|
Yoluxucu xəstələr işdən çıxarılacaq - ekspertlərin şərhi
Səhiyyə Nazirliyi “Dövlət sanitariya-epidemioloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar istifadə edilən sənədlərin tərtibi və tətbiqi Qaydaları”nı təsdiq edib. Yeni qaydalara görə, parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslər işdən kənarlaşdırılacaq. 
Bu qaydalar Dövlət Sanitariya Nəzarəti Xidməti tərəfindən qeyri-sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qüvvədə olan sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulması hallarında məhdudlaşdırıcı tədbirlərin tərtib və tətbiq edilməsi qaydasını müəyyən edir. 
Qeyri-sahibkarlıq subyektlərinə münasibətdə normativ hüquqi aktların pozulması hallarında xidmət tərəfindən təşkilatların, ayrı-ayrı sahələrin, otaqların, binaların, qurğuların, avadanlığın, nəqliyyat vasitələrinin istismarını, eləcə də ərzaq xammalının və qida məhsullarının saxlanmasını, daşınmasını, içməli su mənbələrindən, təsərrüfat və ya sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə olunmasını zəruri tədbirlər görülənədək və normativ hüquqi aktların mövcud pozuntuları aradan qaldırılanadək dayandırılır, normativ hüquqi aktlara əməl etmək mümkün olmadıqda işə xitam verilir, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxsləri, habelə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslər işdən kənarlaşdırılır. 
 
Şəxs məcburi göstərişləri yerinə yetirməsi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuları aradan qaldırması barədə xidmətə yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində xidmət pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində məcburi göstərişlərin yerinə yetirilmədiyi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur, şəxsə yazılı məlumat verilməklə qərar qüvvədə qalır. 
 
Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduqda xidmət məhdudlaşdırıcı tədbirlərin ləğvinə yazılı razılıq verir. Məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılması barədə xidmətə yazılı məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində xidmət tərəfindən yazılı məlumat verilmədikdə qərar qüvvədən düşmüş hesab edilir.
 
Maraqlıdır, Səhiyyə Nazirliyinin qəbul etdiyi bu qərar insan haqları, Əmək Məcəlləsinə zidd deyilmi?
Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov Səhiyyə Nazirliyinin belə bir qərar vermək səlahiyyətinin olmadığını dedi: “Bu, əmək qabiliyyətini müvəqqəti itirmə halı kimi gedə bilər. Amma Səhiyyə Nazirliyinin bu qərarı Əmək Məcəlləsinə zidd olmamalıdır. Əgər işçi qrip, vərəm və digər xəstəliklərə tutulubsa, o zaman bu şəxs ətrafdakılar üçün də təhlükə yaradır. Təbii ki, bu şəxs müalicə olunmalıdır. Amma bizdə əksinə olur. SPİD, şəkərli diabet kimi bir neçə xəstəlik var ki, bu xəstəliklərdən əziyyət çəkən insanların işləməsi Əmək Məcəlləsinə görə qanunla qadağan olunub. İnfeksion xəstəliklərə gəlincə isə Səhiyyə Nazirliyi belə bir qərar vermək səlahiyyətində deyil. Çünki əmək məsələlərini onlar tənzimləmir. Əgər insan toksid maddə, narkotik qəbul edərsə, həmin şəxs işdən kənarlaşdırılır və ona ödəniş edilmir. Əgər insan yoluxucu xəstəliyə tutulubsa, müvəqqəti işdən kənarlaşdırılır və buna görə xüsusi bülleten verilməlidir. Bu insan ambulator müalicədən keçməlidir. İtirdiyi günlərə görə də ona Dövlət Sosial Müdafiə fondundan və ya işə götürənin əmək haqqı fondundan pul ödənilməlidir. Bu da Əmək Məcəlləsi ilə tənzimlənir. Burada da nazirliyin velosiped kəşf etməsinə ehtiyac yoxdur”. 
Hüquqşünas Müzəffər Baxış isə bu qərarda insan haqlarını tapdalayan bir durum olmadığını dedi: “Qriplə bağlı kənarlaşdırma normal haldır. Digər şəxslərin qripə yoluxmasının qarşısını almaq üçün bu dövlət tədbiridir. Konstitusiyaya görə başqalarının hüquqları başlayanda sənin hüquqların kəsilir. Yəni əgər şəxs xəstədirsə və bu xəstəlik nəticəsində əmək kollektivində digər şəxslər bu xəstəliyə yoluxa bilərsə, o zaman belə bir qaydanın tətbiq edilməsi digər şəxslərin hüquq və azadlıqlarının təmini üçün həyata keçirilən bir tədbirdir. Bunu da normal bir tədbir hesab edirəm.  Bu şəxslərin əmək müqavilələrinə xitam verilə bilməz. Sadəcə olaraq, işdən kənarlaşdırıla bilər. İşdən kənarlaşdırma institutu isə tamamilə başqa institutdur. Bizim qanunvericilikdə işçi sərxoş vəziyyətdə işə gələndə də işə götürən onu işdən kənarlaşdırılmalıdır. Çünki işçinin sərxoş vəziyyətdə olması müəyyən təhlükələr törədə bilər. Bu nöqteyi-nəzərdən onu işdən kənarlaşdırırlar. Bu cür hallarda da işçinin işdən kənarlaşdırılması insan hüquqlarının həyata keçirilməsinə heç bir mənfi təsir göstərmir”.
musavat.com