|
“Bu, tək Rusiyanın deyil, bütün dünyanın problemidir”
Türk dünyasının tanınmış diplomatlarından olan Hikmət Çətinlə bir  il sonra yenidən görüşdük. Ötən il keçirilən 3-cü Qlobal Bakı Forumunda görüşüb “Yeni Müsavat” üçün müsahibə almışdım. Bu  dəfə, Bakının ev sahibliyi ilə reallaşan növbəti Forumun dəvətliləri sırasında olan təcrübəli diplomatla köhnə tanışlar kimi görüşdük. 
1991-1994-cü illərdən Türkiyə xarici işlər naziri, 1997-1999-cu illərdə isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri kimi çalışan Hikmət bəy sonrakı dönəmlərdə NATO-nun sivil təmsilçisi kimi də çalışıb. ATƏT-in Minsk Qrupunun yaradılması prosesində şəxsən iştirakçı olmuş sabiq nazirlə bölgənin problemlərindən danışdıq. Onu da qeyd edim ki, H.Çətininin kifayət qədər  nüfuz sahibi olması söhbətimiz boyu ona yanaşıb mehriban salamlaşan, hal-əhval tutan əcnəbi təmsilçilərin çoxluğundan da aydın görünürdü. Etiraf edim ki, Hikmət bəylə budəfəki söhbətimiz soyadına uyğun oldu... Cənab Çətin təcrübəli diplomat olmasına rəğmən ifadələrində olduqca ehtiyatlıdır, danışarkən kimsənin xətrinə dəyməməyə çalışır, hətta bəzi suallarımızı cavablandırmamağa üstünlük verdi. Biz də anlayışla qarşıladıq. 
 
- Hikmət bəy, sizinlə 2015-ci ilin yazında görüşmüşdük,  “Yeni Müsavat” qəzeti üçün fikirlərinizi almışdım. O zaman 3-cü Qlobal Bakı Forumu çərçivəsində dünyanın problemlərindən geniş bəhs etmişdiniz, müzakirələr aparmışdınız. Necə bilirsiniz, bir il öncə ilə müqayisədə dünyada nələr dəyişib?
 
- Bir il öncə ilə müqayisədə daha pessimist bir dünya ilə qarşı-qarşıyayıq. Orta Şərqdə terror daha da genişləndi, Suriya hadisələri həll olunmadı. Üstəlik, Suriya hadisələri sadəcə bölgədə deyil, qaçqın və insan haqları məsələlərinə görə Avropanı və bütün dünyanı maraqlandıran bir hala gəldi. Eyni zamanda, terror olayları, qaçqın məsələsi daha təhlükəli mərhələyə adladı. Dünya bir il əvvəllə müqayisədə daha təhlükəsiz və barışcıl nöqtədə deyil. Mövcud problemlər də çözülmədi. Donmuş problemlər də var, məsələn, Qarabağ məsələsi, Kipr problemi, Gürcüstandakı münaqişələr həllini tapmadı. Mövcud problemlər nəinki həll olunmadı, hətta bura yeniləri əlavə olundu.
 
- IV Qlobal Bakı Forumunda dünyaya mühüm mesajlar verildi. Siz Forumun önəmi barədə nə deyə bilərsiniz? 
 
- Təbii ki, önəmi böyükdür. Qlobal çağırışlarla üzləşdiyimiz bir vaxtda bizi sülh, rifah və ədalət dünyasına bir addım daha yaxınlaşdıra biləcək fikir və ideyaların mübadiləsi liderlər üçün çox vacibdir. Qlobal Bakı Forumu bu problemləri müzakirə etmək, yeni təşəbbüslər, təkliflər irəli sürmək üçün böyük imkandır. Biz də bu imkanları dəyərləndirməyə çalışdıq.

- Azərbaycanın strateji müttəfiqi, qardaş Türkiyənin özü də bu od-alovun içindədir, elə Forumda da müzakirələrin bir parçası oldu. Türkiyə ilə bağlı gözləntiləriniz nədən ibarətdir? 
 
- Türkiyə ən sıxıntılı zamanını yaşayır. Suriya hadisələrindən ən çox narahat olan ölkələrdən biri Türkiyədir. Həm terror təhlükəsi, həm də qaçqın məsələsinə görə Türkiyə prosesləri həssaslıqla izləyir. 
 
- Avropa Birliyi Türkiyə ilə anlaşmış kimi görünür, hətta Ankaraya bəzi üstünlüklər tanınıb. Viza rejiminin aradan qaldırılacağı, Türkiyəyə 3 milyardlıq yardım ediləcəyi barədə qərarlar var. Bu münasibətlərin perspektivləri barədə nələr deyə bilərsiniz? 
 
- Mənim qənaətim budur ki, Avropa Birliyi məsələyə yalnız qaçqın prizmasından baxır. 
 
- Siz Forumdakı müzakirələrdə Suriya hakimiyyətinin bundan sonra xalqa və dövlətə rəhbərliyini mümkün saymadığınızı, eyni zamanda, Suriyanın bütövlüyünün qorunmalı olduğunu dediniz...
 
- Bəşər Əsəd bu qədər ölümlərdən sonra hakimiyyətdə qala bilməz. Amma onun adamlarını da Əsədlə bərabər hakimiyyətdən qovmaq mümkün deyil. 

- Ancaq burada söz sahiblərindən biri Moskvadır. Suriyada hərbi mövcudluğunu saxlayan Rusiya hesab edir ki, Suriyanın taleyi Bəşər Əsədlə danışılmalıdır. Demək, bu gərginlik hələ uzun müddət sürəcək, eləmi?
 
- Əgər Əsədin adamlarının da qalması şəraitində hakimiyyət qurulması məsələsi razılaşdırılacaqsa, Rusiya da razı qalacaq. 

- Rusiya razılaşacaqmı? 
 
 

“O zaman Bakıda getməyə otel, restoran belə yox idi”

 
- Ola bilər ki, razılaşsın. Mən belə anlayıram ki, Rusiya “öncə Əsəd getsin, sonra danışaq” şərtini qəbul etmir. Bir anlaşmanın yekununda Əsədin hakimiyyətdən getməsi məsələsi olarsa, Rusiya da bunu qəbul edər. Rusiyanın mövqeyi budur ki, yeni bir konstitusiya hazırlansın, Bəşər Əsəd də yenidən seçkilərə girib seçilərsə, onu qəbul etmək lazımdır. Ancaq bunun qarşılığında dünya deyir ki, yox, Əsəd olmasın. 

- Hikmət bəy, ötən 25 ildə Qarabağ münaqişəsinin sülhlə həlli mümkün olmadı. Təcrübəli diplomat olaraq bu problemin həllini necə görürsünüz? 
 
- Məncə, dünyanın buna aktiv yanaşması, daha fəal hərəkət etməsi lazımdır, başda Amerika olmaqla. Yəni qan tökülmür deyə, bu iş belə buraxıla bilməz.
 
- Ancaq fakt budur ki, Qarabağda vaxtaşırı qan da tökülür, qarşılıqlı itkilər də olur...
 
- Təbii ki, itkilər var, atəşkəs pozulur, amma böyük savaş yoxdur. Böyük savaşın baş verməməsi üçün münaqişənin həll olunması lazımdır. Əks təqdirdə, bölgəyə barış gəlməyəcək. 
 
- ATƏT-in Minsk Qrupu faktiki fəaliyyətsiz, ölü bir quruma çevrilib. Bu qurumla bağlı düşüncələriniz nədən ibarətdir?
 
- Mənim fikrimcə, Minsk Qrupu effektiv deyil. Onun yenidən canlandırılması lazımdır.
 
- Necə? 
 
- Təbii ki, yenə də işin işində Amerika və Rusiya olacaq.  Amma Türkiyənin də Qarabağ məsələsinin həlli prosesində yer alması lazımdır. Yeni bir formatla, yeni bir güclə bu problemin çözülməsi prosesinə başlanmalıdır. Mərhələli şəkildə problemin həllinə başlamaq lazımdır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğal altındadır. Bunlar yüzdə-yüz Azərbaycan torpaqlarıdır. Bu rayonların ikisi, Kəlbəcər və Laçın Dağlıq Qarabağı Ermənistana bağlayan dəhlizdir. Yaxşı bir niyyət olaraq dünya Ermənistanı əvvəlcə 5 ətraf rayonu boşaltmağa vadar etməlidir. Bir gündə bütün işlər görülməyə bilər. Amma yaxşı bir niyyət kimi, barış nümunəsi kimi bəzi rayonların boşaldılmasına gedilə bilər. O rayonlar dağıdılıb, məhv edilib. Azərbaycan  o əraziləri eyni zamanda Dağlıq Qarabağla bağlı məsələ də müzakirə edilər.  
- Lakin Suriya hadisələrində əsas maneəyə çevrilən amil burada da öz sözünü deyir. Rusiya birmənalı şəkildə Ermənistanın hərbi müttəfiqidir. Zərurət yaranarsa, Türkiyə bu mənada Azərbaycana hərbi yardım göstərə, Qarabağın hərbi yolla azad edilməsi prosesinə qatıla bilərmi?
 
- Mən hərbi müdaxilənin çözüm yolu olduğu qənaətində deyiləm. Bu məsələ yalnız sülh yolu ilə həll edilməlidir. Bu məsələ əsgəri yolla həll edilə bilməz. 
 
- Hikmət bəy, Rusiyanın keçmiş baş naziri Viktor Zubkov çıxışınıza yüksək qiymət verdi, hətta sizi nümunə kimi göstərib təşəkkür etdi. Onun bu jestini necə dəyərləndirdiniz?
 
- Mən həmin müzakirələrdə iştirak etmirdim. Onun nələr danışdığından da xəbərim yoxdur. Mən bu mövzuda danışmaq istəmirəm.

- Ermənistan və Rusiya prezidentlərinin görüşü Bakı Forumu ilə üst-üstə düşdü. Bəzi müşahidəçilər bunu Bakı Forumu təmsilçilərinə yönəlik mesaj sayır. Razılaşmaq olarmı?
 
- Konkret bir fikir söyləyə bilmərəm. Əgər bölgədə barış və əmin-amanlığın təmin olunması istənilərsə, insanların, ölkələrin bütün fəaliyyəti xalqların rifahına yönəldilərsə, o halda barış yolu ilə Qarabağ problemi həll olunmalıdır. Bu problemin həllinə bölgədəki bütün ölkələrin ehtiyacı var. Qarabağ məsələsinin uzanması heç kəsə faydalı deyil. Bundan ən çox zərər görən də Ermənistanın özüdür. Putin və Sərkisyanın öz aralarında nələr danışmasından isə xəbərim yoxdur.

- Siz deyirsiniz ki, Rusiya problemlərin həll prosesinin içərisində olmalıdır. 
 
- Bəli, olması lazımdır. 

- Qarabağ məsələsinin tənzimlənməsi prosesində də Rusiyanın mövcudluğu faktdır. Amma daha çox status-kvonun saxlanmasında maraqlıdır. 
 
- Amma altında Rusiyanın da imzası olan BMT Təhlükəsizlik Şurasının qətnamələri var. 
 
- Qətnamələrin olması bu illərdə vəziyyəti zərrə qədər dəyişməyibsə, necə?
 
- Bəli, dəyişməyib. Amma bu, dünyanın problemidir. 
 
- Yəni Rusiyanın deyil?
 
- Təbii ki, bu, tək Rusiyanın deyil, bütün dünyanın problemidir. Bütün ölkələrin bu problemi barış yolu ilə həll etməsi, BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsi üçün gərəkən fəaliyyətə keçməsi lazımdır. 

- Hikmət bəy, artıq bir neçə gündür Bakıdasınız. Azərbaycan, onun paytaxtı barədə fikirləriniz necədir? Yeri gəlmişkən, neçənci dəfədir Bakıya səfər edirsiniz? 
 

“Rusiya “öncə Əsəd getsin, sonra danışaq” şərtini qəbul etmir”

 
- (gülərək) Sənin yaşın qədər buraya gəlmişəm. 1992-ci ilin əvvəlində ilk dəfə Azərbaycana səfər etmişəm.  Özü də ən çətin dönəmlərdə bura gəldim. Onda vəziyyət bugünkü kimi deyildi...O zaman Bakıda getməyə, otel, restoran belə yox idi. Çox ağır günlər idi, müharibə bölgəsindən insanların cənazələri gəlirdi, o dönəmlərdə gəldim. Qaranlıq bir dönəm idi. Mən burdakı inkişafı hər kəsdən çox gözləyirdim. Çünki mən Azərbaycanın müstəqilliyinin ilk illərini də şəxsən görmüşəm, bu gün də müşahidə aparıram. Azərbaycanda, Bakıda inanılmaz dəyişikliklər olub. Bu gün dünya ilə bütünləşmiş, müasir və hər kəsin diqqətini çəkən bir Bakı şəhəri, Azərbaycan dövləti var.

- Bəs, Bakıdan kənar bölgələrdə olmusunuzmu? 
 
- Təbii ki, olmuşam, gedib gəzmişəm. Əvvəllər də getmişdim. Bir səfərim zamanı cənab prezidentlə söhbət edərkən bu mövzuda söhbətimiz oldu, Bakının xeyli inkişaf etdiyini söylədim. Prezident bu sözlərimin qarşılığında dedi ki, Bakıdan kənara da çıxın, bölgələrimiz də çox gözəldir. Getdim, gözəlliyi, inkişafı gördüm... 
 
- Türkiyə hökuməti sizi mövcud komandada görmək istəsə, hər hansı postu tutmaq, yaxud elə xarici siyasət idarəsinə rəhbərlik etmək istərsinizmi? 
 
- Xeyr.  Mənim elə bir istəyim, yaxud niyyətim yoxdur.
musavat