Son illər hər Novruz bayramında bu müzakirələr başlanır. Ekran qarşısında əyləşən tamaşaçılar Novruzun atributlarından olan Kosa və Keçəlin hərəkətlərindən bezir, bu şou-tamaşanın daha səviyyəli olmasını arzulayır. Çoxları üçün bu atributlar öz mənbəyini, özünü çoxdan korlayıb. Necə deyərlər, yersiz improvizasiyalar onları öz mənşəyindən uzaqlaşdırıb və son nəticədə ortaya arzuolunmaz durum çıxıb. Postmodernist yazarların da tez-tez təkrarladığı o fikir kimi, “xristianların Şaxta Babası, Santa Klausu hədiyyə paylayır, bizim Kosa ilə Keçəl dilənçilik edir”...
Hər şey bu qədər qara tonlardadır? Əslində folklor ədəbiyyatlarında sözügedən mövzu ilə bağlı nə deyilir? Gerçəkdən də Kosa ilə Keçəl öz missiyalarından uzaqlaşmış sayılırlar, ya...?
Bu arada bayram ərəfəsində bu tənqidlərdən birini də şoumen Murad Dadaşov səsləndirib. Deyib ki, Novruzdakı bəzi ənənələri bəyənmir: “Mən çox istəyərdim ki, Novruz bayramı hər bir ailədə ümidlərlə bağlı olsun. Mənim üçün əsas əhval-ruhiyyədir. Bu sözlərimi bir çoxları mənfi qəbul edəcək. Bu adət-ənənələri yəqin mənə düzgün çatdırmayıblar. Onlar ürəyimcə deyil. Bu Keçəl, Kosa kimdir, hardan çıxıb? Onlar nə personajdır və mənası nədir? Yumurta boyamaqdır, papaq atmaqdır nə mənanı verir? Mənim aləmimdə biz gərək Novruz bayramını müasir formada qeyd edək. Biz Bayraq gününü, Respublika gününü necə qeyd edirik? Yeni qaydalarla keçiririk. Biz gənclər Novruzla bağlı yeni qaydalar təklif etməliyik. Bizim bəzi gənclərimiz, folklora bağlı olanlar mənim haqımda mənfi düşünəcəklər. Ya da çıxsın kimsə, adətləri mənə dərindən izah etsin. Keçəli və Kosanı müasirləşdirməliyik”.

Folklor ədəbiyyatlarına nəzər salaq. Novruz bayramı zamanı müxtəlif oyunlar keçirilir. Bunlardan ən maraqlısı “Kosa - kosa” oyunudur. Oyun belə başlanır: Kosa əyninə tərsinə kürk geyinmiş uzun bir adamdır. Başında uzun papaq ayağında şişburun çarıq var, boynundan zınqırov sallanır. Paltarının altından qarnına yastıq bağlayır. Əlində bəzəkli, qırmızı çömçə tutar, çiynindən boş xurcun sallanar. Məzəli yerişlə meydana daxil olar. Zurna nağara altında belə deyər: “Novruz Novruz bahara, Güllər- güllər nübara, Kim yığa, kim apara. Baxçamızda gül olsun, Gül olsun bülbül olsun. Mən gəlmişəm kef görüm, Zurna görüm, dəf görüm”.
Əslində isə Kosa və Keçi obrazları haqqında özəl olaraq nələrsə araşdırmağa ehtiyac yoxdur. Kosa -kosa oyununda kosa qışın, keçi isə yazın carçısıdır. Kosa uzun səfərə hazırlaşır, bununla mərasim iştirakçıları bilirlər ki, qış gedir, yaz gəlir. Ancaq kosa öz mövqeyini asanlıqla vermək istəmir. Axırda keçi - yaz kosanı - qışı vurub öldürür. Mərasim iştirakçıları sevinirlər, keçini alqışlayırlar. Bu mərasimdə kosa - qışın mifik obrazı, xalqın dünyanı dərk etməsinin əski görüşləri ilə bağlıdır(73,28). Mərasimdə kosaya belə bir nəğmə oxunur: «Mənim kosam canlıdır Qolları mərcanlıdır: Kosama əl vurmayın, Kosam ikicanlıdır (75,21)».
Kosam ikicanlıdır ifadəsini bu mənada başa düşmək olar. Kosa - qış, yazı doğacağı üçün ikicanlıdır. Yaz qışdan doğulur. Qış istəsə də, istəməsə də bu “uşaq”- yaz doğulmalıdır. Qışın do-ğacağı “uşaq”-yaz əkinçiliklə, maldarlıqla məşğul olanlar üçün həyat idi. Mərasimin bir ucunda faciə, o biri ucunda isə komediya vardır. Keçi - yaz, düşməni kosanı - qışı öldürür. Bu faciəli durum öz-özlüyündə komik vəziyyət yaradır. Deməli, Azərbaycanda yaranan faciə və komediyanın - əksliklərin kökü, mifik durumu birdir. Qış - kosa ölürsə, faciəvi, keçi qalib gəlirsə, komik durum yaranır. Keçi yaz bayramında aparıcıdır. Günəşlə bağlıdır. Keçi yaxşılığı təmsil edib, insanlara ruzi verib.

Keçəl obrazı mifoloji düşüncə ilə bağlı olub. Onun keçəlliyi bir tərəfdən sanki ölümə işarədirsə, ikinci bir tərəfdən yeni bir doğuluşa işarədir. Onun keçəl cildində olması onun həm İlahi güc əldə etməsinə, həm də müxtəlif çətinlikləri dəf etməsində yardımçı olan bir qüvvədir. Keçəlin də eyni zamanda bolluqla, bərəkətlə bağlı olmasıyla bağlı nümunələr var. «Keçəl, keçəl mərəndə, arpa buğda sərəndə, bir arpanı beş eylər, yeddi qazan aş eylər» ifadəsi bolluğa, məhsuldarlığa işarədir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-biri ilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə Keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər.
Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır. Həmin kitabda da qeyd olunub ki, vaxtilə indiki “Azad qadın” heykəlinin yerləşdiyi ərazi də daxil olmaqla, “beşmərətəbə”nin yaxınlığında böyük bazarlar olardı, həmin yerdə Novruz şənlikləri keçirilərdi. Sarabski də öz əsərində həmin bazar meydanında Bakının qədim bayram ənənələrindən bəhs edib. Keçəl burada oyunbaz rolundadır. Gözübağlıca, kəndirbaz oyunlarında da Keçəlin rolu var. Bəzən Kosanı, Keçəli bu bayramda inkar edirlər, amma bu düzgün deyil. Keçəl bəzi tamaşalarda keçi adı ilə çıxış edir, amma bu şənlikdə keçi, keçəl, kosanın öz yeri var. Novruz bayramında bu obrazlar təbiətin oyanış dövründə gülüş, səmimiyyət doğurur. Bəzən bu obrazlar adamları sətiraltı tənqid edir, ələ salıb, acıqlandırmaqla onların insanlıq üçün çatışmayan keyfiyyətlərini aşkar edir və belə tənqid çatışmayan xüsusiyyətlərin bərpa olunması üçündür. İnsanlar arasında paxıllıq, xəbislik, ailədaxili münaqişələrin aradan qaldırılması, insanların münasibətə gəlməsi bu meydan tamaşalarında öz əksini tapır. Onların məzhəkələrində din xadimlərinin, qazilərin tənqidi də var ki, bu bayrama məxsus xüsusiyyətlərdən biridir.
Sarabski mətnində Kosadan soruşulur, haradan gəlmisən, cavab verir ki, Dərbənddən, bir də soruşulur, nə almısan, deyir qax-qoz. Amma bunun ardına əlavələr olunur, guya onun fikrini bəzəməklə yenilik etmək istəyirlər, bu təhriflər isə estetik normaları pozur. Kosaya Keçələ qız-gəlinin pay verməsi də qondarmadır. Ənənələrə görə, belə xüsusi bayramlarda oyunu idarə edənlər oyunbazları mükafatlandırardı.
Bundan başqa, bəzən məzhəkənin sonunda Kosa ölür, amma əslində belə deyil. Əslində Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir. Təbiətin gözəlliklərini göstərmək, torpağı əkmək-becərmək üçün bu oyunlar quraşdırılır və bununla da tamaşa gözəl sonluqla yekunlaşır.
Gördüyünüz kimi, bu, sözügedən obrazların orjinal versiyadakı halı, bu da reallıq. Seçim tamaşaçıya aiddir: hansı özümüzə, sözümüzə, tariximizə daha yaxındır? (musavat)
Cia.az
