Bir neçə gün öncə Azərbaycan prezidentinin İrana səfəri zamanı gözlənilən əsas məsələlərdən bir də o idi ki, İranla Azərbaycan arasında olan birtərəfli viza rejimi ləğv ediləcək. Lakin bu məsələ nə prezidentlərin görüşündə, nə də mətbuat konfrasında gündəmə gətirilmədi. Münasibətlərin bu dərəcədə istiləşdiyi bir vaxtda belə Azərbaycan tərəfinin İran vətəndaşlarına qarşı viza rejimini ləğv etməməsi onu göstərir ki, hökumət hələ ki, belə bir addım atmağı düşünmür.
O cümlədən Türkiyə ilə münasibətlərin də yüksək səviyyədə olmasını nəzərə alsaq, bugünədək viza rejiminin ləğv edilməməsi sual doğuran məsələdir. Onu da qeyd etmək lazımdır ki, hər iki ölkə Azərbaycan vətəndaşlarına qarşı viza rejimini ləğv edib. Bundan başqa, Azərbaycan Rusiya vətəndaşlarından viza tələb eləmir.
Bəs görəsən, Azərbaycan hökumətinin bu iki ölkəyə qarşı vizanı ləğv etməməsinin başlıca səbəbi nədir və hökumət hansı şərtlər altında bu addımı ata bilər?
“Yeni Müsavat”ın suallarını cavablandıran politoloq Elxan Şahinoğlu bildirdi ki, hökumətin viza rejimini saxlamaqla bağlı səsləndirdiyi arqumentlər əsassızdır: “İlham Əliyevin İrana səfəri zamanı belə bir məlumat yayıldı ki, vizaların yumşalması mümkündür, bu istiqamətdə müəyyən addımlar atılacaq. Ancaq səfər zamanı bu haqda heç nə deyilmədi, heç mətbuat konfransında da deyilmədi, bu istiqamətdə heç bir müqavilə imzalanmadı. Sonra İranın Azərbaycandakı səfiri açıqlama verdi ki, viza rejimi yumşaldıla, hətta tamamilə aradan qaldırıla bilər. Mənim də fikrim odur ki, Azərbaycan ümumiyyətlə, hər iki ölkəyə qarşı viza rejimini aradan qaldırmalıdır. Əgər İranla sıx iqtisadi ticarət əlaqələrinin olmasını istəyiriksə, viza ləğv olunmalıdır. Bunun siyasi tərəfi də odur ki, İran azərbaycanlılarının Azərbaycana bağlılığı getdikcə arta bilər. Viza rejimi mütləq ortadan qaldırılmalıdır”.
Elxan Şahinoğlu hökumətin viza məsələsini ölkənin təhlükəsizlik maraqları baxımından qiymətləndirməsini əsassız yanaşma kimi qiymətləndirdi: “Düzdür, hesab edilir ki, viza rejimi ləğv olunsa, müəyyən təhlükələr ola bilər. Ancaq təhlükənin qarşısını viza rejimi ilə almaq da mümkün deyil. Digər tərəfdən Azərbaycan turizmin inkişafını istəyirsə, nəzərə almalıdır ki, ən çox turist qonşu ölkələrdən Azərbaycana gələ bilər. Məsələn, Novruz bayramında İrandan Azərbaycana daha çox adam gələ bilərdi. Ancaq viza rejimi orada yaşayan azərbaycanlıların da ölkəmizə gəlməsinin qarşısını alır.
Eyni zamanda Türkiyə vətəndaşlarına qarşı vizanı aradan qaldırmaq lazımdır. Bunu da bəzən təhlükəsizlik amili ilə izah edirlər. Guya Türkiyədə hansısa erməni mənşəli kimsə gəlib Azərbaycanda nə isə törədə bilər. Bu da heç bir məntiqə sığmayan bir yanaşmadır. Çünki, Gürcüstanda yaşayan ermənilərin sayı Türkiyədə olan ermənilərin sayından daha çoxdur. Lakin biz Gürcüstan vətəndaşlarına viza tətbiq etmirik. Bunlar hamısı bir bəhanədir. Ona görə də, düşünürəm ki, Azərbaycan İran vətəndaşlarına qarşı vizanı ləğv etsə, eyni istək və tələb Türkiyədən də gələcək. Ona görə də, düşünürəm ki, Azərbaycan hökuməti ya hər iki ölkəyə qarşı vizanı ortadan qaldıracaq, ya da xeyli yumşaldılacaq və Türkiyədə olduğu kimi hava limanında onların pasportları viza olunacaq".
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Aydın Mirzəzadə isə müharibə şəraitində olan bir ölkə kimi Azərbaycanın viza rejimini saxlamasını müsbət dəyərləndirdi: “Əvvəlcə onu nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Viza rejiminin olmaması hansısa bir ölkədən qeyd-şərtsiz, sadəcə pasportla istənilən ölkənin vətəndaşının Azərbaycana daxil olmasına şərait yaradır. İran və Türkiyədə çox sayda erməni yaşayır. Əgər vizasız rejim olarsa, onların Azərbaycana gəlişinə hər hansı qadağa qoyula bilməz. Bu səbəbdən indiki məqamda həmin ölkələrlə viza rejiminin saxlanılmasına ehtiyac var. Lakin bu o demək deyil ki, İrandan və Türkiyədən Azərbaycana gələnlərə qarşı sərhəddə hər hansı problem yaradılacaq. Azərbaycana biznes qurmaq və ya humanitar məqsədlər üçün gələn insanların heç biri hələ Azərbaycan sərhədində problemlə üzləşə bilməz. Yeganə şərt Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsidir. Azərbaycanın müharibə vəziyyətindən çıxmasından sonra qonşu ölkələrin hamısı ilə viza rejimi götürülə bilər”.
Cia.az
