|
“İşlək orfoqrafiya lüğəti” üzərində aparılan işlər müzakirə olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərəzinin elmi-bədii şurası növbəti iclasını keçirib.

Tərcümə Mərəzindən AZƏRTAC-a bildirilib ki, iclasda nəşrə hazırlanan “Azərbaycan ədəbiyyatı antologiyası”nın mündəricatı və “İşlək orfoqrafiya lüğəti” üzərində aparılan işlər müzakirə edilib.

Mərkəzin direktoru Afaq Məsud bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycan ədəbiyyatının dünyada tanıdılması məqsədilə “Müasir Azərbaycan ədəbiyyatı” antologiyasının müxtəlif dillərdə və formatlarda nəşrini və təbliğini həyata keçirir.

O deyib: “Antologiyanın rus dilində Moskvada nəşri artıq baş tutub. Moskva Yazıçılar Birliyinin iştirakı ilə geniş təqdimat mərasimi keçirilib və kitablar ölkənin aparıcı kitabxanalarına və təhsil ocaqlarına paylanılıb. Hazırda kitab ərəb dilində Misirdə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşrə hazırlanır, ingilis, alman, fransız və ispan dillərinə tərcümə edilir və həmin ölkələrdə nəşrinə dair danışıqlar aparılır. Nəzərinizə təqdim olunan bu siyahı antologiyanın Azərbaycan versiyasının mündəricatıdır və göründüyü kimi, xarici ölkələr üçün nəzərdə tutulan formatdan daha geniş və əhatəlidir. Məsələ burasındadır ki, milli ədəbiyyatımızı dünyaya tanıtdırmaq məqsədilə müxtəlif dillərə tərcüməsinə başlayarkən, belə məlum oldu ki, bu işi həyata keçirmək üçün istifadə olunacaq, bəhrələnəcək mənbənin özü, yəni hər bir ölkənin ədəbiyyatının vizit vərəqəsi olan belə bir nəşr Azərbaycanda da yoxdur və nə qədər qəribə də olsa, heç olmayıb da. Odur ki, bu nəşrin Azərbaycan dilində də hazırlanmasının vacibliyi gündəmə gəlib”.

Sonra şura üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov, professorlar Cəlil Nağıyev, Vilayət Hacıyev, Paşa Kərimli, şair Ramiz Rövşən kitaba daxil edilməsi qərara alınan ədiblərin və əsərlərin seçimi ilə bağlı öz fikirlərini söyləyib, təklif və tövsiyələrini bildiriblər. Antologiyanın, qədim dövrlərdən başlayaraq, müasir ədəbiyyatı əhatə edəcək, daha geniş formatda, üç cilddə tərtib edilməsi qərara alınıb.

Sonra Tərcümə Mərkəzi tərəfindən nəşrə hazırlanan “İşlək orfoqrafiya lüğəti” və hazırda istifadədə olan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə çıxarılan sözlərin təsnifatı müzakirə olunub.

Görülən işi vacib sayan Nizami Cəfərov bildirib ki, 1958-ci ildə ilk “Orfoqrafiya lüğətimiz” çap olunub. “Bu lüğət öz dövrü üçün müasir bir kitab idi. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında tərtib edilmiş o lüğətdə 40 min söz vardı. Sonra 60 min, daha sonra 80 min sözdən ibarət lüğətlər tərtib edildi. Sonra bu sözlərin sayı gəlib çıxdı 100 minə. Mən inanmıram ki, o sözlərin hamısı dilin özünün yaratdığı yeni sözlərdir. Burada prinsip nə oldu: bir az qondarma sözlər artırdılar, bir az dialekt sözlər, bir az hallanma artırıldı. Hallanma, ümumiyyətlə, orfoqrafiya lüğəti deyilən bir kitabda olmamalıdır. Dünyanın hansı lüğətini açırsınız-açın, orada belə şey yoxdur. “Abad”, “abadlaşmaq”, “abadanlaşmaq”, “abadanlaşdırmaq” və sair və ilaxır. Əgər bütün sözləri hallandırsaq, onda 100 min yox, bir milyon söz əmələ gələcək. Sizinlə tam razıyam. Lüğətdən çıxarılması vacib bilinən bu sözlərin hamısı oradan çıxarılmalıdır. Digər vacib məqam - orfoqrafiya qaydalarımıza diqqətlə yanaşılmasıdır”,- deyə akademiyanın müxbir üzvi vurğulayıb.

Sonra şura üzvləri hazırlıq prosesində olan yeni orfoqrafiya lüğəti ilə bağlı mülahizə və təkliflərini səsləndirib, ədəbi Azərbaycan dilinin düzgün yazılış qaydasını müəyyən edən bu lüğətə uyuşmayan və bu səbəbdən kitabda yer alması mümkün olmayan minlərlə sözlə bağlı fikirlərini bölüşüblər. Sonda “İşlək orfoqrafiya lüğəti”nin istifadə qaydalarını müəyyən edəcək “Ön söz”ün hazırlanması və bu işə, dil və lüğət sahəsində təcrübəsi olan mütəxəssislərin cəlb edilməsi qərara alınıb.

Cia.az