“Rusiyanın Xəzərdəki Hərbi Donanması Azərbaycana qarşı faktiki təcavüz hazırlıqlarına başlayıb”. Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies İnstitute - CDSİ) bildirir ki, bu barədə rusiyalı jurnalist Andrey Şipilov eyni adlı saytında dərc etdiyi məqaləsində vurğulayıb.
6“Rusiya Xəzər ölkəsinə müdaxilə hazırlığına başladı” adlı məqaləsində Şipilov bildirir ki, söhbət Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvyozda”nın bu yaxınlarda efirə verdiyi, amma diqqətdən kənarda qalan süjetindən gedir. Jurnalist bildirir ki, diqqət mərkəzində olan məsələ Rusiyanın Xəzərə “Murena” layihəli hava yastığı üzərindəki desant gəmisini buraxmaq təşəbbüsüdür. Süjetdə bildirilir ki, “bu, Xəzər regionunda həddən ziyadə zəruridir”.
“Zvyozda” telekanalının süjetində qeyd edilir ki, Rusiya “Murena”nı gələn ildən Xəzərə buraxmaq planına malikdir. Amma müstəqil ekspertlərin fikrincə, bu hadisə daha tez baş verə bilər. “Murena” desant gəmisi nədir? “Bu gəmi düşmənin sərhədyanı ərazilərinin zəbt olunması üçün nəzərdə tutulub və üzərində 140 desant qüvvəsi və bir tank və ya iki BTR apara bilər. Hava yastığındakı gəmi sərhədə yaxınlaşır və oradan canlı qüvvə çıxaraq döyüşə başlayır. Bununla yanaşı gəminin Hava Hücumundan Müdafiə sistemi desantları havadan dəstəkləyir, artilleriya isə sahildəki müqavimət nöqtələrini məhv edir” - deyə jurnalist qeyd edir.
Müəllifin sözlərinə görə, Rusiya hazırda Xəzərdə təcavüzə hazırdır. Belə ki, dənizə buraxılması nəzərdə tutulan texnika tamamilə hücum xarakterlidir və onun yeganə təyinatı sahilyanı ərazilərin zəbtidir:“Telekanalda verilən süjetdə qeyd edildi ki, bu gəmi hazırda çox vacib zərurət daşıyır. Beləliklə, bir sual açıq qalır: Hansı ölkənin ərazisi bu zərurətin hədəfidir?”,- deyə Andrey Şipilov bildirir.
Onun sözlərinə görə, bəllidir ki, Xəzər dənizi Rusiyadan başqa 4 ölkənin - Qazaxıstan, İran, Türkmənistan və Azərbaycanın sahillərini yuyur. Bu ölkələrdən hansının hücum hədəfi olacağını demək çətindir: “İranla müharibə hazırda çətin ki, Putinin planına aid olsun. Amma başdan-ayağa Türkiyəyə bağlı olan Azərbaycan isə tam mümkündür ki, hədəf olsun. Xüsusilə də xatırlatmaq lazımdır ki, Rusiya Ermənistanı bir neçə yüz milyon dollar dəyərində silahla təchiz etməyə başlayıb. Nazarbayevə (Qazaxıstan prezidenti) gəldikdə isə, o son zamanlar doğurdan da nəzarətdən çıxıb”.
Qeyd olunanları “Yeni Müsavat”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Rusiya həqiqətən də Xəzərdə hərbi qüdrətini, hərbi imkanlarını artırır. Belə olan halda isə sual olunur ki, Rusiya Xəzər dənizində hərbi qüdrətini kimə qarşı artırır? Çünki Xəzəryanı sahil ölkələri ilə Rusiyanın özünün də elan etdiyi strateji tərəfdaşlıq, müttəfiqlik münasibətləri var: “Xəzəryanı ölkələrin də heç birinin Rusiya ilə problemi yoxdur. Qazaxıstan, Türkmənistan, Azərbaycan və İranı Rusiya özünün strateji tərəfdaşları və müttəfiq dövlətlər adlandırır. Bəs, o zaman Xəzərdə əzələ nümayişi kimə qarşıdır? Tam demək olmaz ki, bu mütləq Azərbaycana qarşıdır. Azərbaycan, bəllidir ki, Türkiyənin strateji hərbi müttəfiqidir və Türkiyə-Rusiya münasibətləri pozulub. Bunu nəzərə alıb məntiqlə demək olar ki, Rusiya Azərbaycanı qorxutmaq istəyir. Amma Rusiyada onsuz da başa düşürlər ki, Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlıqdan imtina edəsi deyil. Rusiya anlamalıdır ki, biz dili, dini, kökü bir olan millətik və biz Türkiyə ilə münasibətləri qırmayacağıq. Sadəcə olaraq, Rusiya istəyir ki, Suriya məsələsində biz balansı qoruyaq. Bu məsələdə əslində biz Rusiyanın istəyi ilə hərəkət edirik. Bu, bizim də marağımıza uyğundur ki, birmənalı olaraq bu məsələdə nə Rusiya və İranın mövqeyindən çıxış edirik, nə də Türkiyə və Səudiyyə Ərəbistanının istədiyi İslam koalisiyasına qoşuluruq. Azərbaycan balanslı mövqeyini qoruyur. Bu baxımdan Rusiyanın Azərbaycana əzələ nümayişinə heç bir ehtiyac yoxdur”.
Ekspertin gəldiyi qənaət belədir ki, əslində Rusiyanın Xəzərdə hərbi donanmasının gücünü artırması enerji resursları ilə bağlıdır. Çünki TAP və TANAP layihələri artıq təsdiqlənib. Bakıdakı ötən həftə keçirilən böyük toplantıdan dərhal sonra Avropa Birliyi TAP layihəsini təsdiq edib və bu, Rusiyadan yan keçən marşrutdur: “Rusiya bundan narahat ola bilər. Azərbaycan qazının Avropaya çatdırılmasına Rusiya mane ola bilməz. Heç belə bir siyasət də yoxdur. Çünki Rusiya düşünür ki, Azərbaycan qazı Rusiya qazına Avropa bazarında alternativ olacaq qədər çox deyil. Rusiyanın qorxduğu, çəkindiyi Türkmənistanın bu layihəyə qoşulmasıdır. Türkmənistanın qazı kifayət qədər çoxdur, eyni zamanda Türkmənistanın bu layihəyə qoşulması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Ona görə də düşünürəm ki, Rusiyanın Xəzərdə əzələ nümayişi məhz onunla bağlıdır ki, Xəzəryanı ölkələrə, Türkiyəyə və Avropa Birliyinə mesaj göndərir ki, Moskva Xəzərin dibi ilə boru xəttinin inşasına yol verməyəcək. Məncə əsas hədəf bundan ibarətdir. Əslinə qalsa, Azərbaycan da Xəzərin dibi ilə boru xəttinin çəkilməsi üçün cidd-cəhdlə iş aparmır.
Azərbaycan sadəcə, öz qazını Avropaya çatdırmaq istəyir. Buna da Rusiyanın mane olmaq istəyi görünmür. Türkmənistanla Azərbaycanı birləşdirən boru xətti tikilməlidirsə, burada daha çox Türkiyə və Avropa Birliyi fəal olmalıdır. Əgər bu fəallıq yoxdursa, Azərbaycan özbaşına Rusiya əleyhinə Türkmənistanla danışıqlar aparıb xəttinin tikintisi üçün lobbi fəaliyyətində olmayacaq. Rusiyanın Xəzərdə ara-sıra hərbi manevrlər keçirməsi də əslində Türkmənistan qazının Avropaya çatdırılmasına mane olmaq məqsədi daşıyır”.
Bəs, Rusiya TAP layihəsini poza bilərmi?
E.Şahinoğlu hesab edir ki, Rusiya TAP layihəsini poza bilməz. Çünki Rusiyanın əlində alət yoxdur: “TAP layihəsi Azərbaycanın ”Şahdəniz" yatağından çıxarılacaq qazın nəqlini nəzərdə tutur. “Şahdəniz” yatağının Azərbaycana məxsusluğunu Rusiya da qəbul edir. Rusiya özü də Avropa Birliyinə qaz ixrac edir. Özü də başa düşür ki, TAP layihəsinə mane olmaq istəsə, məntiqsiz olar. Kremlə yaxın heç bir mediada TAP əleyhinə bir fikrə rast gəlinmir. Çünki kiçik həcmli qaz ehtiyatlarının Avropaya çatdırılmasını nəzərdə tutan layihədən Rusiya narahat deyil. Əgər gələcəkdə TAP-ın genişləndirilməsi və bura başqa dövlətlərin də qazının qoşulması məsələsi aktuallaşarsa, bu zaman Rusiyanın siyasəti dəyişə bilər".
Cia.az
