|
Tanınmış tənqidçi vəfat etdi

Tənqidçi Cavanşir Yusifli dünyasını dəyişib. Bu barədə APA-ya yazıçı, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, C. Yusifli dünən axşam saat 10 radələrində ürək çatışmazlığından vəfat edib.

C. Yusifli Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında dəfn olunub.

Cavanşir Əziz oğlu Yusifli 1954-cü il sentyabr ayının 26-da Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib (1986). Yardımlı rayonunda müəllim işləyib (1986-1987). 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M.F.Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1991-1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir. 2000 və 2008-ci illərdə Prezident təqaüdünə layiq görülüb.