|
Cakartada Azərbaycan haqqında təqdimat maraqla qarşılanıb

Martın 10-da Cakartada fəaliyyət göstərən “Beynəlxalq Qadınlar Klubu”nun binasında ölkəmizin İndoneziyadakı səfirliyi tərəfindən Azərbaycan mədəniyyəti haqqında təqdimat keçirilib.

1950-ci ildə təsis edilən və mahiyyətinə görə qeyri-siyasi və qeyri-kommersiya təşkilatı olan bu qurum Cakartada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımları və qadın rəhbərləri daxil olmaqla, müxtəlif sosial statusa malik minlərlə qadını birləşdirir. Təşkilat tərəfindən müxtəlif sosial yönümlü tədbirlər, o cümlədən illik xeyriyyə yarmarkaları təşkil olunur.

Cakartada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımlarının, klubun üzvlərinin, eləcə də yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın mədəniyyətini, maddi-mənəvi irsini, incəsənətini və adət-ənənələrimizi əks etdirən video nümayiş etdirilib, ölkəmizin sürətli inkişafı, xüsusən humanitar və sosial sahədə, o cümlədən səhiyyə, mədəniyyət, idmanda əldə edilən uğurlar barədə məlumat verilib. Bu nailiyyətlərin qazanılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu vurğulanıb, o cümlədən Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm xarici ölkələrdə fəaliyyəti barədə dolğun məlumatlar çatdırılıb. Bildirilib ki, Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında məhsuldar fəaliyyətinə, beynəlxalq miqyasda Azərbaycan xalqının mədəni irsinin geniş təbliğinə və “Bakı-2015” ilk Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ali mükafatı “Heydər Əliyev Ordeni” ilə təltif edilən Mehriban xanım Əliyeva digər ölkələrin və beynəlxalq təşkilatların da ali orden və mükafatlarına layiq görülüb.

Ölkəmizin mədəniyyəti və incəsənəti haqqında müxtəlif vəsaitlər, o cümlədən “İrs” jurnalının İndoneziya dilində nəşr olunan buraxılışları tədbir iştirakçılarına paylanıb.

Tədbirdə, həmçinin 2016-cı il aprelin 25-27-də Bakıda keçirilməsi planlaşdırılan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna həsr olunmuş təşviqi videoçarx da nümayiş etdirilib.

Sonda Azərbaycanın milli mətbəxinin nümunələri iştirakçılara təqdim olunub.

Cia.az