarda isə neftin qiyməti 2014-cü ilin iyulundan ucuzlaşmağa başlayıb. Ucuzlaşmanın başlıca səbəbi kimi isə hasilatın çoxluğu göstərilir.
 
Qeyd edək ki, dünya bazarında neftin qiyməti son günlər artan xətt üzrə gedir. Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 44 dollar/barel olacağı gözlənilir. Yerli ekspertlər isə bildirirlər ki, hazırda qiyməti artıran amil OPEC və qeyri-OPEC ölkələri arasındakı toplantı və bununla bağlı bəyanatlardır. Yəni bu bəyanatlar neftin qiymətini süni surətdə artırır. Çünki bazarda yenə də tələb təklifi üstələyir. Yəni neftin qiymətinin artmasına təsir edən real bir məsələ yoxdur. 
Cia.az