Martın ilk ongünlüyünün Azərbaycan üçün əhəmiyyəti olan hadisələrindən biri Gürcüstanla Azərbaycan arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair 4 sazişin imzalanması oldu. Birinci müqavilə Qaz tədarükü müqaviləsinə edilən dəyişikliklər barədədir, ikinci saziş qaz alqı-satqı müqaviləsinə dəyişikliklərin edilməsini nəzərdə tutur, üçüncü saziş hüquqların ötürülməsi barədədir, dördüncü saziş isə SOCAR və “SOCAR Georgia Gas” MMC arasında qaz alqı-satqısı barədə idi.
Gürcüstanın energetika naziri Kaxa Kaladze Bakıdan geri döndükdən iki gün sonra xarici işlər naziri Mixail Canalidze Bakıya səfər etdi və prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarova görüşdü. Dünən M.Canalidze bildirib ki, əhalinin təbii qaza artan tələbatı Azərbaycan hesabına ödəniləcək və bununla bağlı Gürcüstan hökuməti ilə SOCAR arasında müvafiq sənəd imzalanıb: “Bizim dostumuz və strateji tərəfdaşımız olan Azərbaycan Gürcüstana əlavə həcmdə qaz nəql edəcək. Bu, yaranmış defisitin bağlanması üçün kifayətdir”.
Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqlara toxunan nazir bildirib ki, danışıqların predmeti Gürcüstan üzərindən Rusiya qazının Ermənistana tranzitinin şərtləri idi: “Bu cür danışıqlar 2004-cü ildən etibarən aparılır. Bununla yanaşı, yaranmış defisitin Rusiya qazı hesabına bağlanması da müzakirə olunub. Lakin SOCAR-la əldə etdiyimiz razılaşmadan sonra ”Qazprom"dan əlavə həcmdə qaz almağa ehtiyac yoxdur".
Gürcüstanla qaz sazişlərinin imzalanmasından bir neçə gün sonra - martın 8-də isə Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədri Viktor Zubkov Azərbaycana gəlib. Prezident İlham Əliyev Viktor Zubkovu qəbul edib. Yayılan rəsmi xəbərdə deyilir ki, görüşdə Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edilib. Söhbət zamanı ölkələr arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Dövlət Neft Şirkəti ilə Rusiyanın müxtəlif neft-qaz şirkətləri, eləcə də “Qazprom” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb...
Ekspertlər bildirirlər ki, Gürcüstan hökuməti son bir neçə ayda apardığı ardıcıl prosesdə öz məqsədinə, yəni Azərbaycandan daha ucuz və həcmli qaz almaq istəyinə çatdı. Təbii ki, heç bir ölkə indiki zamanda qaz bazarındakı payının azalmasını istəməz, Azərbaycan da istəmədi. Gürcüstan hökuməti də bundan istifadə etdi.
Ekspertlər bununla belə, qeyd edirlər ki, ötən həftə imzalanan sazişlərdən Azərbaycan da qazanıb. Azərbaycan Gürcüstanın qaz bazarının faktiki olaraq tək oyunçusu statusuna yiyələnmiş oldu.
Siyasi analitik Şahin Cəfərli bildirdi ki, qaz müzakirələrinin məlum sonluqla yekunlaşmasında gürcü nazir Kaxa Kaladzenin manevrləri öz sözünü dedi: “2012-ci ildə keçirilən parlament seçkilərində ”Gürcü Arzusu" koalisiyasının namizədlər siyahısına daxil edilməsi və ilk sıraya qoyulması populist addım və onun populyarlığından istifadə edərək səs qazanmaq niyyəti kimi qiymətləndirilirdi. Seçkidən sonra onun baş nazirin müavini və enerji naziri təyin edilməsi də çoxları üçün gözlənilməz olmuşdu.
Keçmiş futbolçunun bu ciddi vəzifənin öhdəsindən gələ bilməyəcəyini və bir müddət sonra başqası ilə əvəzlənəcəyini söyləyənlər az deyildi. Lakin skeptik proqnozlar və gözləntilər özünü doğrultmadı. Kaladze sübut etdi ki, ali təhsili və idarəçilik təcrübəsi olmamasına baxmayaraq, işinin öhdəsindən gələ bilir.
O, Azərbaycanla aparılan danışıqlarda öz ölkəsi üçün əlverişli şərtlərlə yeni razılaşmaya nail olaraq menecerlik bacarığını bir daha ortaya qoydu. Gənc yaşdan qaynaqlanan dinamika və çeviklik əlbəttə var, lakin təkcə bu keyfiyyət yetərli deyil. Proseslərin gedişində Kaladzenin həm də yaxşı müzakirəçi olduğu ortaya çıxdı.
O, səbr və inadla öz mövqeyini müdafiə edərək əks tərəfə şərtlərini qəbul etdirə bildi. Şübhəsiz ki, bu məqam və ümumiyyətlə, nazir vəzifəsində uğurlu fəaliyyət Kaladzenin siyasi karyerasına müsbət təsir göstərəcək. Ola bilər ki, Kaladzenin təmsil olunduğu siyasi qüvvə növbəti seçkiləri uduzsun, lakin bu amil onun siyasi həyatına mənfi təsir göstərməyəcək. O, artıq siyasətdə özünü təsdiqləyib və gələcək üçün yetərli siyasi kapital toplaya bilib. Azərbaycan hökumətində də bu cür çevik nazirlərin çox olmasına ehtiyac var".
Cia.az
