Azərbaycan dövlət neft şirkəti SOCAR Gürcüstana 500 milyon kubmetr artıq qaz verməyə və bu ölkə əhalisinə satdığı qazın qiymətini daha da aşağı salmağa dair müqavilə imzaladı. Gürcüstana veriləcək əlavə qazın hansı mənbədən götürüləcəyinə dair müfəssəl məlumat yoxdur, çünki Azərbaycanda onsuz da qaz müqavilə öhdəliklərini yerinə yetirməyə və daxili tələbatı ödəməyə bəs etmir.
Və nə sirrdisə Gürcüstana qaz təchizatını artıran kimi Azərbaycanın özündə “Azəriqaz” abonentlərin qaz təchizatını bütöv rayonlar və yaşayış kvartalları üzrə dayandırmağa başlayıb. Bir qayda olaraq bu qaz kəsintiləri “profilaktika” və ya “kəmərlərdə təmir işləri” ilə əsaslandırılır. Lakin bu “profilaktik işlər” bir çox hallarda gözlə görünmür.
Məsələn, Bakının Suraxanı rayonundan sakinlər redaksiyamızla əlaqə saxlayaraq məlumat veriblər ki, bu gün saat 14 radələrindən qazsız qalıblar. Rayonun Bül-Bülə qəsəbəsindən zəng edən sakinlər deyirlər ki, qaz kəsintisinin səbəbini dəqiqləşdirə bilmirlər. “Azəriqaz”ın qaynar xətti və Suraxanı rayon Qaz İstismar İdarəsi telefonlara cavab vermir. Sakinlərin bildirdiyinə görə, bundan əvvəl də mənzillərinə verilən qazın təzyiqinin aşağı düşməsini müşahidə edirdilər. İndi sakinlər şübhələnirlər ki, “Azəriqaz” məhz onların qazından kəsib gürcülərin qazına “calayır”. Yəni Bakıda yaşayanlar soyuqdan donsa da olar, əsas odur Gürcüstan əhalisi qaz qıtlığı hiss etməsin...
Cia.az
