|
Bakı ilə Tiflis arasında mühüm anlaşma -
Dünən Tiflisdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında qaz anlaşması əldə edilib. Bu məqsədlə tərəflər dörd sənəd və Gürcüstanın Azərbaycandan əlavə olaraq 500 milyon kubmetr qaz alması ilə bağlı SOCAR və Gürcüstan hökuməti arasında memorandum imzalanıb.
Rəsmi məlumata görə, birinci sənəd qonşu ölkəyə qaz tədarükü müqaviləsinə edilən dəyişikliklər barədədir. Bu sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru David Tvalebeyişvili, “SOCAR Gas Export-Import” MMC-nin direktoru Zaur Quliyev imzalayıblar.
İkinci sənəd isə qaz alqı-satqı müqaviləsinə dəyişikliklərin edilməsi barədədir və sənədi SOCAR prezidenti və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzalayıb. Bu sənədə aid həm də öhdəliklərin icrası barədə “Zəmanət öhdəliyi” imzalanıb.
Hüquqların ötürülməsi barədə Aktı isə Rövnəq Abdullayev, “SOCAR Georgia Gas” MMC-nin direktoru Azər Məmmədov və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzalayıblar. SOCAR və “SOCAR Georgia Gas” MMC arasında qaz alqı-satqısı barədə müqaviləsini isə Rövnəq Abdullayev və “SOCAR Georgia Gas” MMC-nin direktoru Azər Məmmədov imzalayıb.
Əldə olunan razılığa əsasən, SOCAR Gürcüstana satdığı sosial qazın qiymətini aşağı salacaq. Bu, milli valyutanın məzənnəsinin dəyişməsindən əziyyət çəkən əhaliyə dəymiş ziyanın bir qismini kompensasiya etməyə imkan verəcək. Bundan başqa, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.
Anlaşmanın əhəmiyyətindən danışan Kaxa Kaladze deyib: “Azərbaycandan nəql olunan qazın həcminin artırılmasından sonra İrandan qaz nəql etməyə ehtiyac yoxdur. Biz Azərbaycanla paralel İran tərəfi ilə də danışıqlar aparırdıq. Nəzəri cəhətdən İrandan qaz idxal etmək mümkündür. Lakin indiki durumda buna heç bir ehtiyac yoxdur”.
***
Beləliklə, aylardır sürən qaz müzakirələrini və mübahisələri artıq bitmiş hesab eləmək olar. Bununla da SOCAR müəyyən güzəştlər hesabına olsa belə, Gürcüstanın qaz bazarında öz mövqeyini qoruyub saxlaya bildi. 
 
Son anlaşma ilə həmçinin Qərb qapı qonşumuzun Rusiyadan daha güclü energetik, demək, həm də güclü siyasi asılılığa düşməsi aradan qalxıb, daha vacibi, işğalçı Ermənistanın Gürcüstana İran qazı üçün tranzit ölkə olmaqla iqtisadi mənfəət götürmək arzusu gözündə qalıb.
 
 
Kaladzenin açıqlamasından sonra yəqin ki, Tiflis hökumətinin “Qazprom” şirkəti ilə danışıqlarına da tezliklə yekun vurulacaq.    
Xatırladaq ki, son anlaşmaya kimi Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacının 88%-ni ödəyirdi. Yerdə qalan ehtiyac isə Ermənistana Rusiyadan gedən qaz kəmərinə görə alınan qaz kompensasiyası (tranzit haqqı) hesabına dolurdu.  
Cia.az