Avropanın Mərkəzi Bankı maliyyə və kapital bazarları Komissiyasının müraciəti əsasında Latviyanın “Trasta komercbanka” bankının lisenziyasını ləğv edib.
Buna səbəb bankın uzun müddətdir fəaliyyətində ciddi pozuntulara yol verməsi, ziyanla işləməsi və cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi sahəsində intensiv pozuntulara yol verməsi göstərilir. Bankın lisenziyasının alınması barədə qərar Latviya vaxtı ilə dünən saat 24.00-dan qüvvəyə minib.
Bankın idarə heyətinin sədri Qundars Qrieze deyib ki, Avropa Mərkəzi Bankının qərarından məhkəməyə şikayət verəcəklər. Latviyanın baş naziri Maris Kuçunskis isə deyib ki, bankın lisenziyasının alınması ölkənin bank sisteminə ciddi təsir etməyəcək. Çünki “Trasta komercbanka” ölkənin 13-cü ən iri bankıdır və maliyyə bazarlarında payı elə də böyük deyil.
“Trasta komercbanka”nın lisenziyasının ləğv edilməsi ona görə xüsusi maraq doğurur ki, bu bankın Azərbaycanda da filialı var. Özü də adı çirkli pulların yuyulmasında və dələduzluqda hallanır.
Bir neçə il əvvəl “Trasta Komercbanka” Azərbaycanda “TKB Leasing” Səhmdar Cəmiyyəti adı altında törəmə şirkət təsis edib və ölkənin maliyyə bazarına daxil olub. Bank sektorundakı mənbələrdən virtualaz.org-a məlum olub ki, bu törəmə şirkətin əsas funksiyası Azərbaycandan Avropa İttifaqına üzv ölkələrin banklarına pul köçürmələrini və yerləşdirilməsini təmin etməkdən ibarət olub. Bu məqsədlə Latviyada və offşor zonalarda qeydiyyatdan keçmiş, “kağız üzərində”ki şirkətlərdən istifadə olunub. Söhbət çirkli pulların leqallaşdırılması əməliyyatından gedir və mənbələr bildirir ki, bu bankda leqallaşdırılan vəsaitə görə “komission” kifayət qədər yüksək olub-təxminən 20 faiz təşkil edib.

Saytında göstərilən məlumatlara əsasən “TKB Leasing” Səhmdar Cəmiyyəti Azərbaycanda sahibkarlara lizinq xidmətləri göstərilməsi, kommersiya fəaliyyəti, eləcə də kiçik və orta biznesin inkişafı üçün kreditlərin verilməsi kimi fəaliyyətlərlə məşğuldur. “TKB Leasing”-in rəhbəri və “Trasta Komercbanka”-nın Azərbaycan nümayəndəsi Bayəli Mürsəlov təyin edilib.
2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Latviyada qeydiyyatdan keçmiş “Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bəyəli Mürsəlov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açıb.
Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Bakı sakinindən daxil olmuş şikayət əsasında başlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, B.Mürsəlov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə mənimsəyib. Bu cinayət işinə dair istintaqın nəticələri barədə məlumat yoxdur.
Cia.az
