Kiyev Milli Linqvistik Universitetinin konsert zalında Qafqaz rəqsləri məktəbinin beş illiyi münasibətilə bayram konserti olub.
Parlaq proqram, rəngarəng geyim, yeni quruluş və 600 tamaşaçı – bütün bunlar bir daha sübut edir ki, istedadlı həmvətənimiz Nicat Mirzəyev yaradıcı və peşəkar bir komanda formalaşdıra bilib.
Ansambl tamaşaçılara Azərbaycanın və Qafqazın milli rəqslərini təqdim edib. Konsertin sürprizi nağara şousu olub. Məktəbin gənc yetirmələrinin nağara sədaları altında ifa etdiyi hərarətli "Ləzginka" rəqsinə zalda oturanların hamısı heyran qalıb.
Yeri gəlmişkən, "Ləzginka"nın ən yaxşı ifası üçün tamaşaçılar arasında da müsabiqə keçirilib. Zaldakı iki cütlük müsabiqədə qalib gələrək gürcü ansamblı "Rustavi"nin, canlı əfsanə Vaxtanq Kikabidzenin konsertinə dörd bilet qazanıb.
Fəxri qonaqlar – "Şəms" Beynəlxalq Tərcümə Bürosunun rəhbəri, Qafqaz rəqsləri məktəbinin banilərindən biri, həmvətənimiz Şəmsi Məhərrəmov, Ukraynanın əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyev, "Ümid Mənbəyi” beynəlxalq festivalının direktoru, "Ukrayna dünyanı birləşdirir" beynəlxalq festivalının rəhbəri Svetlana Kuzmenko və başqaları konsert iştirakçılarını hərarətlə salamlayıb, məktəbə və “Qafqaz” ansamblına yeni yaradıcılıq uğurları arzulayıblar.
"Rostock" və "Dans Hayyat" ansamblları iştirakçılara öz musiqi hədiyyəsini təqdim edib.
Dahi ifaçı Rəşid Behbudovun bacısı oğlu – müğənni Cəfər Behbudov yüksək ustalığı və seçilən səsi ilə hamını heyran qoyub.
Cia.az
