Dollar, avro və qızılın qiyməti yenidən artıb. Azərbaycan Mərkəzi Bankı martın 11-nin valyuta məzənnələrini açıqlayıb. Dolların məzənnəsi yenə qalxıb. Belə ki, dünən ABŞ dollarının rəsmi məzənnəsi 1,6456 manat təşkil edir.
Prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə “Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi” mövzusunda keçirilən konfransda bildirib ki, hazırda Mərkəzi Bankın manatın məzənnəsinə təcili müdaxilə edə biləcək bir hal yaşanmır.
“Manatın məzənnəsinə təsir edən əsas faktor idxalın səviyyəsidir və idxalın səviyyəsindən asılı olaraq manatın məzənnəsi dəyişə bilir. İdxalın səviyyəsi artdıqca, manatın məzənnəsi zəifləyir, idxal azaldıqca manatın dəyəri artır. Üzən məzənnənin məqsədi odur ki, manat öz yerini tapa bilsin. Hal-hazırda Mərkəzi Bankın manatın məzənnəsinə təcili müdaxilə edə biləcək bir hal yaşanmır. Manatın məzənnəsi ilə bağlı hər-hansı ”qırmızı xətt" yoxdur və ola bilməz. Məzənnəni bazar müəyyənləşdirir. Ümumilikdə, təbii ki, iqtisadiyyata zərər verə biləcək bir hədd dövlət üçün hər zaman var və o hədd bizim üçün “qırmızı xətt”dir. Bu cür hallarda Mərkəzi Bank öz müdaxiləsini edir",- deyə N.Əmirov qeyd edib. Natiq Əmirovun sözlərinə görə, mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə, onların müntəzəmliyinin təmin edilməsini, islahatların əhatə dairəsini genişləndirilməsini və bu sahədə işlərin daha da sürətləndirilməsini zəruri edib.
APA-nın xəbərinə görə, o, qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş, açıq iqtisadiyyatlı ölkə kimi, qlobal çağırışlardan kənarda qala bilməzdi: “Neftin qiymətinin kəskin enməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutasının devalvasiyaya uğraması milli valyutamızın devalvasiyasını zəruri edib. Lakin aparılan məqsədyönlü işlər nəticəsində hazırda valyuta bazarlarında sabitlik müşahidə olunur ki, manat da artıq öz fundamental məzənnəsini tapmaqdadır”.
Ekspertlər isə bildirirlər ki, manatın məzənnəsinin tədricən ucuzlaşdırılması siyasəti hələ də aktualdır. Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, manatın qəpik-qəpik ucuzlaşdırılması prosesi davam edəcək: “Düşünürəm ki, hökumət və Mərkəzi Bank iki kəskin devalvasiyadan müəyyən dərslər çıxartdılar. 2015-ci ildə 34 və 48 faizlik iki kəskin devalvasiyanın olması iqtisadiyyatı çox ağır duruma salıb. Bank sektorunu iflic vəziyyətinə gətirib, iqtisadi aktivliyi zəiflədib, iş yerləri qapanıb, insanların gəlirləri və ticarət dövriyyəsi azalıb. Bundan müəyyən dərslərin çıxarıldığına ümid edirəm. Ona görə də indiki şəraitdə manatın kəskin şəkildə, 20-30 faiz, 40 faiz ucuzlaşacağına inanmıram. Yəni düşünürəm ki, bu addımı atmazlar. Amma gündəlik və həftəlik məzənnə dəyişiklikləri ilə manatın dəyərdən düşməsi prosesinin davam edəcəyini gözləyirəm. Bunun adı ”üzən məzənnə" deyil əslində. “Üzən məzənnə” tamam başqa kateqoriyadır. Və Azərbaycanda heç vaxt “üzən məzənnə” olmayıb, bundan sonra da olmayacaq. Çünki “üzən məzənnə”nin olması üçün ciddi iqtisadi institutların olması və ölkəyə çoxlu sayda valyuta gətirə biləcək şirkətlərin mövcudluğu vacibdir. Azərbaycanda bu iki indiqatorun heç biri yoxdur. Ona görə inzibati qaydada da olsa, yüngül formada, yəni gündəlik və həftəlik məzənnə dəyişiklikləri ilə manatın zəifləməsi prosesi davamlı olacaq. Dünyada gedən proseslər, Azərbaycanın iqtisadi durumu, ticarət və gəlirlərin azalması da bunu diktə edir. Amma hansı həddə qədər hökumət, Mərkəzi Bank bunu edəcək, bunu demək çətindir. Yəni bu, tək Azərbaycandan asılı olmayacaq. Bir çox başqa proseslərdən, o cümlədən dünyada neftin qiymətlərinin hansı yöndə dəyişəcəyindən asılı olacaq. Mənim ehtimalım budur ki, neftin qiyməti hələ uzun müddət aşağı səviyyələrdə, yəni indiki səviyyələrdə qalacaq. Bu, uzun müddətli olsa, Mərkəzi Bankın başqa çarəsi qalmayacaq. Məcbur olacaq ki, addım-addım, gündəlik məzənnə dəyişikliyi ilə manatı zəiflətsin".
Ekspert Əkrəm Həsənova görə isə manatın dollara qarşı məzənnəsinin düşməsi elə istənilən halda devalvasiyadır: “Dünən dollar 1,63 manat idisə, bu gün 1,64-dürsə, bu, devalvasiyasıdır. O deməkdir ki, manat əslində devalvasiya olub. Sadəcə, kəskin devalvasiya deyil. İndi baş verən proseslər də devalvasiyadır. Bu da prinsipcə, nəyin nəticəsidir, o, aydındır. Ölkədə milli valyuta çatmırdı, son dövrlərdə Mərkəzi Bank banklara milli valyutada kreditlər verməyə başladı. Dövriyyədə müəyyən manat həcmi artan kimi başladılar onu dollara çevirməyə. Mərkəzi Bankın ehtiyatlarının azalması qorxusundan yenə inzibati qaydada manatı devalvasiya etməyə başlayıb. Bu, hara kimi gedəcək, dəqiq deyil. Mərkəzi Bankın öz ehtiyatlarının ümidinə qalsa, əlbəttə ki, növbəti devalvasiya qaçılmazdır. Buna görə də iki yoldan biri seçilməlidir. Ya Neft Fondu Mərkəzi Banka pul verməlidir ki, bank satsın. Ya da bunu etməsə, Mərkəzi Bank öz ehtiyatlarını daha qurban verə bilməz. Çünki əks halda, tamamilə valyutasız qalacaq. Ona görə də növbəti devalvasiyaya gedəcək. Əgər Mərkəzi Bank görsə ki, Neft Fondu ona pul vermir, ucuzlaşmaya gedəcək. Məndə belə bir gözlənti var ki, Neft Fondu hər halda, pul ayıracaq. Əgər deyiriksə ki, Neft Fondunun 32 milyard ehtiyatı var, o zaman bundan Mərkəzi Banka ayırmaqda problem olmamalıdır. Hətta o ehtiyatların bir qismi pulda deyilsə belə, bunu etməlidir. Buna görə gözləyirəm ki, kəskin devalvasiyaya imkan verilməyəcək. Amma yenə istisna deyil. Əgər Azərbaycanda bir daha kəskin devalvasiya olsa, dollar 1,80 manata qədər gedib çıxsa, bu, o deməkdir ki, bizim valyuta ehtiyatlarımızın özündə problem var. Yəni Neft Fondunun ehtiyatları ya elan olunduğu qədər deyil, ya da ehtiyatın əksəriyyəti pulda deyil, hansısa torpağa, daşınmaz əmlaka qoyulub və bunu təcili pula çevirə bilmirlər. Yəni idarəçilər düzgün idarə etmirlər, dövlətin valyuta ehtiyatını elə əmlaka qoyublar ki, onu dərhal pula çevirmək olmur. Əgər Mərkəzi Banka indi Neft Fondu tərəfindən kömək olmasa, o deməkdir ki, valyuta ehtiyatlarının özündə problem var”.
Cia.az
