|
İŞİD-ə qoşulan azərbaycanlıların sayı kəskin azalıb
Son zamanlar həm ölkə mətbuatında, həm də xarici mətbuatda İŞİD terror qruplaşması ilə bağlı xəbərlərin kəskin şəkildə azalması müşahidə olunur. Bəzi ekspertlərin də fikrincə, artıq İŞİD əvvəlki gücünü və cəlbediciliyini  itirib. Dünyanın bir çox ölkələrindən İŞİD-in meydan suladığı zamanlarda qruplaşmaya qoşulmaq istəyənlərin sayı yüzlərlə idi.

Təşkilatın ilk silahlandığı ərəfələrdə Azərbaycandan da xeyli sayda şəxs İŞİD-ə qoşulmaq üçün İraq və Suriyanın yolunu tutmağa başladı. Əvvəlcə Türkiyəyə gedən azərbaycanlılar oradan terror təşkilatının üzvlərinin köməyi ilə qonşu ölkənin sərhədini keçərək İŞİD sıralarına qoşulurdular. 

Yuxarıda da qeyd etdiyimiz kimi, son zamanlar bu terror qruplaşmasına qoşulmaq üçün gedənlərin sayı kəskin şəkildə azalmağa başlayıb. Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamada bu məqama diqqət çəkib. F.Ələsgərov görülmüş tədbirlər nəticəsində silahlı münaqişələrdə iştirak etmək məqsədilə ölkədən Suriya və İraqa gedənlərin sayında kəskin azalma müşahidə edildiyini qeyd edib. 

Suriya və İraqda silahlı döyüşlərdə iştirak etdikdən sonra Azərbaycana qayıdan 60-dan çox şəxsin Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilərək cinayət məsuliyyətinə cəlb olunduğunu xatırladan F.Ələsgərov bildirib ki, bu cür şəxslərin fəaliyyəti istər cəzaçəkmə müəssisələrində, istərsə də cəzalarını çəkib qurtardıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq.
DTX-nin da son məlumatında bildirilir ki, radikal dini qruplaşmalara qoşulan azərbaycanlıların sayında azalma müşahidə olunur və geri qayıdanlar bu əməllərinə görə peşmandırlar. İŞİD-ə qoşulan azərbaycanlıların sayının azalmasına səbəb kimi bir sıra amillər göstərilir.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu “Yeni Müsavat”a açıqlamasında bu səbəblərin bəzilərini açıqlayıb: “Fuad Ələsgərovun və DTX-nin son açıqlamaları reallığı əks etdirir. Həqiqətən də son zamanlar İŞİD-ə qoşulan azərbaycanlıların sayında azalma var. Nə qədər ki, İŞİD pullu idi, meydan oxuyurdu, baş kəsib videolar yayırdı, bununla da müəyyən psixi pozuntuları olanları və yaxud da təsir altına düşə bilənləri, özünü qəhrəman hiss etmək istəyənləri ruhlandırırdı. Onlar da müəyyən yollarla İŞİD-ə tərəfdar  yığanların toruna düşürdülər. Onlar müəyyən bir kəsimdir və sayları da məhduddur. Kim gedə bilərdisə, getdi. Azalmanın səbəblərindən biri də budur”.

Politoloqun fikrincə, digər bir səbəb də Türkiyənin İŞİD-ə qarşı dəyişən münasibətidir: “Bir müddət Türkiyə çalışırdı İŞİD-in hədəfinə gəlməmək üçün onunla açıq konfliktə getməsin. Amma son nəticədə İŞİD özü partlayışlar törətməklə Türkiyəni münaqişəyə çəkdi. Nəzərə alsaq ki, İŞİD-çilərin böyük əksəriyyəti Türkiyə sərhədindən keçirdilər, amma indi onların yolu bağlanıb. Və nəhayət, bununla İŞİD-in uğursuzluqları başladı. Heç kim bomba altında qalıb partlamaq istəmir. Nə qədər ki, istənilən qədər cinayət törədib, məsuliyyətdən kənarda qalmaq üçün təminat var idi, buna güvənib gedənlər oldu. Ancaq sonradan anlayanda ki, ölüm qorxusu var, o zaman aydın olur ki, heç kim həyatından bezməyib. Bütün bu fanatizm və nağıldır. Təcrübədən də dəfələrlə görmüşük ki, özünü fanatik kimi göstərənlər cüzi bir qorxu hiss edən kimi qaçıb gizlənirlər. Mən İŞİD-ə qoşulmanın azalma səbəblərini belə başa düşürəm”. 
 
Azərbaycanlıların zorakılığa meylli olmaması amilinin İŞİD-ə qoşulanların sayına təsir etdiyini düşünənlər də var. Məhz bu amilin azərbaycanlıların İŞİD-ə qoşulmasına əngəl olması iddiasını Ə.Oruclu real hesab etmir.
 
Onun fikrincə, baş kəsməyə meylli olan və ya baş kəsməyə meylli olmayan xalqlar anlayışı yoxdur:“Zorakılığa meylli olmaq daha çox fərdlərə məxsusdur. Qeyd edək ki, Azərbaycanda bu cür zorakılıq ənənələri heç vaxt olmayıb. Bu, məsələnin bir tərəfidir. Ölkəmizdə insanlar bunu özləri üçün çox çətin təsəvvür edirlər. Bir çoxları da cihad adı ilə İŞİD-ə qoşulurdu. Lakin sonradan gördülər ki, bunlar sadəcə ağır cinayətlərdir. Bu da insanları İŞİD sıralarına qoşulmaqdan çəkindirdi. Amma eyni zamanda qeyd etməliyik ki, həyata keçirilən həbslər, İŞİD-ə qoşulanların istintaqa cəlb olunması da öz effektini verdi. Ümumiyyətlə, bu məsələyə kompleks şəkildə baxmaq lazımdır. Bir-iki amillə məsələ bitmir”.
Cia.az