|
Siyasi məhbuslarsız Azərbaycan - martın sonu...
Bu ilin əvvəllərindən başlayaraq Azərbaycanla Qərb arasındakı münasibətlərdə ciddi dəyişiklik müşahidə olunur. Yeni il əfvi Qərb tərəfindən tənqidlərlə qarşılansa da, Azərbaycan hakimiyyəti münasibətlərdə müsbətə doğru dönüş yarada bilib. 
Bu amillər qarşıdan gələn Novruz bayramında siyasi məhbuslar məsələsini yenidən gündəm mövzusu edib. Bayrama doğru hər keçən gün bir çox siyasi məhbusun azadlığa buraxılacağına olan ümidləri artırır. Xüsusilə Vaşinqtonda Azərbaycan hakimiyyəti ilə təfərrüatı tam açıqlanmayan müzakirələr və razılaşmalar  barədə xəbərlər bir çox mətləblərdən xəbər verir. Konqresmen Kristofer Smitin “Turan”ın Vaşinqton müxbirinə açıqlamasında Azərbaycan prezidenti ilə ABŞ-a gözlənilən səfərində görüşəcəyini deməsi Konqresdə sanksiyaların müzakirəsi məsələsini bir qədər də arxa plana atıb. Sanksiyaların müzakirəsinə ehtiyac yaransa belə, Smitlə Azərbaycan rəhbərinin görüşündən sonra qanun layihəsi Konqresdə müzakirəyə çıxarıla bilər. Azərbaycan hakimiyyətinin isə bunun qarşısını almağının yeganə yolu siyasi məhbusları azad etməsidir. Bunun üçün Novruz əfvi son şans kimi dəyərləndirilir. Ekspertlər hesab edirlər ki, ölkə başçısı ABŞ-a siyasi məhbuslarsız gedə bilər. Xüsusilə Qərbin diqqətində olan siyasilərin azad olunacaqları deyilir. 
 
Novruz əfvinə olan ümidlərin yüksəlməsinə səbəb kimi başqa amillər də var. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın günlər öncə ölkəmizdəki bir illik fəaliyyəti ilə bağlı yazdığı geniş məqalə, AŞ PA prezidenti Pedro Aqramuntun Bakıya səfəri, siyasi məhbus ailələri və həbsdəki REAL sədri İlqar Məmmədovla həbsxanadakı görüşü, eləcə də Qərbin son aylarda bəzi məsələlərdə Azərbaycana açıq dəstək verməsi münasibətlərdə ciddi dönüş nöqtəsi kimi qiymətləndirilir. Azərbaycan tərəfinin Qərblə yaxınlaşmaqda maraqlı olduğu məlumdur. Bu baxımdan Novruz əfvində Azərbaycan hakimiyyətinin Qərbə daha da yaxınlaşmaq üçün bir çox siyasini azad edəcəyi versiyaları daha inandırıcı görünür. 
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev  siyasi məhbuslar məsələsinin həllinin vacib olduğunu söylədi: “Ötən ilin sonlarında bir sıra siyasi məhbusların azadlığa buraxılması gündəmdə idi. Amma Smitin təşəbbüsündən sonra Azərbaycan hakimiyyəti bunu təzyiq kimi qiymətləndirdi. Nəticədə proses dayandı. Amma getdikdə ölkəmizdə iqtisadi durum pisləşməyə başladı. Sonda 21 dekabr devalvasiyası oldu. Vəziyyət getdikcə ağırlaşır. Azərbaycan tərəfi yaxşı anlayır ki, heç bir möcüzə baş verməyəcək, Qərblə münasibətlər vacibdir. Qərbin maliyyə baxımından dəstəyini almağın vacibliyini hər kəs anlayır. Bu, strateji məsələdir. Aqramuntun gəlməsi ona hesablanmışdı ki, Azərbaycan tərəfi nəyə getməyə hazırdır, nə təkliflər edir. Bunların hamısı bir-birinə bağlı məsələlərdir. Bir çox siyasi məhbusların azad edilməsi məsələsi ciddidir və gündəmdədir. Belə bir əfv gözlənilir. Danışıqlar zamanı hansı şərtlərin qəbul edildiyi, öhdəliklər götürüldüyü başqa məsələdir. Amma bütövlükdə gündəm dəyişir. Azərbaycan islahatlara getməyə məhkumdur. Bu da Qərbin iştirakı və dəstəyi ilə mümkün olacaq”.
“Turan” rəhbəri Azərbaycan prezidentinin ABŞ-a gözlənilən səfərinə də toxundu: “Bizim üçün əsas ölkəmizdə demokratiya məsələsində olan problemlərin həllidir. Nüvə sammiti çərçivəsində Azərbaycan rəhbərinin Barak Obama ilə görüşü gözləniləndir. Azərbaycan tərəfi mühüm addımlar atmağa başlayıb. Prosesin davamı üçün Azərbaycan-ABŞ prezidentlərinin görüşü baş tuta bilər. Əks halda, heç bir görüş də olmayacaq, nüvə sammitinə getməyin isə heç bir əhəmiyyəti qalmayacaq. Əfv olmasa, prezident nüvə sammitinə  getməyəcək. Qərbin də hakimiyyətə qarşı təzyiqləri daha da güclənəcək”.
Politoloq Qabil Hüseynli Novruzda geniş əfvin olacağı barədə xəbərlərin inandırıcı olduğunu qeyd etdi:“Əfv Komissiyasının yeni üzvlərindən olan Əliməmməd Nuriyev bildirmişdi ki, geniş əfv hazırlanır. Bu da belə fikir formalaşdırır ki, siyasi məhbus adlanan şəxslər əfv siyahısına düşə bilərlər. Azərbaycan qərbyönlü siyasətini daha da gücləndirir. Eyni zamanda Azərbaycan ABŞ-la münasibətləri yaxşılaşdırır, Smitin  hazırladığı layihənin həyata keçməməsinə çalışır. Ölkəmiz müəyyən siyasi manevrlər edəcək. Bunların içərisində Novruzda olacaq əfv də proseslərə təsir edəcək mühüm amil olacaq. Əfvin içərisində siyasi məhbusların olacağını ehtimal etmək olar”.
Cia.az