Rusiya hüquq-mühafizə orqanları Volqoqrad ətrafındakı şose yolda tərəvəz daşıyan TIR-ların sürücülərini xüsusi amansızlıqla öldürüb daşıdığı malı qəsb edən üç azərbaycanlıdan ibarət bandanın cinayətlərinin üstünü açıb.
Virtualaz.org xəbər verir ki, Rusiya vətəndaşlığı alan 35 yaşlı Elnur Qocayev və 30 yaşlı Anar Yusifov, habelə Azərbaycan vətəndaşı, 32 yaşlı Zülfüqar Həsənovdan ibarət mütəşəkkil cinayətkar qruplaşma Volqoqrad-Moskva şosesini “ölüm trasına” çeviriblər.
İlk baxışdan onlar zəhmətkeş kimi görünürdülər. Özlərinə orta tutumlu yük maşını alaraq fermerlərdən yerindəcə tərəvəz alır və bir az baha qiymətə bazarda satırdılar. Əslində isə bu xırda biznes azərbaycanlılardan ibarət qruplaşmanın əsl “biznesini” ört-basdır etmək üçün idi. Onlar yolda tərəvəz daşıyan ağırtonnajlı yük maşınlarına basqın edərək sürücüləri öldürür, daşıdığı malı talan edərək bazarda topdan satırdılar

İstintaq müəyyən edib ki, cinayətkarlar öz qurbanlarını hələ onların maşını yüklənərkən müəyyən edirdi. Onlar mala baxırdılar, nə dərəcədə yaxşı olduğunu müəyyən edirdilər və nə qədər qazanmağın mümkün olduğunu hesablayırdılar. Bundan sonra onlar “Lada Kalina” və BMW markalı avtomobillərdə tərəvəz yüklü TIR-ı izləməyə başlayırdılar. Sürücü yolda kimsəsiz yerdə gecələməyə qərar verdisə işi bitdi-cinayətkarlar onu öldürüb maşını yük qarışıq qəsb edirdilər.

Quldurlar ilk cinayəti ötən ilin aprelində törədib. Soğanla yüklü TIR Voronej vilayəti ilə sərhəddə, yolun kənarında park edib. Cinayətkarlar sürücünün boğazını kəsərək öldürüblər və TIR-ı qonşu Saratov vilayətinə sürüblər. Bir neçə ton soğanı orada 400 min rubla satıblar.
Növbəti hücum iki aydan sonra olub. Soyğunçular pomidor daşıyan yük maşınını izləməyə başlayıblar. Stasionar “QAİ” postuna çatmamış sürücü maşını kimsəsiz yerdə saxlayıb və gecələməyə qərar verib. Bu zaman cinayətkarlardan Elnur Qocayev onu tapança ilə güllələyib, cəsədi yaxınlıqdakı meşədə basdırıblar və yük maşınından malı boşaldandan sonra Qorodişensk rayonuna aparıb yandırıblar. Bu dəfə soyğunçular 325 min rubl qənimət götürüblər.

Eyni şose yolda ikinci yük maşını sürücüsünün cəsədi tapılandan sonra polis yoldakı kameraların görüntülərini araşdırıb. Məlum olub ki, hər iki halda yük maşınlarını eyni avtomobillər müşaiyət edib. Voronej vilayətinin hüquq-mühafizə orqanları da eyni dəlilləri aşkar ediblər. Bununla da bandanın izinə düşmək mümkün olub, cinayətkarlar üçüncü basqını həyata keçirəndə onları cinayət başına yaxalayıblar. Bu dəfə sürücünün bəxti gətirib və polislər özlərini vaxtında yetirib.
Volqoqrad vilayətinin prokurorluğu quldurların işi üzrə istintaqı yekunlaşdırıb və iş məhkəməyə göndərilib. Onları ya 25 il həbs, ya ömürlük həbs gözləyir.
Cia.az
