Xızıda törədilən qətl işinə görə həbs olunan sabiq polis əməkdaşı Samir Əliyevin həyat yoldaşı Zəminə Əliyeva Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə müraciət edib.
Z.Əliyeva həyat yoldaşının konstitusion hüquqlarının tapdandığını, həyat yoldaşına qarşı haqsızlıqlar olduğunu bildirir: “8 aydır ki, Samirə körpə uşaqları ilə görüş verilmir, telefon danışığına da qadağa qoyulub. Müstəntiq Aslan İbrahimov qadağanın adını məhdudiyyət qoyur. Faktiki isə bu qadağadır”.
Z.Əliyeva deyir ki, həyat yoldaşının vəkilləri Ceyhun Yusifov və Elnur Quliyev məhkəmə nəzarəti qaydasında həmin qadağanın aradan qaldırılması üçün şikayət veriblər: “8 aydır uşaqları ilə görüşə bilmir. Müstəntiq Aslan İbrahimov belə əsaslandırır ki, uşaqlarla görüş istintaqa maneçilik törədə bilərlər. 6-7 aylıq uşaq istintaqa necə mane ola bilər? Adına da məhdudiyyət deyirlər. Məhdudiyyətin bir əvvəli, bir də sonu olmalıdır. Bu məhdudiyyət deyil, faktiki olaraq qadağadır. 4 ay əvvəl Konstitusiya Məhkəməsinə müraciət olunub. Amma Konstitusiya Məhkəməsi işə baxmır, nəzarətə götürmür.
Bura Samirin son ümidi idi. O özünə qəsd edib. Bundan sonra müstəntiq 8 aylıq fasilədən sonra onun yanına getdi. Aclıq elan edib, günü-gündən psixologiyası pozulur".
Z.Əliyeva bildirir ki, həyat yoldaşının telefon danışığına da qadağa qoyublar: “Mən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdən xahiş edirəm, bu işi nəzarətə götürsün. Qanunvericiliyə uyğun tədbir görülsün. Məhdudiyyət aradan qaldırılsın, uşaqları ilə görüşə şərait yaradılsın”.
Z.Əliyeva deyib ki, vəkillərə də təzyiqlər olunur, onların müdafiədən imtina etmələri üçün səylər göstərilir.
Qeyd edək ki, S.Əliyev həbsindən sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsində onun təqsirli bilindiyi qətl işi üzrə Aslan İbrahimovun rəhbərliyi ilə istintaq qrupu araşdırmalara başlayıb. İstintaq müddətində S.Əliyevin yaxınları ilə telefon danışığının qadağan olunması və görüşlərdən məhrum edilməsi haqda qərar verilib. Belə qadağaların tətbiq olunmasının səbəbi açıqlanmayıb. Üstəlik, vəkillərin müdafiəni qurmalarına da çox ciddi əngəllər yaradılıb. S.Əliyev Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və qəsdən adam öldürməkdə ittiham olunur. O, keçmiş həyat yoldaşı - 1981-ci il təvəllüdlü Natəvan Əliyevanı öldürməkdə şübhəli bilinərək həbs edilib.
Cia.az
