Azərbaycan hökumətinin ABŞ Helsinki Komissiyasının rəhbəri, konqresmen Kristofer Smitin ötən ilin dekabrında hazırladığı “Azərbaycan Demokratiya Aktı” adlı qanun layihəsinin qəbul edilməməsi üçün hərəkətə keçməsi barədə xəbərlər yayılıb. “Turan”ın xəbərinə görə, bu məqsədlə Amerikanın "Podesta Group" lobbi təşkilatı ilə müqavilə bağlanıb.
Qeyd edək ki, Azərbaycan hökuməti siyasi məhbusları azad etməyəndən sonra, fevralın əvvəlində Smit qanun layihəsini irəli sürüb. Bu isə layihənin qəbulunu gündəmə gətirib. Bu nüansları nəzərə alan Azərbaycan hakimiyyətinin qabaqlayıcı tədbirlər görmək üçün hərəkətə keçdiyi deyilir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, “ictimaiyyətlə əlaqələr üzrə xidmətin göstərilməsi üçün” fevralın 1-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və "Podesta Group" arasında müvafiq sənəd imzalanıb. Ölkə iqtidarı konqresdə qanun layihəsinin qarşısının alınması məqsədilə iş aparılması, Azərbaycan hökumətinin yaxşılaşdırılması üçün səylərə görə, şirkətə ayda ən azı 50 min dollar ödəyəcək. Podesta Vaşinqtondakı nüfuzlu şəxslərə yol tapmaq üçün Azərbaycan hökumətinə zəmanət verir və buna görə Azərbaycanın ABŞ-dakı səfirliyindən 50 min manat dollar və əlavə xidmətlərə görə pul alacaq. Sazişdə ABŞ şirkətinin üzərinə bəzi öhdəliklər də götürdüyü deyilir.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, hakimiyyət ABŞ şirkətini zərərsizləşdirmək üçün bu sazişi imzalayıb: “Həmin şirkətlə müqavilənin imzalanması onu göstərir ki, konqresmenlərin bu qurumla əlaqələri var. Bu gün hakimiyyətin ABŞ-ın icra və qanunverici orqanları ilə problemləri var. Qanun layihəsi də qanunverici orqanda müzakirə edilir. Məndə olan məlumata görə, müqavilə imzalayan yalnız bu şirkət deyil, başqaları da var. Amerikanın həmin şirkətlərin zərərsizləşdirilməsi üçün addımlar atacağı da gözlənilir. Hakimiyyətin narahatçılığı onunla bağlıdır ki, təklif olunan islahatlara getmək istəmir. Eyni zamanda böhrandan çıxış üçün 10 milyard məbləğində vəsait axtarırlar. Müəyyən dərəcədə gedən proseslər üçün addımlar atılır. Vəziyyət kifayət qədər ağırdır. Siyasi məhbus məsələsində hakimiyyət yumşalmağa doğru gedəcək. Məndə olan məlumata görə, 20 nəfər siyasinin əfv olunmaq üçün hazırlanan siyahıda adı var. Yaxşı olardı ki, hökumət bu problemi sıfırlasın. Amma 20 nəfər siyasinin buraxılması prosesləri müəyyən qədər ləngidə bilər. Hakimiyyət üçün hazırda siyasi məhbus məsələsi o qədər də vacib deyil. Bu məsələ Azərbaycan iqtisadiyyatının inkişaf mərhələsində vacib ola bilərdi. İqtidara qarşı təzyiqlər daha da artacaq. Çünki nə qədər zəifsənsə, təzyiqlər yüksələcək. Bunu da hakimiyyətin özü yaradıb”.
İqtidaryönlü deputat Fəzail Ağamalı Smitin layihəsini avantürist adlandırdı: “Layihə konqresdən keçsə, ölkəmiz üçün ağır durum yarana bilər. Onun layihəsində Azərbaycan əleyhinə hər şey var. Azərbaycan-ABŞ münasibətlərində ciddi problemlər yarana bilər. Bu istiqamətdə Azərbaycanın atdığı addımlar normal və adevkatdır. Çalışmaq lazımdır ki, bu məsələ konqresin müzakirəsinə belə çıxarılmasın. Onun qarşısını bütün istiqamətlərdə almalıyıq. Qətnamə layihəsi kifayət qədər ciddi, Azərbaycana qarşı son dərəcə qərəzli, hətta ”907-ci düzəliş"dən də ağır qətnamədir. Haqlı olaraq, bu məsələyə ölkəmiz biganə yanaşmır. Hökumətimizin addımlarını müsbət qiymətləndirirəm".
Deputat Azərbaycan tərəfin atdığı addımların nəticə verib-verməyəcəyinə də toxundu: “ABŞ səfirinin iki gün öncə geniş məqaləsi mətbuatda dərc olundu. O məqalədə Azərbaycan-ABŞ münasibətlərinin bütün detalları üzərində dayanılır. Səfirin məqaləsi Amerikanın Azərbaycana münasibətini açıq şəkildə göstərdi. Qeyd edim ki, ABŞ-la ölkəmizin münasibətləri deyildiyi kimi gərgin deyil. Hər ölkənin sadəcə maraqları var. Amerikanın ambisiyaları var. Atılan addımlara uyğun Azərbaycan siyasətini aparır. Çünki müstəqil dövlətik. Cənab prezidentin ABŞ-a səfəri münasibətlərin yeni mərhələsi olacaq. Bu səfər əlaqələrin daha yaxşılaşdırılmasına ciddi təsir göstərəcək. Ölkə başçısının dəvəti ABŞ-ın ölkəmizə olan müsbət münasibətini ortaya qoyur. Smitin layihəsi Amerikanın fikri kimi qəbul edilməməlidir. Faktlar onu göstərir ki, Smit erməni lobbisinin təsiri altındadır. İndiki qətnamə də bunun təzahürüdür. Düşünürəm ki, ABŞ dövlət maraqlarını ayrı-ayrı konqresmenlərə görə qurban verməməlidir”.
Xatırladaq ki, Smitin layihəsi ötən il dekabrın 16-da ABŞ Konqresinə təqdim olunub. 14 bəndlik layihədə Azərbaycanın yüksək rütbəli məmurlarına ABŞ vizasının almalarının qadağan edilməsi nəzərdə tutulur.
Cia.az
