|
Neft Fondu üçün başıbəlalı 2015-ci il
Dövlət Neft Fondu üçün 2015-ci il heç də uğurlu il olmayıb. Qurumun 2015-ci ildə gəlir və xərcləri ilə bağlı hesabat bunu deməyə əsas verir. Belə ki, ötən il ərzində DNF-nin büdcə gəlirləri 7,7 milyard manat, büdcə xərcləri isə 9 ,2 milyard manat təşkil edib. Devalvasiya ilə bağlı isə fondun büdcədənkənar gəliri 23 milyard artıb.  İqtisadçı ekspertlər isə ötən ili Dövlət Neft Fondu üçün heç də optimist qiymətləndirmir. 
İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan Dövlət Neft Fondunun gəlirlərində neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda azalmalar müşahidə edilir: “Bu azalma bu il gözlənilən idi. Çünki DNF-nin gəlirləri neft satışından əldə edilən vəsaitlər hesabına formalaşır. Təbii ki, neftin qiyməti nə qədər ucuzlaşırsa, Dövlət Neft Fondunun gəlirləri də o qədər azalmış olur. Bu qurumun illik gəlir səviyyəsinə diqqət yetirsək, DNF-nin gəlirlərində ən ciddi artım 2012-cu ildə neftin bahalaşması ilə əlaqədar müşahidə edilməyə başladı. Sonrakı illərdə də artımlar müşahidə edilirdi. Amma 2014-cü ildən başlayaraq gəlirlərdə azalma müşahidə edildi, 2015-ci ildə də bu tendensiya davam etdi. 
DNF-nin gəlirlərinin azalması eyni zamanda dövlət büdcəsinə transferlərin həcminin azalması deməkdir. Bu baxımdan dövlət büdcəsinə transferlərin həcmində də azalmalar müşahidə edilməkdədir. Bu da eyni zamanda büdcə gəlirlərinin azalması deməkdir". 
Son bir neçə ilin gəlirlərinə nəzər salan ekspert 2014-cü ildən sonra gəlirlərdə azalma tendensiyasının olduğunu bildirib: “Dövlət Neft Fondu əgər 2012-ci ildə büdcəyə 14,1 milyard dollar transfer edirdisə, 2014-cü ildə bu rəqəm 11,9 milyard dollara qədər azaldı, 2015-ci ildə isə manat ifadəsində transferlərin həcmi 8,1 milyard manat təşkil edib. Manatın dollara olan məzənnəsinə də nəzər salsaq, Dövlət Neft Fondundan büdcəyə ayırmaların həcmində nə dərəcədə kəskin azalmaların olmasının şahidi olarıq”.
V.Bayramovun sözlərinə görə, DNF-nin gəlirlərinin azalması həm də dövlət büdcəsinin xərclərinin azalması deməkdir: “2015-ci ildə Dövlət Neft Fondunun gəlirləri və xərcləri ilə bağlı məlumat onu göstərir ki, ötən il bu qurum üçün maliyyə baxımından heç də uğurlu il olmayıb. Bütün istiqamətlərdə, həm gəlirlərdə, həm xərclərdə, həm də transferlərdə azalmalar müşahidə olunub ki, bu da DNF-nin idarəetmədən əldə etdiyi vəsaitlərin az olması və neft satışından əldə etdiyi gəlirlərdən asılı olması anlamına gəlir”.  

Qeyd edək ki, hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, Neft Fondu manatın devalvasiyasından 23 milyard dollar qazanıb. DNF vəsaitlərini dollarla saxladığı üçün manatın məzənnəsinin ucuzlaşması fondun gəlirlərini artırıb. 
Cia.az