|
ABŞ-la münasibətlərdə “top” Azərbaycanın meydanındadır
Azərbaycanla ABŞ-ın münasibətlərində müəmmalı vəziyyətə prezident İlham Əliyevin martın sonunda Barak Obamanın dəvəti ilə gerçəkləşəcək Vaşinqton səfərinin son qyub-qoymayacağı ilə bağlı siyasi analitiklər müxtəlif fikirlər bildirirlər. 
Bu mövzuda danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu öncə xatırlatdı ki, 2010-cu ildə də belə bir nüvə təhlükəsizliyi konfransı Vaşinqtonda keçirilib: “O zaman Barak Obama Azərbaycan prezidentini həmin toplantıya dəvət etməmişdi. Halbuki Gürcüstan və Ermənistan prezidentlərini dəvət etmişdi.
O dövrdə də ABŞ-ın demokratiya və insan haqları məsələləri ilə bağlı Azərbaycan hakimiyyətinə çox sərt tələbləri var idi. İndi üstündən xeyli vaxt keçib, Azərbaycan prezidentini Barak Obama nüvə təhlükəsizliyi konfransına dəvət edir. Bu, mesaj xarakterli dəvət ola bilər ki, Azərbaycanın əhəmiyyətini ABŞ yüksək qiymətləndirdiyini göstərmək istəyir. Sadəcə, Azərbaycana belə bir incə mesaj da göndərirlər ki, əgər yaxın bir ayda siyasi və mübahisəli məhbus adlandırılan insanları həbsdən azad etsə bu, İlham Əliyevin Vaşinqton səfərinin əhəmiyyətini bir az da daha artıracaq. 
 
Bu, bizim dövlət başçısının özünə də lazımdır ki, Vaşinqtonda yalnız nüvə təhlükəsizliyi konfransında iştirak etməsin, Barak Obama ilə təkbətək fikir mübadiləsi apara bilsin. Bu bir şansdır ki, Vaşinqtondakı konfrans çərçivəsində Barak Obama ilə ikitərəfli danışıqlar aparılsın. Azərbaycan yaxın müddətdə ABŞ-ın əsas şərti olan siyasi və mübahisəli məhbuslar məsələsinə aydınlıq gətirsə, daha çox adları hallandırılan insanlar həbsdən azad olunsa, bu amil prezidentin ABŞ səfərinin əhəmiyyətini artıracaq və Barak Obama ilə təkbətək görüş imkanı yaradılacaq. Bu addım atılmasa, düşünürəm ki, Vaşinqton səfəri ancaq konfransla yadda qalacaq”.
Ekspert qeyd etdi ki, siyasi və mübahisəli məhbus məsələsinin həlli başqa istiqamətdə də Azərbaycana xeyir gətirə bilər: “Bu, Kristofer Smitin Azərbaycana və onun hakimiyyətinə sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresin müzakirəsinə çıxarılmasının qarşısını ala bilər. Yəni top Azərbaycan hakimiyyətinin meydanındadır. Hakimiyyət üçün gözəl şans yaranıb ki, bir iki addımı atmaqla çox ciddi bir neçə problemin yoluna qoyulmasına nail olunsun”. 

E.Şahinoğlu vurğuladı ki, artıq bu gün ABŞ-da kimsə Azərbaycanda rəngli inqilablar düşüncəsində deyil. Əksinə, Azərbaycanla pozitiv mənada əməkdaşlığın genişlənməsində, islahatların aparılmasında maraqlıdırlar: “Bu baxımdan hesab edirəm ki, münasibətlərdə heç də uçurumlu durum yoxdur. Sadəcə, bir istiqamət var ki, o, münasibətlərə hələ də kölgə salır. Bu, ABŞ-ın Azərbaycanla əməkdaşlıq etdiyi üçüncü istiqamət - insan haqları və demokratiya məsələsidir. Azərbaycanda siyasi məhbus məsələsinə son qoyulsa, bəzi siyasi islahatlara gedilsə, ABŞ-Azərbaycan münasibətlərində qeyd etdiyimiz həmin çatışmayan istiqamətdə pozitiv inkişaf edəcək”. 

“Azərbaycan hakimiyyətinə sərt münasibət sərgilənməsi məsələsini qaldıran Riçard Kozlariç, Devid Kremer və Ariel Koen kimi siyasətçilərin ABŞ administrasiyasının rəsmi siyasətinin müəyyənləşməsinə təsiri olurmu” sualına ekspert belə cavab verdi: “Ariel Koen ABŞ hakimiyyətinə çağırışlar edir ki, Azərbaycanda demokratiya qurulması üçün onunla əlaqələri sıxlaşdırmaq lazımdır. Kozlariç və digərləri isə demokratiya və insan haqları məsələsində təzyiqlərin artırılmasını önə çəkirlər. ABŞ Dövlət Departamenti təcrübəsi olan bu cür insanları dinləyir. Amma özü qərar verir ki, hansı istiqamətlərə önəm vermək lazımdır. Bu gün Amerika üçün əsas olan geosiyasi maraqlardır. Geosiyasi maraqlarda Azərbaycanla sıx əməkdaşlıq mövcuddur”.

ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Azərbaycana sonuncu səfəri zamanı yaradılan ortaq komissiyanın fəaliyyətinin, əhəmiyyətinin olub-olmadığına gəlincə, E.Şahinoğlu bu komissiyanın nəyəsə nail olduğu barədə məlumata malik olmadığını dedi: “Görünür, Azərbaycan hakimiyyəti o zaman Nulanda yox deməmək üçün bu komissiyanın yaradılması əleyhinə çıxmayıb. Amma komissiyanın hansısa ciddi addımlar atdığı barədə məlumat yoxdur. Ortaq komissiya heç bir iş görməyibsə belə, Novruz bayramında verilməsi arzulanan əfv əslində bu komissiyanın da işinin məntiqi müsbət yekunu kimi ola bilər”.
 
Həmsöhbətimiz Azərbaycanın son vaxtlar İran və Rusiya ilə daha da yaxınlaşmasının prezidentin səfəri öncəsi ABŞ-la münasibətlərə soyuqluq gətirə biləcəyi barədə iddiaları bölüşmür: “Bəlkə də təəccüblü səslənəcək, mən düşünürəm ki, Azərbaycan prezidentinin İrana səfəri, Rusiya prezidentinin ard-arda Azərbaycan prezidentinə zəng etməsi, müzakirə aparması əslində ABŞ-ın da xeyrinədir. Niyəsinə gəlincə, İran üzərindən sanksiyalar götürülüb, İran prezidenti özü Avropa Birliyi ölkələrinə səfər etdi, böyük müqavilələr imzaladı, ABŞ bunların əleyhinə çıxmadı. Əksinə, ABŞ İranın müasirləşməsini, dünya birliyinə inteqrasiyasını istəyir, sanksiyaları həm də buna görə götürüb. Artıq ABŞ İranı özünün baş düşməni hesab etmir. Bu baxımdan İran-Azərbaycan münasibətlərinin inkişafı Amerikanın xeyrinədir. Çünki gələcəkdə İran öz qazını Azərbaycan və Türkiyə üzərindən daşıya bilər. Yaxud Rusiya ilə İranı birləşdirən dəmiryol xəttinin Azərbaycandan keçməsi də ABŞ-ın maraqlarına uyğundur. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İrandan geri qayıtdıqdan sonra ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta enerji naziri Natiq Əliyevlə görüşdü, ABŞ-la Azərbaycanın əməkdaşlığı haqqında fikir mübadiləsi oldu. Məndə belə bir təsəvvür yarandı ki, Sekuta bu əməkdaşlıqdan məmnun qalıb.
 
Rusiya-Azərbaycan əməkdaşlığı da ABŞ-ın maraqları əleyhinə deyil. Əksinə, ABŞ başa düşür ki, Rusiya təhlükəli siyasət yürüdür - Gürcüstanı, Ukraynanı parçalayıb, Suriyada hərbi varlığını qoruyur, Türkiyə ilə gərgin münasibətlərdədir. Vaşinqton istəməz ki, Rusiya bu cür təhlükələri Azərbaycana da yaşatsın. Ona görə də ABŞ Azərbaycanın Rusiya ilə bağlı apardığı siyasətin əleyhinə deyil. Onsuz da təhlükəsizlik və enerji sahəsində Azərbaycan məhz ABŞ-la əməkdaşlıq edir". 

Cia.az