Avropa bundan sonra Azərbaycanda sülh və sabitliyin olmasında maraqlı olacaq. Səbəb isə Qərbin Azərbaycana qoyduğu investisiyaların həcminin artması və birgə enerji layihələrinin həyata keçirilməsidir. Əksər politoloqlar düşünür ki, Qərbin Azərbaycana, xüsusən də enerji sektoruna yatırımlar etməsinin təkcə iqtisadi yox, həm də siyasi faydaları var.
TANAP və TAP layihəsinin reallaşmasından sonra Azərbaycan demək olar ki, Qərbin və regionun əsas enerji dəhlizinə çevriləcək. Belə olan halda sözügedən layihələrə investisiya qoyan ölkələr Azərbaycanın təhlükəsizliyində, sabitliyində, ölkədə xaosun və vətəndaş müharibəsinin olmamasında maraqlı olacaqlar.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qərbin enerji layihələrində iştirakı həm də Azərbaycanın təhlükəsizliyinin qarantıdır: “İndiyədək Azərbaycanda neft və qaz layihələri işə düşüb və bunun üçün Qərbin iri neft şirkətləri, başda bp olmaqla, Azərbaycan iqtisadiyyatına, neft sektoruna 50 milyard dollardan çox sərmayə yatırıblar. Bu səbəbdən də bu sərmayə, Qərb şirkətlərinin burada enerji sektorunda cəmlənməsi bəzi dövlətlərin Azərbaycana təzyiqini ya minimuma endirir, ya da tamamilə aradan qaldırır. İndi yeni qaz layihələri işə düşür. Çox güman ki, bu qaz layihəsinə Türkmənistan və İran da qoşula bilər. Çünki İran öz qazını Avropa bazarlarına çıxarmaqda xeyli maraqlıdır. Onun üçün də ən münasib yol Azərbaycan ərazisidir. Hələ sovet dövründə İrandan Sovet İttifaqına qaz göndərən boru məhz Azərbaycandan keçirdi. İndi o boru fəaliyyət göstərməsə də tam sıradan çıxmayıb. Onu yenidən təmir etməklə, əlavə vəsait xərcləmədən İran qazını birbaşa TANAP, TAP layihəsi ilə birləşdirmək olar”.
Politoloqun sözlərinə görə, Qərb şirkətləri Azərbaycan qazına da yatırımlar edəcəklər: ““Şahdəniz 1", ”Şahdəniz 2" işə düşdükdən sonra Azərbaycan qazının Avropaya ötürülən hissəsi ildə 30 milyard kubmetrə çatacaq. Avropa bazarlarının bugükü tələbatı isə təxminən 50 milyard kubmetrdir. Yerdə qalan 20 milyard kubmetri də İran və ya Türkmənistan qazı ilə təmin etmək olar. Bu mənada Azərbaycan bir tərəfdən enerji dəhlizinə, digər tərəfdən yükdaşımaların mərkəzinə çevrilir. Bunlar həm Azərbaycan üçün böyük gəlir mənbəyi , həm də təhlükəsizliyinin ciddi qarantıdır. Mən inanmıram ki, bp şirkətinin yatırdığı sərmayələri təhlükə gözlədikdə, Amerika və İngiltərə bu məsələyə loyal münasibət göstərsin. Həyata keçirilən enerji layihələri həm də Azərbaycanın təhlükəsizliyinə təhdidləri arxa plana atır".
Politoloq həmçinin Qərbin enerji maraqlarının demokratiya tələblərinə kölgə salmayacağını vurğuladı:“Qərb daxili şəraitdə öz maraqlarını və enerji layihələrinin təhlükəsizliyini təmin etdikdən sonra inanmıram ki, demokratiya tələblərindən vaz keçsin. Lakin hələ ki, gündəmdə olan ölkədaxili sabitlikdir. Mən güman edirəm ki hətta region ölkələrinin Azərbaycana təzyiqi olarsa belə Qərb bu məsələdə biganə qalmayacaq. Bizə təhlükə ən çox Rusiyadan və onun əlaltısı olan Ermənistandan gözlənilir. Rusiya həmişə Ermənistanı bizim üzərimizə qızışdırır. Heç kəs şübhə etmir ki, Ermənistan öz səsi ilə banlamır. Buna görə də əgər Azərbaycan üçün hər hansı təhlükə olarsa, Qərb mütləq Azərbaycanı müdafiə edəcək”.
Milli Məclisin deputatı Fəzail Ağamalı isə bildirdi ki, Azərbaycan enerji layihələrində iştirak etsə də, qonşu ölkələrlə münasibətlərində Qərbə güvənməməlidir: “Mən bu yanaşmanı məntiqli hesab edirəm. Lakin Qərbin özünəməxsus davranış normaları var və görünən odur ki, bu normalardan çıxmaq da istəmir. Ortada Gürcüstan və Ukrayna nümunəsi var. Gürcüstan Qərbin dəstəyi ilə Saakaşvilini hakimiyyətə gətirdi və Saakaşvili Gürcüstanın ərazi bütövlüyünü təmin etmək üçün Abxaziyaya girəndə Qərb onun arxasında dayanmadı. Ona görə də Rusiya tankları Gürcüstana daxil oldu. Ukrayna məsələsində də eyni şəkildə, Qərb Rusiyaya sanksiya tətbiq etməklə, bəyanat verməklə kifayətləndi. Bu gün Ukraynanın tərkib hissəsi olan Krım Rusiyanın əlindədir.
O cümlədən Ukraynanın cənub-şərq vilayətləri də faktiki olaraq Rusiyanın işğalındadır. Bunlar nümunələrdir. Yəni bu gün Azərbaycana qarşı da buna bənzər hadisələr baş verərsə, Rusiya Azərbaycana müdaxilə edərsə, mən güman etmirəm ki, Avropa öz qoşunlarını gətirib bizimlə birgə Rusiyaya qarşı savaşacaq. Ən yaxşı halda sanksiyalarla Rusiyanı qorxutmağa çalışacaq. Ona görə də biz enerjidaşıyıcılarımızın Avropaya nəqlində maraqlı olmaqla bərabər, qonşu dövlətlərlə münasibətlərimizi də yüksək səviyyədə qurmalıyıq və balanslaşdırılmış siyasət yürütməliyik. Azərbaycan heç bir ölkəyə qarşı sanksiyalarda iştirak etmir. Biz qonşularla yüksək qonşuluq siyasətinə sadiq qalmalıyıq və elə bir həddə çatdırmalı deyilik ki, sonra əl açıb Avropadan kömək umaq”.
Cia.az
