|
Prezident gömrükdə islahatlar aparılmasına dair sərəncam verdi
Prezident İlham Əliyev gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, məcburi sertifikatlaşdırılmalı olan malların siyahısının azaldılması məqsədi ilə “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” NK-nın 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarının yeni redaksiyasını iki ay müddətində prezidentlə razılaşdırmaqla təsdiq etsin.
Həmçinin NK baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, vahid siyahısını iki ay müddətində müəyyən edib bu barədə prezidentə məlumat verməli və müvafiq tədbirlərin maliyyələşməsini müəyyən olunmuş qaydada təmin etməlidir. 
 
Dövlət Gömrük Komitəsinə isə tapşırılır ki, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etsin;
- Elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etsin;

-  Gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirsin;

- Gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş və AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etsin;

- Vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatın (şəhadətnamənin) və mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin əvvəlcədən yoxlanılmasını və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışını həyata keçirsin;

- AR ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin azaldılması üçün müvafiq tədbirlər görsün;

- Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi üçün əlavə tədbirlər görsün;

- Xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək məqsədi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişiklik və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin), qərarların gömrük işində operativ tətbiqini təmin edən mexanizmlər hazırlasın.
 
Sərəncamda qeyd edilir ki, Gömrük Komitəsi Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, iki ay müddətində gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi ilə bağlı təkliflərini; malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılmasını təmin edəcək Qaydaların layihəsini və ş əffaflığın artırılması məqsədi ilə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etsin.
Sərəncamda həmçinin qeyd edilir ki, DGK Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti ilə razılaşdırmaqla, iki ay müddətində Dövlət Gömrük Komitəsinin məlumat bazasının “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilməsi, Dövlət Gömrük Komitəsinin qeyd olunan sistemin “Sərhədkeçmə” informasiya resursundan istifadəyə buraxılışının təmin olunması və sistem daxilində DGK, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılması məqsədi ilə müvafiq normativ hüquqi aktların layihələrini, dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin.
Sərəncama görə, DGK və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Gömrük Məcəlləsinin 244.2-ci maddəsinə uyğun olaraq gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində poçt şöbələrinin yaradılmasını altı ay müddətində təmin etməlidirlər. 
 
Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri isə ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən etməli; ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə DGK-ya ötürülməsini təmin etməlidirlər. 
 
Ekspertlər bildirir ki, bu sərəncamda göstərilən məsələlər kiçik və orta sahibkarlığın inkişafına daha ciddi təsir göstərəcək. Uzun müddət idi ki, gömrük sistemindəki arzuolunmaz durumun aradan qaldırılması məsələsi gündəmdə idi. Ekspertlər bildirir ki, son sərəncam bu sistemdə vəziyyəti köklü surətdə dəyişəcək.

Prezidentin sərəncamını qiymətləndirən iqtisadçı alim Qubad İbadoğlu bunu müsbət qiymətləndirib: “Bu sərəncam bir daha göstərdi ki, həqiqətən də hazırda iqtisadiyyatın ən ağrılı yerlərindən biri mövcud gömrük sistemidir. Belə olmasa idi, prezident səviyyəsində son 3 ayda xarici ticarət və gömrük sistemi ilə bağlı 5 sənəd imzalanmazdı. Təəssüflər olsun ki, DGK prezident sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi əvəzinə əsas diqqətini dövrü mətbuatda dərc olunan yazıları arqumentsiz cavablandırmağa yönəldib. 
 
Kompleks yanaşma baxımından son sərəncam əvvəlkilərdən fərqlənir və bu sənəddə Azərbaycan Demokratiya və Rifah Hərəkatının təqdim etdiyi “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”ndə olan bir sıra tədbirlər də yer alıb. Eyni zamanda mənim dəfələrlə qaldırdığım güzgü metodologiyası vasitəsilə gömrük statistikasının təkmilləşdirilməsinə dəstək olaraq, xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək bir vəzifə kimi DGK-nın qarşısına qoyulub. Bu sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi xüsusilə də böhran dövründə çox vacibdir. 
 
Lakin yaxşı olardı ki, onların icrasını qiymətləndirmək və nəticələrini ölçmək üçün indikatorlar da müəyyənləşdirilməlidir. Belə indikatorların siyahısına gömrük sərhədinə girən maşınların neçə dəqiqə ərzində oranı tərk etmək, elektron xidmətlərdən istifadə edənlərin statistik sayı, iş adamının təqdim etdiyi sənədlərin sayı və onlara sərf etdiyi vaxtın müddəti və digərləri aid edilə bilər. Bu, son nəticədə gömrük sərhədində mal dövriyyəsinin necə sürətləndiyini və vaxt itkisinin necə aradan qaldırılmasını qiymətləndirməyə imkan verər".(musavat)
Cia.az