|
Putin və Sərkisyan Moskvada Qarabağı müzakirə edəcəklər
Ermənistan prezidenti Serj Sərkisyanın bu gün Moskvaya gedəcəyi barədə xəbər yayılıb. Bu haqda yazan nüfuzlu “Kommersant” qəzetinin iddiasına görə, Moskva görüşü zamanı diqqət mərkəzində saxlanacaq mövzulardan biri Dağlıq Qarabağ problemi olacaq.
Nəşr Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla müsahibə də götürüb. Lakin erməni portalının yazdığına görə, jurnalistin sualları “qəribə şəkildə” qoyulub: “Bir yandan Dağlıq Qarabağ məsələsi diqqət mərkəzində saxlanılırsa, başqa yandan Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerininin təzəcə başa çatan İrəvan səfərinə dair suallar verilir. Belə təəssürat yaranır ki, jurnalist Qərblə siyasi dialoqun bərpasına görə Ermənistanın Moskva tərəfindən cəzalandırılacağı barədə xəbərdarlıq etməyə çalışır”.
Diqqətçəkici digər fakt odur ki, bu gün Nalbəndyan müdafiə naziri Seyran Ohanyanla birgə “NATO- Ermənistan” müşavirəsində alyans komandanlığı ilə görüşmək üçün Brüsselə gedir. Yəqin bu üzdən təsadüfi deyil ki, Ermənistan XİN başçısı səfər öncəsi Rusiya qəzetinə bildirib ki, “Ermənistanın əsas müttəfiqi bir başqası yox, məhz Rusiyadır və bu barədə o, Moqeriniyə də söyləyib”. 
 
*** 
Məsələ ondadır ki, son vaxtlar Ermənistanda İrəvanın Rusiya-Türkiyə münaqişəsinə qarışmaq istəməməsi haqda açıq mətnlə danışmağa başlayıblar. Eyni zamanda  işğalçı ölkənin təhlükəsizliyinə qarantın verilməsindən və bu qarantı da Şimali Atlantika blokunun təmin edə biləcəyindən söz açılır. Hərgah, NATO-ya üzvlükdən söhbət getmir, amma alyansla əməkdaşlıq Kremli əlbəttə ki, qıcıqlandıra bilər. İstisna edilmir ki, bu gün Moskvada prezident Vladimir Putin Serj Sərksiyanla məhz bu kontekstdə söhbət edəcək.


“Məlumdur ki, Qarabağ məsələsi uzun illərdir Moskva tərəfindən Ermənistanı Rusiya-Türkiyə (Avrasiya) sistemində saxlamaq üçün istifadə edilib. Bu sistemi AB və NATO ilə əməkdaşlıqla dolğunlaşdırmaq cəhdləri isə ermənilər üçün həssas olan Qarabağ məsələsini ön plana çıxarır” - əlavə edib erməni portalı.
 
Maraqlıdır ki, ötən həftə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Bakı səfəri zamanı “Qarabağ məsələsinə xüsusi diqqət ayrıldığı” barədə rəsmi açıqlama yayılmışdı...         
***
Bu arada Türkiyə və Rusiya arasında məlum insidentə görə davam edən gərginlik hərbi-siyasi ekspertlərin əsas təhlil mövzularından biri olaraq qalır. Analitiklər tez-tez bu gərginliyin xüsusən də Güney Qafqazdakı duruma, öncəliklə Dağlıq Qarabağ məsələsinə mümkün təsirlərinin və onların nəticələrini hesablamağa çalışırlar.   
Belə bir ortaq fikir var ki, Ankara ilə Moskva arasında hərbi eskalasiyadan Azərbaycan və Ermənistan kənarda qala bilməyəcək, onların hər ikisi sövq-təbii münaqişəyə cəlb olunacaq və müvafiq şəkildə Türkiyə və Rusiyanın tərəfində qərar tutacaq. Belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin inkişaf dinamikası da ciddi analiz olunmaqdadır.  
 
Bəs Rusiya ilə Türkiyə arasında gərginlik müharibəyə qədər gedib çıxsa və bu zaman Azərbaycan da öz ərazilərini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlasa, Ermənistanın aqibəti necə olacaq? Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini, tanınmış ekspert Aleksandr Xramçixin öz analizində bu suala cavab tapmağa çalışıb (virtualaz.org ). 
“Suallarla dolu forpost” məqaləsində o yazır ki, Ermənistan ordusu hazırda Cənubi Qafqazda ən az hərbi texnikaya malik ordudur, işğal altındakı Qarabağda nə qədər hərbi texnikanın və canlı qüvvənin dislokasiya olunduğu haqda isə dəqiq məlumat yoxdur. Xramçixinə görə, Ermənistan hər tərəfdən düşmənlərlə əhatə olunub, faktiki blokada vəziyyətindədir və ancaq İranın dəstəyi ilə tam iqtisadi blokadada qalmayıb. Ermənistan KTMT üzvü olsa da, coğrafi mövqeyi və faktiki təcrid vəziyyətində olması səbəbindən blokun fəaliyyətində iştirakı məhduddur. Onun KTMT ilə faktiki əlaqəsini Rusiyanın 102-ci bazası təmin edir.
Ekspert daha sonra Ermənistan ordu birləşmələrinin dislokasiya yerlərini və silahlanmasını nəzərə çatdırır və Ermənistanın hərbi-hava və hava hücumundan müdafiə qüvvələrinin üç aviabazadan, bir aviadəstədən, 96-cı zenit-raket briqadasından, iki zenit-raket polkundan ibarət olduğunu qeyd edir. 
Xramçixinə görə, Ermənistan ordusunun və onun Dağlıq Qarabağda yerləşdirilmiş işğalçı birləşmələrinin cəmi canlı qüvvəsi və texnikası hələlik Azərbaycan ordusunun hücumuna müqavimət göstərməyə imkan verir: “Lakin tendensiya Ermənistan üçün əlverişli deyil. Azərbaycanın iqtisadi göstəriciləri qat-qat yaxşıdır, sürətlə silahlanır və hazırda havada Ermənistan üzərində əzici üstünlüyə malikdir”.

Ekspert Ermənistandakı 102-ci Rusiya bazasının da silahlanmasına nəzər salır. Onun fikrincə, 102-ci bazanın Qarabağı müdafiə edəcəyi hələ fakt deyil, ancaq Türkiyə və ya Azərbaycan bilavasitə Ermənistan ərazisinə hücum etsə, bu baza İrəvanın tərəfində döyüşəcək.
 
Xramçixin Türkiyə ilə Ermənistan arasında mümkün hərbi toqquşma ehtimalına nəzər salır. Bildirir ki, əgər Rusiya Türkiyəyə öz ərazisindən zərbə endirsə, bilavasitə Türkiyə-Ermənistan sərhədində yerləşən 102-ci baza ön xətdə qalacaq. Türkiyə bu bazaya hücum etsə Ermənistan da döyüşə girməli olacaq. Çünki hərbi əməliyyatlar bilavasitə onun ərazisində gedəcək. Əgər Türkiyə bu bazanı hədəf almasa o zaman İrəvan və Moskva üçün dilemma yaranacaq: 102-ci baza döyüşə qatılsın, ya yox.
 
Müəllif qeyd edir ki, 102-ci baza və Ermənistanın bütün ordusu bir yerdə Türkiyə ordusu ilə müqayisədə zəifdir. Əgər Türkiyə bu toqquşmada bütün arsenalını işə salsa Ermənistan üçün ciddi problem olacaq. Ermənistan bu halda üstəlik şimaldan daha güclü rəqib Azərbaycanla da qarşılaşacaq. “Bu zaman Ermənistanın hərbi baxımdan tamamilə darmadağın edilməsi, bütün ərazisinin işğal olunması və təbii ki, Qarabağın da birdəfəlik itirilməsi təhlükəsi meydana çıxacaq” - Xramçixin qeyd edir.
 
Müəllifə görə, digər tərəfdən Ermənistan Rusiyanın tərəfində Türkiyə ilə döyüşə girməklə əsl müttəfiq olduğunu sübut edəcək. Əgər bu müharibə Türkiyənin geri çəkilməsi ilə başa çatsa, o zaman Ermənistan əsas təhdiddən ən azı bir müddət yaxa qurtaracaq. Belə vəziyyətdə Bakı da Qarabağ məsələsinn güc yoluyla həllinə risk etməyəcək.“Ona görə də mümkün Rusiya-Türkiyə hərbi qarşıdurması zamanı İrəvan üçün seçim olduqca mürəkkəb olacaq, ancaq bu seçimdən yaxa qurtarmaq da asan deyil” - analitik qeyd edir.
 
Hərbi ekspertin bu təhlili yazısı Ermənistanın NATO-da qarant axtarması fonunda və Sərkisyanın Moskvaya səfər öncəsi xüsusilə aktual görünür.
Cia.az