|
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb -
Mərkəzi Bank valyuta ehtiyatları barədə məlumat yayıb. Valyuta ehtiyatları ötən ay azalaraq 4 milyard 26,3 milyon ABŞ dolları olub. Bank bu məlumatı 29 fevral 2016-cı ilə olan statistika əsasında hazırlayıb. Qeyd edək ki, bu rəqəm yanvarın 29-da 4 milyard 398,5 milyon dollar təşkil edib.
Ekspertlər isə bildirirlər ki, valyuta ehtiyatlarının azalması manata olan təzyiqləri artıracaq. Hökumət və Mərkəzi Bank vəziyyətdən çıxış yolları axtarmalıdır. Onlar Mərkəzi Bankın hökumətlə birgə hansı addımlar atacağını təhlil ediblər.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, əslində Azərbaycanda “üzən məzənnə” yoxdur: “Azərbaycanda məzənnə inzibati qaydada Mərkəzi Bankla hökumətin razılığı əsasında müəyyən olunur və elan olunur: “Üzən məzənnəyə keçid üçün Azərbaycanda institusional heç bir addım atılmayıb bu illər ərzində. Ölkəyə valyuta gətirən çoxlu sayda şirkət də yoxdur. “Üzən məzənnə”yə keçidin iki əsas komponenti olmalıdır - institusional dəyişikliklər, qiymətlər, qiymətli kağızlar bazarı, sərbəst şəkildə dövr edən valyuta bazarı və ölkəyə onlarla, yüzlərlə şirkətlər lazımdır ki, dollar gətirsin, sonradan ölkə daxilində öz xərclərini ödəmək üçün bunu manata çevirmək üçün üzən məzənnə prinsipinə uyğun olaraq birjalar da valyuta dəyişsin. Belə bir institusional dəyişikliklər olmadı deyə, məzənnə bu gün də inzibatidir. Yaxın gələcəkdə də inzibati olaraq qalacaq. Mərkəzi Bankla hökumətin birgə danışıqları nəticəsində müəyyən strategiyası nəticəsində məzənnə müəyyən olunur. Azərbaycanda büdcə dəyişikliklərindən sonra xərcləmələr artdı. Çox maraqlı bir tendensiya yarandı. Büdcə xərcləmələri artdıqca, büdcədən ayrılan vəsaitlər artdıqca, investisiya layihələrinə, bir çox başqa xərcləmələrə büdcənin açılması prosesi baş verdikcə manatın məzənnəsinə təsirlər özünü göstərdi. Çünki Azərbaycanda iqtisadiyyatın böyük əksəriyyəti büdcə xərcləmələri ilə formalaşdırır. Və indi də büdcə xərcləmələrində artım müşahidə olunur, xərclər artır. 
 
Artıq bir çox layihələrə vəsaitlərin ayrılması prosesi gedir. Manata da təzyiqlər yüksəlməyə başlayıb. Bu tendensiya getdikcə artacaq. Çünki ölkənin idxaldan ciddi asılılığı var, ölkədən ciddi valyuta çıxışı var. Müxtəlif formalarda valyuta çıxışı var, həm idxal məhsullarının dəyərini ödəmək üçün, həm kapital axını şəklində, həm fərdi şəkildə çıxış var. Fərdi şəkildə də ölkədən kapital axını davam edir. Bank sektorunda olan problemlər, bank sektorunun dayanıqsız olması, güvənsiz durumu getdikcə də artdığından, insanlar banka deyil, daşınmaz əmlaka və valyutaya üstünlük verməyə başlayırlar. Daşınmaz əmlakı da xaricdə almağa üstünlük verirlər. Bu fakti sübut edən digər məsələ ondan ibarətdir ki, son üç ayda depozitlər 800 milyon manat azalıb. İnsanlar depozitlərini çıxarıb ya valyutaya çevirirlər, ya ölkədən çıxarıb daşınmaz əmlaka qoyurlar. Bu tendensiya davamlı olduqca idxaldan asılılığın yüksək səviyyədə olduğunu nəzərə alaraq, gəlirlərin də azalması fonunda, təbii ki, manata basqılar artacaq. Amma düşünürəm ki, həm hökumət, həm Mərkəzi Bank iki kəskin devalvasiyadan bir dərs çıxardılar. Bunun iqtisadiyyata ciddi zərbə vurduğunu anladılar. İndi yumşaq formada bu prosesi aparmağa çalışacaqlar. Yəni günlük artımlarla, məzənnənin daha rahat şəkildə dəyişməsini kəskin dəyişmələrdən yayınmağa çalışacaqlar. Görünən bir həftədə olan siyasət də məhz buna xidmət edir. Məsələn, rəsmi məzənnə bir həftə əvvəl 1,56 idi, indi 1,61-ə qalxıb. Beş qəpik qalxması bir həftə ərzində özü çox böyük artım sayılır. Bu tendensiya getdikcə davamlı olacaq. Manatın məzənnəsinin harada dayanması haqqında fikir yürütmək çox çətindir, heç kim proqnozlaşdıra bilməz ki, harada dayanacaq. Ən azından, yaxın aylarda öz real qiymətini tapana qədər Mərkəzi Bank və hökumət birlikdə manatın məzənnəsinin aşağı salınması tendensiyansını davam etdirəcək. Bu, 1,80-ə qədər də ola bilər, 2 manata qədər də, 2 manatı keçə də bilər. Hökumətin tutduğu mövqedən asılı olacaq, hansı sürətlə manatı dəyərsizləşdirməyi düşünürlər. Manatın yumşalması prosesi getdikcə davamlı olacaq”.
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatının azalmasının qarşısını almaq üçün iki yol var: “Ya Neft Fondu ona pul verəcək, ya da manatın ucuzlaşdırılması. Yəqin hələlik birinci olacaq. Çünki növbəti devalvasiya olsa banklar çökəcək. Yaxın müddətdə olarsa, maliyyə sektorunda vəziyyət daha da pisləşəcək. Mərkəzi Bankın valyuta ehtiyatı tükənə bilməz, buna imkan verə bilməzlər. Eyni zamanda Mərkəzi Bank daha bazara dollar buraxmayacaq. Manat sərbəst buraxılsa, dollar iki manatı da keçə bilər. Ona görə də bir yolu var - Neft Fondundan dollar götürüb satsın və məzənnəni belə saxlasın. Ən real variant budur, belə də olacaq”.
Cia.az