|
IV Qlobal Bakı Forumu başladı
Martın 10-da Bakıda IV Qlobal Bakı Forumu başlayıb. Nüfuzlu beynəlxalq tədbirdə Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri iştirak edir. Bundan başqa, foruma 27 sabiq prezident və 23 keçmiş baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə qatılıb.
“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən, iki gün davam edəcək forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir. 
Prezident İlham Əliyev IV Qlobal Bakı Forumunda iştirak edib. Dövlət başçısı çıxışında erməni işğalına diqqət çəkib: “Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək.
 
 Müstəqilliyin ilk illərində ölkəmiz Ermənistanın terroru, işğalı ilə qarşılaşıb. Münaqişə hələ də həllini tapmayıb”. Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapdığı halda 1 milyona yaxın qaçqın və köçkün öz torpaqlarına qayıdacaq: “Ermənistan işğalı davam etdirdikcə isə özünü daha da təcrid vəziyyətinə salır. 
 
Nəticədə yoxsulluq artır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bütün dövlətlər, beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Torpaqlarımızın 20 faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qoşunların torpaqlarımızdan çıxarılması tələb olunur. Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizmi müzakirə mövzusu olmalıdır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə dəqiqəyə, saata icra olunur, bizə gələndə isə yerinə yetirilmir”.
 
 Prezident İlham Əliyev bildirib ki, Ermənistan status-kvonun dəyişməz qalmasını istəyir: “Ancaq status-kvo dəyişməlidir, dəyişməməsi mümkün deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri də status-kvonun dəyişməli olduğunu bildirirlər. Bunun üçün Ermənistan işğal olunmuş torpaqları azad etməlidir. 21-ci əsrdə qonşu dövlətin torpaqlarını işğal altında saxlamaq yolverilməzdir. Torpaqlarımız işğaldan azad ediləndə Azərbaycan daha böyük iqtisadi uğurlar qazana bilər. BMT Təhlükəsizlik Şurası Ermənistanı qətnamələri yerinə yetirməyə, işğala son qoymağa məcbur etməlidir. İşğal olunmuş ərazilərdə məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyası da regiona etdiyi hər iki səfərində bunu təsdiq edib. Bu gün Yaxış Şərqdə də tarixi abidələrin dağıdılmasını müşahidə edirik. Ancaq bundan əvvəl Azərbaycanın tarixi abidələri dağıdılıb, zamanında bunun qarşısı alınmayıb”.
 
Bundan sonra tədbir panellərdə davam etdirilib. “Suriya Naminə Qlobal Məsuliyyət: fəaliyyət” mövzusunda keçirilən müzakirələr zamanı çıxış edən İsrail sabiq baş naziri Ehüd Barak bildirib ki, mövcud dünyadakı bəzi pis qüvvələr dəyişmək istəmir. İŞİD dəyişməcək, timsahı yedizdirməklə onun iştahının azalacağını düşünmək sadəlöhvlükdür. Onu məhv etmək lazımdır. 
Moderator, İsveçin Suriyadakı səfiri Piter Semnebi bildirdi ki, hazırda Suriyada baş verənlər dünyanın ən qəddar müharibəsidir. O qeyd etdi ki, bu, artıq bəşəri böhrandır və dünya bunun qarşısını almalıdır:“Suriyada olan müharibə son dövrlərdəki müharibələrin ən qəddarıdır. Son dövrlər bəzi tədbirlər görülür, gələn həftə də Cenevrədə növbəti dəfə danışıqlar olacaq. Ancaq indidən nəticə haqqında danışmaq tezdir”. Aparıcı Suriyadakı qanlı hadisələrdən bəhs edərkən Nelson Mandelanın fikrini xatırlatdı: “Heç bir uşaq başqa uşağa nifrət hissi ilə doğulmayıb”. P.Semnebi uşaqları nifrət hissindən uzaq saxlamağa çağırdı.
Kanadanın sabiq baş naziri Jean Kretien bildirdi ki, bu gün Türkiyə qaçqın faciəsi ilə üz-üzədir: “Amma dünyanın böyük hissəsi bununla bağlı heç nə etmir. Məsələn, ABŞ qaçqın qəbul etmir. Bəziləri deyir qaçqınlar gəlib terror həyata keçirə bilər. Ancaq terror törətmək üçün qaçqın olmaq lazım deyil". O, Bəşər Əsədə qarşı hücumları da qəbul etmədi: ”O hökumət idi. Xoşunuza gəlməyən hökumətləri devirməyə başlasanız, böyük  fəlakətlər yaşanar. Səddamı devirməyə başlayanda mən demişçdim ki, deyək ki, onu devirdiniz,ondan sonra kim olacaq?" Natiq BMT bayrağı  altında addımlar atmağa çağırdı.
Livanın keçmiş prezidenti Amine Gemayel xatırlatdı ki, baş verən silahlı qarşıdurmalardan qabaq Suriya hökumətinin 40 il hakimiyyətdə olmasının əleyhinə aksiyalar keçirilirdi: "Bu, diktatura idi. İnsanlarda ümid var idi ki, bu diktaturadan canlarını qurtaracaqlar. Amma bu, baş vermədi, böyük sayda qaçqınlar ölkəni tərk etməli oldular, insanlar həlak oldu. Lakin    Cenevrə konfransında problemdən həll yolu tapıla bilər.  Burada ABŞ və Rusiya arasında anlaşmanın əldə olması da mümkündür". Livanın sabiq prezidenti kürd problemi, sünni- şiə problemlərindən bəhs edərkən “kürdlər də nə vaxtsa öz dövlətini yaradacaq”-deyə, bildirdi. Lakin onun fikrincə, əsas odur ki, Suriyanın daxilinə müdaxilə edilməsin.
Türkiyə XİN-in sabiq başçısı Hikmət Çətin 4-cü dəfə bu tədbiri təşkil edənlərə təşəkkür etdi. Təcrübəli diplomat maraqlı çıxışı ilə diqqət çəkdi: “Suriya beynəlxalq aləm üçün bir testdir. Suriya düzgün şəkildə qiymətləndirilməyib. Tunis, Misirdən sonra Suriya rəhbərinin dərhal hakimiyyətdən gedəcəyi təxmin olunurdu. Qiymətləndirmə düzgün şəkildə həyata keçirilmədi. Əvvəla, Əsədin güclü ordusu var idi. İkincisi, Rusiya və İranın buradakı rolunu düzgün qiymətləndirə bilmədilər. Avropada qaçqın problemi ortaya çıxana qədər Suriya barədə heç nə düşünmürdülər. Ancaq qaçqın axını Avropa sərhədlərinə çatanda artıq Avropa hərəkətə keçdi”. H.Çətin Hafiz Əsəddən də bəhs etdi: “Mən Bəşər Əsədin  atasını da tanıyıram, əlbəttə, onlar diktatordurlar. Amma necə olub ki, onlar 40 ildə xalqı bir araya gətirib onların yaşayışını təmin edə bilib? Suriya vətəndaşları dünyəvi Əsədin rejimində yaşayıblar. Bəli, Əsəd getməlidir, amma gedəndən sonra nə olmalıdır, cavab yoxdur.  İran və Rusiyanın rolunu necə nəzərə almamaq olmaz. Biz görürük ki, Rusiya Suriyada əsas gücə çevrilib. Beynəlxalq  ictimaiyyət necə belə səhvlərə yol verir? Beynəlxalq təşkilatlar başa düşmürlər ki, demokratiyanı kənardan gətirmək mümkün deyil. İraqda demokratyiya qurmaq istədilər, əvəzində parçalanmış İraq gördük. QHT-lər olmayanda, sərbəst KİV-lər olmadan bir gecədə yatıb durub ölkəni demokratiyaya çevirmək mümkün deyil”. H.Çətin Qarabağdan da bəhs etdi: “Biz heç bir dondurulmuş münaqişəni həll edə bilməmişik. Dağlıq Qarabağ münaqişəsini misal gəitirə bilərəm. Biz hər bir münaqişəni dondurub saxlayırıq”.
Növbəti paneldə Ukrayna müzakirə  olundu. “Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” adlı müzakirələrdə Rusiyaya yönəlik kifayət qədər sərt çıxışlar oldu. Rusiyanın sabiq baş naziri Zubkovun və Bakıdakı səfiri Doroxinin də qatıldığı toplantıda çıxış edən İrlandiyanın sabiq baş naziri Berti Ahem dedi ki, Ukraynada belə vəziyyətin yaranacağı heç vaxt ağlına gəlməzdi.
 
Latviyanın eks-prezidenti Vaira Vike Frayberqa Ukrayna ərazilərinin işğalından danışdı: “Ukrayna nüvə silahından imtina edəndə BMT Təhlükəsizlik Şurasının  üzvləri və Çin Ukraynanın ərazi bütövlüyü və suverenliyini təmin edəcəyinə razılıq vermişdi və bununla bağlı sənəd imzalanmışdı. Lakin Rusiya beynəlxalq konvensiyalara zidd olaraq imzaladığı memarandumu pozub”.
Foruma həyat yoldaşı ilə bərabər qatılan Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko isə Moskvanın regionda sülhməramlı mövqedən çıxış etmək niyyəti barədə Rusiya rəsmilərinin dediklərinə kəskin reaksiya verdi: “Rusiyanın sülhməramlı rolunu oynadığı barədə deyilənlər cəfəngiyyatdır. Niyə Ukraynanın ilhaq olunmuş ərazisində Rusiya ordusu var? Bu, böyük ordudur. Bir çox Avropa ölkələrinin ordusundan böyükdür. 12 minə yaxın peşəkar Rusiya ordusu, yarım hərbi qruplar Ukraynada müharibə aparır. Ola bilər Ukraynada baş verənlər o miqyasda deyil ki, Avropada sülh yaşayışına təsir göstərsin. Avropada insanlar bunu hiss etmir. Bunun ölçüsünü müəyyən etmək üçün Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Denstryanında olan münaqişələrə baxmaq lazımdır. Bunlar milli münaqişələrdir. Və bu münaqişələrin hamısı Rusiyanın məsələsidir”. 

V.Yuşşenko dedi ki, bu münaqişələrin hamısının bir ssenarisi var: “Bütün münaqişələr əvvəl yaradılır, sonra isə dondurulur. Dağlıq Qarabağ və ya Dnestryanı münaqişələr illərdir uzanır. Bizim və sizin azadlıqlarınız bir-biri ilə bağlıdır. Bütün bu problemləri həll etmək üçün birləşmək lazımdır. Burada işğalçı Rusiyadır. Dağlıq Qarabağdan danışarkən buna ”Azərbaycanın problemi" deməyin, bu, Rusiyanın problemidir. Bütün bu münaqişə zonasında ssenari eyni olub, sonda marionet hökumətlər yaradılır, sonda Rusiya və Venesuela tərəfindən tanınır. İki ildir Ukraynada bu hadisələr yaşanır. Əslində Ukraynadakı separatçılar heç kimdir. Bunlar, sadəcə olaraq, marinetdirlər. 
 
Bu münaqişənin mənbəyi Kremldədir. Münaqişənin nizamlanması barədə sənəddə Rusiyanın adı yoxdur, o, arxada durub və marionetləri idarə edir. Ancaq bu müqavilənin heç bir bəndi həllini tapmayıb. Hətta Ukraynanın işğal olunmuş ərazilərində seçkilərin keçirilməsini tələb edirlər. Bu, Ukraynanın müstəqilliyinin sonu deməkdir". V.Yuşşenko Avropa qurumlarından da narazılıq etdi, “onlar hətta danışıqlarda iştirak etmir” dedi: “Biz birləşməliyik. Krem iki şeydən qorxur. Birincisi, ölkələrdəki proseslərdən və həmrəylikdən qorxur. Dağlıq Qarabağ, Donbas və digər münaqişələr o vaxt həll olunacaq ki, nə vaxt ki, Rusiyanın axırıncı hərbçisi həmin ərazini birbaşa, ya dolayısı ilə tərk edəcək. Sizin və bizim azadlıqlarımız bir-biri ilə bağlıdır”.

Yeşşenkonun çıxışı gurultulu alqışlarla qarşılandı, rus səfir isə bu məqamda çox bikef görünürdü. 

Rusiyanın sabiq baş naziri Viktor Zubkov isə ölkəsini müdafiə mövqeyindən çıxış etdi: “Mən vaxtilə Liviya hadisələri ilə bağlı sual etdim, Liviyada iki hökumət olmasında da Rusiya təqsirkardır?" 

Ukrayna hadisələri ilə bağlı danışarkən dedi ki, bu gün nə sülh, nə müharibə var: ”Bu gün Kiyev və Donesk haqqında dialoqa ehtiyac var, amma dialoq mövcud deyil. Ukrayna ordusunun hərbi hazırlığı dayandırılmır, 7-ci dalğa səfərbərliyi həyata keçirirlər.  Demək, onların başqa işləri yoxdur. İlk növbədə Ukraynada konstitusion islahatlar həyata keçirilməlidir. Bu təkliflərə Kiyev tərəfindən hələ də heç bir reaksiya verilməyib. Birbaşa dialoq və çox tez bir şəkildə razılaşma əldə etmək lazımdır".
Rusiya haqqında “işğalçı” ifadəsinin işlədilməsinə reaksiayında Zubkov dedi ki, bu, yalnız emosiyaların nəticəsidir: “Ukrayna rəsmisi ilə söhbətimdə o demişdi ki, biz Rusiya ordusu ilə döyüşmürük. Bundan başqa nə əlavə etmək olar?”
 
Növbəti çıxışlarda da Ukrayna müdafiə olundu. “Krımın birləşdirilməsi Avropada təhlükəsizlik məsələsini arxa plana keçirib. Sərhədlərin dəyişdirilməsi qəbulolunmazdır. Demək, digər ölkələrdə də sərhədlərin dəyişdirilməsi mümkün ola bilər.  Monoloqdan imtina edib dialoqa keçmək lazımdır. Təcavüz nəticəsində Ukrayna çətin bir vəziyyətə düşüb, Ukraynanı dəstəkləmək lazımdır. Ukraynalılar öz gələcəyini özlərini təyin etməlidir”-deyə, moderator bildirdi.
 
Sual-cavabdan sonra söz alan Rusiyanın sabiq baş naziri Zubkov gözlənilmədən Türkiyə XİN-in sabiq başçısı H.Çətin haqda xoş sözlər söylədi: “Türkiyənin sabiq xarici işlər naziri çıxış edəndə mən özümü çox gərgin hiss edirdim. Düşündüm ki, hansısa ittihamlar səsləndirəcək.   
Amma o, o qədər ağıllı insandır ki, Rusiyanın əleyhinə bir dənə də sərt fikir demədi. Dedi ki, hansısa proseslər başlamazdan öncə Rusiyanı dəvət edin. Ancaq hansısa hadisələr baş verəndə deyirlər Rusiya dəhlizdə dayansın, hadisələr baş verəndən sonra isə Rusiyanı dəvət edirlər". Zubkov “Ukrayna ilə dil tapmaq lazımdır, ancaq Ukrayna  rəhbərliyi də kompromisə getməlidir. Biz təmas nöqtələrini tapmalı, maraqların balansına nail olmalıyıq. Burada çox ağıllı insanlar yığışıb, bəxtiniz gətirib, cənab moderator” - əlavəsini etdi. 
 
Lakin rus diplomatın situasiyanı mülayişləşdirmək istəyinin qarşılığında Latviyanın sabiq prezidenti Vaira Vike-Frayberqa “Ukraynada rus hərbçiləri yoxdur” deməsinə sərt reaksiya verdi: “Bir dəfə Ukrayna prezidenti pasportlar gətirmişdi, o pasportlar Rusiya hərbçilərindən götürülmüşdü, Ukrayna ərazisindən gətirilmişdi. Yenə  deyirsiniz ki, Ukraynada Rusiya hərbçiləri yoxdur? Bəlkə də siz deyə bilərsiniz ki, bunlar Marsdan gəlmiş yaşıl rəngdə insanlar idi. ATƏT-in monitorinqinə imkan verilsə, bunu dəqiqləşdirmək oalr. Amma ATƏT-ə monitorinq üçün imkan yaradılmır. Çox böyük sayda hərbçilər Ukrayna sərhədini keçir. Mən dialoq çağırışlarına hörmətlə yanaşıram.  Amma artıq mülayim olmaq vaxtı bitib. Başınıza silah dirəyəndə dialoqa getmək çox çətindir”.

Yuşşenko da Zubkovun fikirlərinə yenidən kəskin münasibət sərgilədi: “Mən Ukrayna-Rusiya münasibətlərinə hörmətlə yanaşaram, əgər Rusiya mənim ölkəmə hörmətlə yanaşsa. Dünən Rusiyanın 9 hərbçisi öldürülüb, 13-ü yaralanıb. Bu, sabotaj qrupudur”. O, Rusiyanın hər hansı bir güc yolu ilə Ukraynanın siyasi müstqilliyinə, ərazi bütövlüyünə istifadə edilməyəcəyi barədə öhdəlik götürməsini əks etdirən sənədi xatırlatdı: “Biz bu memorandumun şərtlərinə uyğun hərəkət etmişik. Rusiya isə bu memorandumu pozdu. Rusiya öz məsukiyyətini başa düşsəydi, nə Donbas, nə Krımda bizim problemimiz olmazdı”.
 
Moderator İrlandiyanın səfiri Fransis Odenel da Rusiyanın işğalçılığına qarşı çıxdı: “Krımda rus qoşunları var. Beynəlxalq aləm də Krımı Ukraynanın ərazisi olaraq tanıyır.  Rusiya Krımı zəbt edib. Bu, BMT nizamnaməsinə ziddir. Rusiya rəhbərliyi müsbət mənada bizi təəccübləndirməli, böyük bir jest etməli, beynəlxalq hüquqa hörmət etməlidir. 
 
Bunu etmədikdə, biz qlobal mənada sivilizasiyalararası toqquşmanın şahidi olacağıq”.
 
Forum martın 11-də öz işini davam etdirəcək. (musavat)
Cia.az