|
“Türkiyə Rusiyanı bir həftəyə darmadağın edər” -
Eks-sovet kəşfiyyatçısı, hazırda Amerikada maliyyə analitiki qismində çalışan Yuri Şvetsin Ukraynanın “Qordon” nəşrinə qalmaqallı müsahibəsi haqda məlumat vermişik. Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı olan Şvets müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov haqda da şok faktlar açıqlayıb. O, naziri eyni vaxtda Rusiya, ABŞ və Türkiyə xüsusi xidmət orqanlarına işləyən “3-qat agent” adlandırıb. 
Bundan əlavə, Y.Şvets Azərbaycanın xarici işlər naziri Xələf Xələfovun da ABŞ tərəfindən “verbovka” olunduğunu iddia edib.    
Xatırladaq ki, Y. Şvets “soyuq müharibə” zamanı SSRİ-nin əsas dövlət informasiya agentliyi olan TASS-ın gizli əməkdaşı kimi fəaliyyət göstərib, ABŞ-ın SSRİ-yə qəfil nüvə zərbəsi endirməsi haqda informasiyaları toplayaraq təhlil edib. Onun 1994-cü ildə, Amerika emiqrasiyadan dərhal sonra yazdığı ilk kitab - “Vaşinqton rezidentliyi: mənim Amerikadakı KQB casusu kimi həyatım” adlı kitabı bestsellerə çevrilərək, müəllifə böyük populyarlıq qazandırıb...
Keçmiş kəşfiyyatçı müsahibəsində digər ilginc məqamlar da yer alıb. O sırada Putin-Ərdoğan münasibətlərinə də o toxunub və istisna etməyib ki, Azərbaycanın bir naziri və bir nazir müavini məhz Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi səbəbindən də agenturaya cəlb oluna bilərdi. “Nəzəri cəhətdən bu - mümkündür. Ancaq konkret halda mənə elə gəlir ki, əsas məsələ bu işə kimin daha çox para ödəməsidir” - deyə eks-kəşfiyyatçı qeyd edib. 

İctimai marağı nəzərə alıb, müsahibənin bundan sonrakı hissəsini təqdim edirik: 

- Bəs kimin pulu daha çoxdur - Türkiyə, yoxsa Rusiya kəşfiyyatının? 
 
- Bax bunu qoy Türkiyənin, Rusiyanın və ABŞ-ın xüsusi xidmətləri araşdırsınlar.
 
- “3-qat agent” haqda informasiyanı açıqlamaqla Siz hansı tərəfə xallar əlavə edirsiniz? Axı Siz konteksti nəzərə almaya bilməzsiniz: Rusiya-Türkiyə əlaqələri Suriyadakı müharibə üzündən kəskinləşib və orada Putin və Ərdoğan öz maraqlarını qoruyurlar...
 
- Şübhəsiz ki, mən konteksti nəzərə alıram və başa düşürəm ki,  dərc olunan agentura məlumatı və mənim gələcək kitabım Putin rejiminə zərbə vuracaq.
 
- Sizcə, Azərbaycan prezidenti İlham Əliyev ona yaxın adamın əvvəlcə Rusiyaya, sonra Türkiyə və ABŞ-a, indi isə təzədən Rusiyaya işlədiyini biləndən sonra necə hərəkət edəcək?
 
- Çətinlik çəkirəm söyləməyə. Ancaq prezidentin həll eləməli olduğu məsələ tamamilə aydındır: üç xarici xüsusi xidmətin qapısını döyüb xəbərçilik edən və etməkdə davam edən yaxın məmurla nə etməli? Özü də o ölkələrdən ən azı biri Azərbaycana qarşı əsla dost münasibətdə deyil.
 
- Sizi düz başa düşdüksə, Rusiya Federasiyası ilə Türkiyə, demək, faktiki şəkildə həm də NATO arasında birbaşa hərbi qarşıdurma ehtimalını yüksək qiymətləndirirsiniz? 
 
- Bizim sizinlə birinci müsahibəmizdə mən demişdim ki, hər il botoks etdirmək üçün (üz dərisinin çəkilməsi üçün edilən plastik əməliyyat-red.) siyasi məkandan açıq şəkildə 7-10 günlüyə yoxa çıxan Putin psixoloji cəhətdən nüvə savaşına başlamağa hazır deyil. Və mən hələ də o qənaətdəyəm ki, Kreml rəhbəri NATO ilə müharibədən qorxur. O, öz ölkəsinin milyardlarını ona görə oğurlamayıb, sarayları ona görə tikməyib ki, indi bunları - 16 ilə asan zəhmətlə yığılan sərvəti radioaktiv toza çevirsin. 
 
Əslində isə Putin özünü “qastrollara” gələn quldur kimi aparır. Yəni belə deyək, “özünü göstərir”, amma ABŞ, Avropa Birliyi və NATO-nun onun üçün müəyyənləşdirdiyi çərçivədə. Rusiya Federasiyasının xarici siyasətinin mahiyyəti elə budur. Başqa yandan, həmişə naməlum faktor məsələsi var - xüsusən də Putinlə bağlı. Axmağın məntiqini hesablamaq çətindir, Putin isə psixi cəhətcən ziyankar adamdır. 
 
Ötən əsrin 70-ci illərində mən xüsusi təyinatlı sovet hərbi hissələrində xidmət eləmişəm və Türkiyənin elektron silahlı qüvvələrinin kəşfiyyatı ilə şəxsən məşğul olmuşam. Mən sizə deyim: Türkiyə elə bir orduya sahibdir ki, bir həftəyə Rusiyanın külünü göyə sovurar - bir şərtlə ki, Kreml nüvə silahına əl atmasın. 
 
-Bəs hər halda, əl atsa...
 
- Əl atmayacaq. Nüvə düyməsinə basılacağı ilə bağlı Rusiyadan gələn bütün bu işarə və yarım-işarələrin hamısı blefdir, “Potyomkin kəndi”nin müasir variantıdır. Prinsipcə, bu, ayrıca detallı bir danışığın mövzusudur. Ancaq indi sizi əmin edə bilərəm ki, Putin qırmızı düyməyə basmayacaq. Gicbəsər və intiharçı - necə deyərlər, bunlar arasında böyük fərq olan iki şeydir. Putin isə intiharçı deyil. 
Cia.az