İran dövlətindən oğurluq etməkdə ittiham olunan Azərbaycan əsilli iş adamı Rza Zərrabın şəriki Babək Zəncani edam cəzasından xilas ola bilər.
İranın ədliyyə naziri Mustafa Pur Məhəmmədinin təklifi reallaşacağı təqdirdə milyarder iş adamı Zəncani edam olunmaya bilər. Belə ki, M.P.Məhəmmədinin dediyinə görə, Babək Zəncani İran dövlətindən oğurladığı 2 milyard 800 milyon dollar borcunu ödəsə edamdan qurtula bilər:
“Pulu hesabımızda görən kimi biləcəyik ki, razılığa gəlinib. Amma hələ ki, hesaba heç bir pul köçürülməyib”, – deyə nazir əlavə edib.
Babək Zəncaninin vəkili Rəsul Kuhpeyzadə isə bildirib ki, onlar məhkəmə qərarından apellyasiya şikayəti verəcəklər.
Qeyd edək ki, Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı Rza Zərrabın şəriki kimi tanınan Babək Zəncani məhkəmənin qərarı ilə martın 6-ı edam cəzasına məhkum edilib. O, İran dövlətindən oğurluq etməkdə, qaçaqmalçılıqda təqsirli bilinib.
Cia.az
