Bir neçə ildir ki, ölkə iqtisadiyyatı ilə bağlı “yol xəritəsi”nin hazırlanması barədə iqtisadçı ekspertlər tərəfindən təkliflər səsləndirilsə də, hökumət hələ indi bu barədə hazırlıqlara başlayıb. Artıq Azərbaycan iqtisadiyyatının “Strateji yol xəritəsi” hazırlanır.
Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bununla bağlı bildirib ki, orta və uzunmüddətli dövr üçün Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərə uyğun olaraq artıq bütövlükdə milli iqtisadiyyatın və onun əsas prioritet sektorları üzrə “Strateji yol xəritəsi”nin hazırlanması işlərinə start verilib.
N.Əmirovun sözlərinə görə, burada iqtisadiyyatın aparıcı sektorları, habelə zəruri iqtisadi infrastrukturun yaradılmasına xidmət edəcək dəstəkləyici sektorların inkişaf strategiyasının düzgün müəyyən edilməsi, iqtisadi artımın dayanıqlığının təmin edilməsi əsas məqsədlərdəndir: “Dövlət başçısının rəhbərliyi ilə müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanacaq ”Strateji yol xəritəsi"nin icrası nəticəsində biz sahibkarlarla birlikdə iqtisadi islahatlar və inkişafın mahiyyət etibarı ilə yeni bir modelini- Azərbaycan modelini daha da inkişaf etdirmiş olacağıq. Azərbaycanı investorlar üçün ən cəlbedici ölkələrdən birinə çevirmək niyyətindəyik".
Ekspertlər isə bildirirlər ki, hökumət iqtisadi islahatlarla bağlı “yol xəritəsi”nin hazırlanmasında xeyli gecikib. Amma vəziyyətin düzələcəyinə hələ ümid var. Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu cür xəritə iki il əvvəl hazırlanmalı idi: “İndi də çox yaxşı olardı ki, hökumətə göndərilən çoxsaylı təkliflər nəzərə alınsın. Çünki bu vaxta qədər müxtəlif ekspertlər tərəfindən dəfələrlə, onlarla təklif verilib. Amma ilkin olaraq onu deyim ki, hökumət çox gecikib. Artıq bu xəritə 2014-cü ildə hazırlanmalı, bitirilməli idi. Bu müddət ərzində də yerinə yetirilməli idi. Ciddi problemlərin olacağı hətta 2014-cü ildən bəri mətbuatda da, ictimai rəydə də artıq formalaşmış bir fikir idi.
Ekspertlər tərəfindən dəfələrlə söylənmişdi. İndi hər har hansı ”yol xəritəsi"nin olması çox vacibdir. Gecikmiş də olsa, yaxşıdır. Amma detalları barədə çox təəssüf ki, indiyədək heç bir məlumat verilməyib. Düşünürəm ki, tək iqtisadi “yol xəritəsi” ilə vəziyyətin düzəldilməsi mümkünsüzdür. Artıq idarəetmə islahatları ilə paralel olaraq iqtisadi islahatlar da getməlidir. İdarəetmədə ciddi dəyişiklik olmasa, müəyyən struktur islahatlar getməsə, iqtisadi sahədə hər hansı bir addımların atılması mümkünsüz görünür. Məsələn, biz əgər ölkədə ciddi investisiya mühiti yaratmaq istəyiriksə, xarici kapitalı cəlb etmək istəyiriksə, daxili investorları təşviq etmək istəyiriksə, ilk baxışdan iqtisadiyyata aid olmayan məhkəmə sistemini birinci növbədə düzəltmək lazımdır. Məhkəmə sistemi ədalətli qərarlar çıxarmalıdır.
Mülkiyyət toxunulmazlığı təmin olunmalıdır ki, investorlar üçün bir qarant yaransın. Bu, ilk baxışdan iqtisadi artım deyil. Amma iqtisadiyyata birbaşa dəxli var. Görünən odur ki, tək iqtisadi “yol xəritəsi” ilə düşdüyünüz bu ağır iqtisadi durumdan çıxmaq çətin olacaq. Ona görə də hökumət heç olmasa bu sahədə gecikməsin. Paralel olaraq həm iqtisadiyyatda “yol xəritəsi” ilə bərabər, siyasi islahatlarda da, idarəetmə islahatlarında da addımlar atmalıdır. Bu addımlar bir-birinə paralel gedib və bir-birini tamamlamalıdır. Təəssüf ki, bununla bağlı heç bir addımlar atılmır. Hətta iqtisadi “yol xəritəsi”nin özünün olması ilə bağlı və yaxud işin getməsi ilə bağlı biz bu günlərdə məlumat əldə edə bildik. Çox təəssüf doğuran bir haldır. Amma ən azı indi gecikmədən bütün sahələrdə, həm idarəetmədə, həm məhkəmə sahəsində ciddi islahatların olacağı bir paket və iqtisadi islahatlar da bunu tamamlayıcı bir şəkildə hazırlanmalı və ictimai müzakirəyə çıxarılmalıdır. Çünki ictimai müzakirələr olmasa, hökumətin bu günə qədər etdiyi yanlışların davamını görəcəyiksə, bu, heç bir effekt verməyəcək".
Ekspert Qadir İbrahimli isə qeyd edib ki, hökumətin böhrandan çıxmaq üçün addımlar atması gec deyil:“Hələ imkanlar itirilməyib. Hökumət indi addımlar atmağa başlasa, böhranı yaxın bir-iki ildə aradan qaldırmaq mümkün olacaq. Hələ imkan var. Maliyyə imkanları da, başqa təbii resurslar da var. Sadəcə ümumi şəkildə hökumət bir sıra fundamental məsələləri həll etməlidir. Yəni ”yol xəritəsi"nin özəyində həmin fundamental məsələlərin həlli əksini tapacaqsa, təbii ki, proses həyata keçirilə bilər, uğurlu da ola bilər, iqtisadiyyat da bundan faydalana bilər. Bu fundamental şərtlər mülkiyyət toxunulmazlığının təmin edilməsidir. İlk növbədə Azərbaycanda kapitalın sərbəst hərəkətinə və təhlükəsizliyinə təminat verilməli, mülkiyyət toxunulmazlığı təmin olunmalıdır. İkinci addım kimi ölkədəki həm idxalda olan, həm istehsalda olan monopoliyanın aradan qaldırılması əsas prioritet olmalıdır. Ümumiyyətlə, geniş istehsalın özündə monopoliyalar ləğv olunmalıdır. Hökumətin emal sənayesini, kənd təsərrüfatının inkişafı ilə bağlı konkret addımlar olmalıdır. Bank islahatları həyata keçirilməlidir. Bank islahatları həyata kçeirilməsə, iş adamlarına kredit resurlsarına əlçatanlığı təmin edilməsə və bu kimi fundamental məsələlər həllini tapmasa, onda istənilən “yol xəritəsi”, islahat, tədbirlər paketinin hamısı kağız üzərində qalacaq".
Cia.az
