|
Azərbaycandakı multimilyonerlərin sayı müzakirələr yaradıb
Londonda fəaliyyət göstərən Knight Frank LLC beynəlxalq şirkəti dünya multimilyonerləri ilə bağlı hesabatını yayıb. 2015-ci il ərzində dünyada 30 milyon dollar və daha çox kapitala malik olan varlıların ümumi sərvəti 20.8 trilyon dollardan 19.3 trilyon dollara qədər azalıb.

Hesabatda göstərilir ki, dünyada multimilyonerlərin sayı 5500 nəfər azalıb.
 
Buna baxmayaraq, 2005-ci illə müqayisədə belə şəxslərin sayı 61% yüksəlib. 2015-ci ilin sonlarına olan məlumata görə, dünyada şəxsi sərvətinin həcmi 30 milyon dollar və daha çox olan 187.5 min adam var.
 
Şirkətin hesabatında diqqətçəkən məqamlardan biri Azərbaycanla bağlıdır. Siyahıda yalnız Monqolustandan geri qalan ölkəmiz 444 faiz artımla ikinci sırada qərarlaşıb. İlk üçlüyü Vyetnam qapayır. Sənəddə deyilir ki, 2005-ci ildə Azərbaycanda sərvəti 30 milyon dollar və daha çox olan şəxslərin sayı təqribən 1000 nəfər olub, 2015-ci ildə isə belələrinin sayı 5600 nəfərə çatıb.
 
Hesabatdakı Azərbaycan multimilyonerlərinin sayı ciddi müzakirə mövzusuna çevrilib. Ölkəmizdə bu qədər varlı şəxsin olmaması ilə bağlı müxtəlif fikirlər səslənir. Şirkətin hesabatının qərəzli olduğu deyilir. Amma bununla belə, hesabata tərəf çıxıb, onun doğruluğuna inanlar da az deyil. Sosial şəbəkələr və mətbuatın hazırda əsas müzakirə mövzularından biri budur. İqtisadi böhranın yaşandığı ölkədə bu qədər multimilyonerin olması qıcıq oyadıb. Milyonçuların sayının sürətlə artması müəmmalıdır.  
İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, Azərbaycanda multimilyonerlərin sayı hesabatdakından daha çoxdur: “Hansı standartlarla belə qənaətə gəlinməsi barədə heç nə deyə bilmərəm. Amma mənə elə gəlir ki, real multimilyonerlər hesabatda göstərildiyindən daha çoxdur. Hətta milyarderlər də var. Ölkəmizdəki multimilyonerlər və milyarderlər leqal deyillər. Onların əksəriyyəti məmurlar, yaxud məmurların ailə şirkətlərinin sahibləridir. Azərbaycanda iri oliqarx deyəndə, ölkəmizdəki oliqarxlardan söhbət gedir. Yalnız Hacı İbrahim Nehrəmli və Hafiz Məmmədovun adını çəkə bilərik. Bu şəxslər həqiqətən böyük kapital sahibidirlər. Qalan hallarda digər multimilyonerlərin adlarını bilmirik. Hesabatda bildiyim qədəri ilə leqal gəlirlər əsas götürülür. Azərbaycanda isə leqal gəliri olan, vergi ödəyən multimilyoner yoxdur. Bu hesabatı qeyri-ciddi saymıram. Amma hesab edirəm ki, Azərbaycanla bağlı simvolik rəqəmlər göstərilib. 10 nəfər 100 milyondan çox sərvəti olan şəxs göstərilir. Amma bu rəqəm ölkəmizdə qat-qat çoxdur. 100-ə yaxın 100 milyondan çox maddi vəsaiti olan oliqarx var. Milyardlarla vəsaitləri olan şəxslər də var. 
 
Bunları ölkəmizdə hər kəs tanıyır. Amma onlar milyarder sayılmırlar. Çünki vergi ödəyicisi deyillər. Avropada milyarder deyəndə, ilk növbədə onların büdcəyə ödədikləri vergilər əsas götürülür. Amma Azərbaycanda bunun əksidir. Onların ailə şirkətləri də büdcəyə simvolik məbləğlər ödəyirlər. Bu faktdır ki, Azərbaycanın büdcə gəlirinin 70%-i neft sektorunun hesabınadır. Qeyd olunan multimilyonerlər milyonçu sayıla bilməzlər. Çünki vergi ödəmirlər, mənimsəmə yolu ilə bu qədər maddi vəsait toplayırlar”.

Q.İbrahimli dövlətin bu tipli şəxslərin qarşısını alma yollarından da söz açdı: “Kütləvi həbslər yolu ilə problemin həllinin tərəfdarı deyiləm. Ölkəmizdə liberal iqtisadi islahatlar həyata keçirilməlidir.  Bu yolla həmin şəxslərin vəsaitlərinin iqtisadiyyata yatırılmasına imkan  yaranar. Onlar qeyri-leqallıqdan leqal fəaliyyətə bu yolla keçə bilərlər. Hesabatda ölkəmiz əleyhinə elə bir işarə yoxdur. Hansısa yollarla hesablanan hesabatdır. Heç bir qərəz yoxdur. Sadəcə, ölkəmizdəki multimilyoner və milyarderlərin digər ölkələrdəkindən fərqləri leqal olmamalarıdır”.(musavat)
Cia.az