|
Mərkəzi Bank uçot dərəcəsini yenidən artırdı - kreditlər bahalaşacaq...
Ekspertlər bildirirlər ki, hökumət manat kreditlərini bahalaşdırmaqla manatı dollara dəyişmək istəyini azalmağa çalışır...
 
Mərkəzi Bank uçot dərəcələrini yenidən artırıb. Bununla bağlı yayılan xəbərdə bildirilir ki, makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yeni meylləri nəzərə alaraq, Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirib. 
 
Mərkəzi Bankdan Musavat.com-a verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17 faiz səviyyəsində müəyyən edilib. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2 faiz səviyyəsində saxlanılıb.
 
Eyni zamanda qərara alınıb ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo-əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər. Bunlardan əlavə məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilib, müvafiq normativ baza hazırlanıb.

Ekspertlər uçot dərəcələrinin artırılmasının səbəblərini və nəyə hesabıandığını açıqlayıblar. Ekspert Natiq Cəfərlinin sözlərinə görə, bununla kreditlər bahalaşacaq, bu da ağır olan iqtisadi aktivliyi daha da aşağı çəkəcək: “Kreditlərə çıxış imkanları azalacaq. Biznes daha baha kredit almaq məcburiyyətində qalacaq ki, bu da mal və xidmətlərin qiymətini bahalaşdıracaq. Bu qərarın verilməsinin bircə məntiqi var ki, müəyyən inflyasiya proseslərinin qarşısını almaq məqsədi daşıyır. Görünür, Mərkəzi bankın inflyasiya olacağı ilə bağlı gözləntiləri var. Çünki uçot dərəcəsini 7 faizə qaldırmaq o deməkdir ki, kredit faizləri avtomatik artacaq”. 
 
Ekspertin sözlərinə görə, kredit bazarında durum çox ağırdır. Banklar kredit verə bilmir, həmçinin verilən kreditlər geri qayıtmır. Bu qərarla Mərkəzi Bank kreditləri daha da bahalaşdırıacaq: “Ən azı 2 faiz kredit faizlərinin artmasının şahidi olacağıq. Ölkə iqtisadiyyatını durğunlaşdıracaq bir qərardır. Bank sektoru stimullaşdırıcı proqramlar gözləyirdi, əksinə oldu. Son bir ay ərzində ikinci dəfə belə bir addımın atılması onu göstərir ki, Mərkəzi Bankın və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının problemləri hökumətin etiraf etdiyindən qat-qat dərindir”.
 
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, uçot dərəcəsinin yenidən artırılacağı gözlənilən idi: “Dövriyyədə manat qıtlığı var. İqtisadiyyatımız iflic vəziyyətə doğru gedir. Bu qıtlığı banklara manat kreditləri verməklə aradan qaldırmaq olar. Lakin Mərkəzi Bank bunu vermir. Qorxur ki, verdiyi manatı da dollara çevirməyə başlayacaqlar və olan qalan valyuta ehtiyatları da əlindən çıxacaq. Buna görə də uçot dərəcəsini qaldırır ki, manat kreditləri bahalaşsın və manatı dollara dəyişmək istəyi azalsın”.
 
Əksər ekspertlər bildirirlər ki, bu artım da son deyil. Yəni il ərzində Mərkəzi Bank mərhələlərlə uçot dərəcəsini artıracaq. Mərkəzi Bank bu addımı ilə son aylar artan inflyasiyanı cilovlamaq istəyir. Çünki idxaldan asılı olan Azərbaycan üçün dolların bahalaşması yüksək inflyasiya vəd edir. Hətta son aylar alıcılıq qabiliyyətinin itməsi fonunda bir sıra qeyri-ərzaq mallarının ucuzlaşması da inflyasiyanın qarşısını almaq gücündə deyil. Mərkəzi Bank yaxın bir ildə pul kütləsini azaltmaq hesabına, hökumət isə inzibati metodlardan və müəyyən vergi güzəştlərindən istifadə etməklə qiymətləri tənzimləməyə çalışır. 
 
Ekspertlərin fikrincə, bunun səmərəsi uzunmüddətli ola bilməz. Həmçinin, pul kütləsinin qısa müddətdə 2 dəfəyədək azaldılması iqtisadiyyat üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. Ehtimallara görə, Mərkəzi iqtisadi aktivliyi artırmaq və manat kreditlərinə əlçatanlığını təmin etmək üçün pul kütləsini artırmaq niyyətindədir. Buna görə də inflyasiyanı cilovlamaq üçün digər alətlərdən istifadə edir.
Cia.az