|
“Mitinq Müsavat üçün dərs oldu”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasının dünən siyasi məhbuslara azadlıq tələbi ilə keçirdiyi mitinqi dəyərləndirib.

F.Qəhrəmanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlar da Müsavatın mitinqini müşahidə ediblər: “Təşkilatçılar ənənəyə uyğun olaraq mitinqin iştirakçıları ilə bağlı məlumat verməli idilər. İnsanların sayı hətta gözləniləndən də az oldu. Dünən keçirilən mitinq cəmiyyətin yanlış siyasətə verdiyi qiymət idi. Milli Şuradan ayrılıb hakimiyyətin təsir dairəsində olan saxta müxalifətlə birgə aksiya keçirəndə nəticə bundan artıq olmamalı idi.

Bu baxımdan, dünənki aksiya hansısa güc göstərisindən, diqqət cəlb etməkdən daha çox ictimai rəyin Müsavat Partiyasına verdiyi dərs idi. Bu dərsdən nəticə çıxarmaq lazımdır. Nə qədər ki, Müsavat Partiyası hazırki siyasi kursu davam etdirəcək, hakimiyyətin ruporuna çevrilmiş “Yeni Müsavat” qəzetinin əlində bir alətə çevriləcək ictimai rəyin təpkisi getdikcə bundan daha çox olacaq.

Ona görə Müsavat Partiyası rəhbərliyi düşünməli və nəticə çıxarmalıdır ki, hazırki siyasi kurs partiyanı sürətlə iflasa aparır. Bu gün partiya daxilində baş verənlərlə yanaşı bir qəzetdən asılı olması ictimai rəydə etimadı zəiflədir. Ona görə də cəmiyyət Müsavat Partiyasının mitinqində iştirak etmir”.

Qeyd edək ki, Müsavat Partiyasının “Məhsul” stadionunda keçirdiyi mitinq təxminən 45 dəqiqə davam edib və rəsmi məlumata görə 400-ə yaxın adam iştirak edib.