|
88 yaşlı türkiyəlini evlənmək adı ilə aldadan azərbaycanlı qadın həbs edildi

Türkiyənin Karabük bölgəsində 88 yaşlı kişini evlənmək adı ilə aldadan Azərbaycan əsilli iki qadın onun 10 min türk lirəsini oğurlayıb. Belə ki, aldadılan Niyazi Yalçın “Müge Anlı ile Tatlı Sert” verilişində evlənməyə hazırlaşdığı qadının şəklini görüb və polisə xəbər verib.

Öz fotolarını televiziya proqramında görən qadınlar isə qaçmağa cəhd edib. Oğurluq faktından xəbərdar olan polis isə Karabükdən Ankara istiqamətinə gedən avtobusları izləsə də, qadınları tapa bilməyib. Onların taksi ilə getdiyi məlum olub və 35 kilometrlik izləmədən sonra Samirə B. (43 yaş) və Natalya Mahmudova (55 yaş) adlı iki xanım saxlanılıb.

Polis idarəsində ifadə verən Niyazi Yalçın deyib ki, qadınları qonşusu vasitəsilə tanıyıb. Belə ki, qonşusundan evlənmək üçün tanışı olub-olmadığını soruşub və yaxınlıqdakı tikintidə işləyən fəhlələrdən biri onu Natalyanın atası ilə tanış edib:

“Atası Ağrıda yaşayırdı, qonşumla birlikdə ora getdik. Burada Natalyanın qardaşı bizdən evlənmə üçün 15 min türk lirəsi istədi, danışıb 10 min türk lirəsində razılığa gəldik. Bankdan pul çıxarıb 9 min TL verdim, daha sonra dedim ki, rəsmi nikaha girəcəyik. Bundan sonra da qardaşı məndən bacısı üçün 6 qızıl qolbaq istədi. Natalya ilə bir yerdə qohumları olan Samirə mənim yaşadığım yer – Karabükə gəldi. Toy üçün alış-veriş elədik, təsadüfən televiziya proqramında onların fırıldaqçı olduğunu öyrənib polisə xəbər verdim”.

Bu gün məhkəməsi baş tutan qadınlar haqqında hakim həbs qərarı çıxarıb. Məhkəmə zalından çıxanda ittihamları qəbul etməyən qadınlar “onun uşaqları pulunu oğurlayır, başını yeyir və günahı bizim üstümüzə atırlar. Bizi başqası ilə səhv salırlar”, – deyə özlərini müdafiə ediblər.

Polisin araşdırmasına görə isə, həmin qadınlar Türkiyənin daha bir neçə bölgəsində - Ankara, Çorum, İzmir, Niyde və s. yerlərdə yaşlı kişiləri evlənmək vədi ilə aldadıblar və saxta şəxsiyyət vəsiqələrindən istifadə ediblər.