|
Azərbaycan neft hasilatının “dondurulma”sına razılıq verdi
Rusiya Azərbaycana neft hasilatını dondurmağı təklif edib. Cia.az musavat.com-a istaindən xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak ümid etdiyini bildirib ki, Azərbaycan da neft hasilatının dondurulmasına qoşulacaq. Novak həmçinin, Qazaxıstan və Azərbaycanın OPEK üzvü və digər neft hasil edən ölkələrin görüşündə iştirak edə biləcəklərini qeyd edib.
“Ümid edirik ki, bütün OPEK üzvü olan və olmayan ölkələr - Rusiya, Qazaxıstan, Azərbaycan, yəni neft ixrac edən ölkələr müvafiq qərarın çıxarılmasında iştirak edəcəklər”, - Rusiyanın energetika naziri belə deyib.
Qeyd edək ki, 2016-cı ilin fevral ayının 16-da Doxada keçirilmiş görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatının yanvar ayı səviyyəsində dondurulması barədə razılığa gəliblər, amma o şərtlə ki, digər istehsalçılar da bu təşəbbüsə qoşulsunlar. Buna hazır olduqlarını bildirən ölkələr arasında Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, BƏƏ var. İran və İraq bu atılan addımlara dəstək verdiklərini bildirsələr də, hələlik neft hasilatının dondurulmasına qoşulmaq barədə danışmaqdan çəkinirlər. 
Bu açıqlamadan sonra isə Azərbaycan neft hasilatının “dondurulmasına” razılıq verib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Azərbaycanın neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində “dondurulması” təklifinin gerçəkləşdirilməsinə hazır olduğunu bildirib. 
Yerli ekspertlər isə məsələyə fərqli prizmadan yanaşıblar. Ekspert İlham Şaban musavat.com-a açıqlamasında qeyd edib ki, Rusiya Azərbaycanı və Qazaxıstanı martın 20-də neftlə bağlı keçiriləcək toplantıya dəvət edib. Bu isə hasilatı yanvar ayı səviyyəsində saxlamağı təklif edən bir görüşdür: “Ancaq nə Qazaxıstanın, nə Azərbaycanın hasilatı yanvar səviyyəsində saxlamaq imkanları yoxdur. Qazaxıstanda 2016-cı ildə neft hasilatı hökumətin proqnozuna görə, 5 milyon ton azalacaq. Ötən il 79 milyon tondan artıq neft hasil edilmişdisə, bu il proqnoz üçün 74 milyondur. Azərbaycan üçün keçən il 41,69 milyon neft hasilatı olmuşdusa, bu il hökumətin proqnozuna görə, 40,7 milyondur. Əslində bundan da aşağı olacaq. Biz OPEK-ə daxil olmayan ölkə kimi neft hasilatının azalmasına təbii olaraq öz töhvəmizi vermiş olacağıq”,- deyə ekspert qeyd edib. 
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, təbii olaraq Azərbaycanda neft hasilatı azalır: “Azərbaycanda hasilatın pik nöqtəsi 2011-ci ildə keçib. 2012-ci ildən başlayaraq azalma davam edir. Keçən il 3 faizə yaxın hasilat azalmışdı. Bu il də 3-4 faiz civarında azalma gözlənilir. Süni yolla azalmaya getməyə ehtiyac da yoxdur. Buna Azərbaycan getməyəcək də. Ümumiyyətlə, Rusiyanın bu təşəbbüskarlığı ilə martın 20-də Peterburqda OPEK ölkələri ilə birgə Rusiyanın keçirəcəyi görüş əslində bazara sözlü müdaxilədən başqa real nəticələr verməyəcək. Çünki bütün neft hasil edən ölkələr bazarda öz payını qorumağa çalışır. Çox güman ki, heç bir iri neft istehsalçısı hasilatı azaltmayacaq. Burada çox maraqlı məsələ də var. Danışıqların nəticəsində yanvar ayının hasilat səviyyəsi qorumaqdan söhbət gedir. Yanvar ayının 12-si hasilatın həm Rusiyada, həm Səudiyyə Ərəbistanında, həm Küveytdə pik nöqtəsi olub. Hətta o səviyyələrdə qalsa da, neft bazarına ciddi təsir göstərməyəcək. Ancaq hələlik sözlü müdaxilələr, bəyanatlar bazarda müəyyən oynaqlıqlar yaradıb və bazara yuxarı yöndə təsir göstərib. Amma bu, müvəqqəti haldır. Danışıqların real nəticəsi olmaq ehtimalı çox qısadır”.
Cia.az