|
İtaliya mətbuatından mühüm iddialar - Bilal Ərdoğan Türkiyəyə niyə qayıtdı?
İtaliyanın “II Resto del Carlino” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan haqqında mühüm iddialar irəli sürüb. Qəzet doktorluq dərəcəsini başa vurmaq üçün İtaliyada olan Bilal Ərdoğanın Türkiyəyə qayıtdığını yazıb.
Prezident oğlu İtaliyadan getməsinə səbəb kimi təhlükəsizliyini göstərib. 
B.Ərdoğan Con Hopkins Universitetində təhsilini davam etdirmək üçün 6 ay əvvəl həyat yoldaşı və iki oğlu ilə birlikdə Bolonya şəhərinə getmişdi. 
Qəzetin iddialarına görə B.Ərdoğan Bolonyadakı dostlarına belə bir mesaj göndərib: “Əziz dostlarım, biz İstanbula qayıtmaq qərarına gəldik. Yaxın zamanda geri qayıdaraq sizinlə görüşəcəyəm”. 
Oğlunun məktəbindəki müəllimlərə də mesaj göndərən prezident oğlu təhlükəsizlik səbəbindən İtaliyadan getdiklərini yazıb: “Bolonyadakı təhlükəsizliyimiz həm İtaliya, həm də Türkiyə üçün həssas məsələyə çevrilib. Bu səbəbdən Türkiyəyə qayıdırıq”.
İtalyan nəşri Bilal Ərdoğanın həddindən artıq “zirehli həyatı” olduğunu yazıb və əlavə edib ki, onun ən kiçik hərəkətinin belə hiss edilməməsi mümkün deyil. Məqalədə həmçinin qeyd edilir ki, İtaliyada Bilal Ərdoğan və ailəsini türk mühafizəçilərlə yanaşı italyan mühafizəçilər də qoruyur və İtaliya hökuməti prezident oğlunu ciddi şəkildə müdafiə altına alıb.
Qəzet yazır: “B. Ərdoğanın oğlu özəl məktəbdə təhsil alır.  Həmin məktəbin müəllimləri də narahat idi. B.Ərdoğan Bolonyaya köçənə yaxın müəllimlər polis rəisinə  məktub yazmışdılar. Müəllimlər məktubda qeyd etmişdilər ki, məktəbin hədəf halına gəlməsindən narahatdılar. Onlar uşaqların təhlükəsizliyinə təminat tələb etmişdilər”.
Qəzet həmçinin, iş adamı Hakan Uzanın şikayətindən sonra “çirkli pullar”la bağlı iddiaların araşdırılmasının B.Ərdoğan və ailəsini narahat edə biləcəyi ehtimalını yazıb və əlavə edib ki, vaxtsız dönüşün səbəbi bəlkə də təhlükəsizlik deyil.
Cia.az