Dünyanın ən məşhur muzeylər şəbəkəsindən biri olan və mərkəzi Londonda yerləşən “Madam Tüsso” muzeyinin daha bir filialı Türkiyənin İstanbul şəhərində açılacaq. Muzeydə mumdan heykəli qoyulacaq məşhurların da adları artıq bəllidir.
Muzey İstanbuldakı “Grand Pera” alış-veriş mərkəzində açılacaq. Orada məşhur aktrisalardan Demet Akbağ, Hülya Avşar, Beren Saat, aktyorlardan isə Kıvanç Tatlıtuğun mumdan heykəli olacaq. Müğənnilərdən isə Tarkan və MFÖ qrupunun üzvləri Mazhar Alanson, Fuat Güner və Özkan Uğurun heykəlləri yer alacaq.
Məlumatlara görə, Londondan gələn nümayəndə heyəti artıq adı çəkilən məşhurlarla görüşlərə başlayıb və heykəli hazırlamaq üçün lazım olan bədən ölçüləri götürülüb.
Qeyd edək ki, dünyanın bir çox yerində filialı olan bu muzeylər şəbəkəsində Mustafa Kamal Atatürkdən Barak Obamaya qədər müxtəlif siyasətçilərin, Elvis Presli, Madonna, Leydi Qaqa kimi məşhur müğənnilərin və başqa bir çox məşhurun mumdan heykəli sərgilənir.
Cia.az
