Rusiya-Türkiyə münasibətlərində gərginlik qalmaqda davam edir. Regionun iki ən güclü ölkəsinin toqquşması sözsüz ki, bəlli səbəblərdən Azərbaycan üçün daha çox arzuolunmazdır. Bu baxımdan ən çox Azərbaycan iki dövlətin barışmasına və hətta bu prosesdə vasitəçi olmağa belə hazırdır.
Bəs belə olan məqamda Azərbaycan nə etməlidir? Putinlə Ərdoğanın barışmasında Azərbaycanın vasitəçilik imkanları nə dərəcədə realdır? Politoloq Ərəstun Oruclu münaqişənin həllində daha böyük dövlətlərin vasitəçilik etməli olduğunu bildirdi: “Mən düşünmürəm ki, Azərbaycanın bu iki ölkə arasında vasitəçilik etmək imkanı var. Düzdür, bu təkliflər mətbuat və ictimaiyyət səviyyəsində səsləndirildi, lakin düşünmürəm ki, Türkiyə və ya Rusiya bunu ciddi şəkildə qəbul edəcək. Hazırda bizim gördüyümüz bir qədər başqa prosesdir, məsələnin başqa tərəfidir. Hər iki ölkə biri açıq şəkildə, biri bir qədər qapalı şəkildə Azərbaycandan mövqe ortaya qoymağı tələb edir.
Bu, Azərbaycan üçün ciddi problemdir. Ancaq mən düşünmürəm ki, Azərbaycan bu işdə vasitəçi ola bilər. Burada Avropa Birliyi, Amerika və digər böyük dövlətlər vasitəçi ola bilər. Lakin hazırda bu ölkələrin də Rusiya ilə münasibətlərində problemlər var. Yaxşı olar ki, onlar öz aralarında anlaşsınlar. Azərbaycan bu ölkələr üçün sadəcə tərəfdaş kimi maraqlıdır. Azərbaycan nüfuz ortaya qoymaq üçün çox kiçik ölkədir”.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə qeyd etdi ki, vasitəçilik təşəbbüsü Rusiya tərəfindən isti qarşılanmadığı üçün Azərbaycanın bunu etməyinə ehtiyac yoxdur: “Bu barədə birmənalı fikir söyləmək çox çətindir. Çünki yetərincə həssas mövzudur. Burada proqnoz vermək də çətindir. Mən hesab edərəm ki, bu haqda müzakirə aparmağa ehtiyac yoxdur. Çünki Rusiya tərəfindən bu cür təşəbbüslər çox aqressiv qarşılanır. Məsələn, Türkiyə Rusiyadakı kömür mədənində baş verən qəza ilə bağlı Rusiyaya başsağlığı verdi, Rusiya isə buna adekvat olaraq cavab vermədi. Əksinə, Türkiyəyə qarşı əvvəlki aqressiya hələ də özünü göstərməkdədir. Belə bir vəziyyətdə ortalığa atılan və barışdırmaq missiyasını həyata keçirmək istəyən istənilən ölkə, dövlət başçısı və o cümlədən bizim prezidentimizin bu təklifi də Rusiyan tərəfindən adekvat qarşılanmadı. Əgər bizə qarşı aqressiv münasibət varsa, belə bir təşəbbüslə çıxış etməyə ehtiyac yoxdur”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə vurğuladı ki, Azərbaycan istənilən halda bu istiqamətdə cəhd etməlidir və burada Rusiyanı seçmək və ya Türkiyəni seçmək kimi bir mövqe tutmamalıdır: “Çünki bizim strateji müttəfiqliyimizin Türkiyə ilə olduğu aydındır. Ancaq proses və bu hadisənin masştabı çox böyükdür. Bu, təkcə Azərbaycanın imkanları ilə və ya gücü ilə həll oluna bilən məsələ deyil. Ancaq nə mümkündürsə, etmək lazımdır, o cümlədən Türkiyə ilə strateji müttəfiqliyə də diqqət yetirmək lazımdır. Azərbaycanın dövlət maraqları nəzərə alınmaqla bu cür addımlar atıla bilər. Bu, Azərbaycan üçün də çox ciddi problemdir. Qlobal bir hadisədir. Biz də bu prosesləri narahatlıqla izləyirik. Bu məsələdə ümumilikdə Azərbaycan cəmiyyətində ciddi narahatlıq var”.
Cia.az
