|
ABŞ ölkəmizdə sabitliyi nə üçün demokratiyadan öndə tutur?
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın ölkəmizdə fəaliyyətinin bir illiyi ilə bağlı yazdığı məqaləsindəki fikirləri gündəmə oturub. Amerika səfirinin “şifrəli mesajlar” üzərində qurulan məqaləsi geniş müzakirələrə yol açıb. Məqalədə əsas diqqət çəkən məqamlardan biri, ABŞ-Azərbaycan münasibətlərinin fonunda cənab Sekutanın ölkəmizdəki sabitliyin Amerika üçün əsas vacib şərtlərdən biri olduğunu deməsidir. 
 
Səfir açıq şəkildə bəyan edib ki, sabit və firavan Azərbaycan istər terrorçuluğa qarşı mübarizə, istər mövcud ticarət və iqtisadiyyat dəhlizlərinin inkişafı və eyni zamanda yeni dəhlizlərin yaradılması, istərsə də qlobal enerji mənbələrinin və dəhlizlərinin sabitliyinin qorunması və diversifikasiyası kimi fəaliyyətlərdə bölgədə və dünyada sabitlik və firavanlığın əldə olunmasında önəmli rol oynayır. 
 
Ölkəmizin Amerika üçün bölgədə açar rolunu oynadığı Sekutanın son məqaləsində açıq şəkildə duyulur. Bu nüansı nəzərə alsaq, rəsmi Vaşinqtonun Azərbaycanda sabitliyin qorunmasında maraqlı olduğunu başa düşmək olar. ABŞ hər vəchlə Cənubi Qafqazda Rusiyanın möhkəmlənməsinin qarşısını almağa çalışır. Ölkə başçısının Amerikaya aprel ayında gözlənilən səfəri öncəsi səfirin mövqeyini açıq şəkildə ortaya qoymasını ekspertlər Qərb-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması kimi qələmə verirlər. 
 
Eyni zamanda məqalənin pozulan Rusiya-Qərb münasibətlərində Azərbaycanın mövqeyinin Şimala yox, Qərbə tərəf yönəlməsi ilə bağlı yazıldığını iddia edənlər də az deyil.  
Səfirin fikirlərindən aydın olur ki, Amerika Azərbaycanda sabitliyi demokratiyadan daha çox istəyir. Son 10 ilə nəzər salsaq, Amerikanın dövlət rəhbərliyi səviyyəsində ölkəmizdə daim sabitliklə bağlı fikirlər səsləndirildiyinin şahidi oluruq. Yalnız bir dəfə dövlət katibi Kondaliza Rays Azərbaycanda demokratiyanı başlıca amil hesab edib, o da iki gündən sonra təkzib verib. 

Hər bir dövlətin öz maraqlarının olduğunu düşünsək, Azərbaycanda sabitliyin olmasında ABŞ-ın maraqlarının nədən ibarət olduğunu görərik...
 
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, ABŞ daim ölkəmizdə sabitliyin qorunmasını istəyir: “Sabitlik kommunizm dövründən demokratiyaya getmək üçün islahatlar baxımından bir zəmindir. Ölkəmizdə qanunvericilik, iqtisadi və digər sahələrdə müəyyən irəliləyişlər olub. Amma son 10 ildə Amerika daim Azərbaycan hakimiyyətinə demokratik islahatlarda gecikdiyini bildirirdi. Məhz bu amil Azərbaycanla ABŞ arasında münasibətlərin gərginləşməsinə gətirib çıxardı. Nəticədə Azərbaycanda fəaliyyət göstərən ABŞ səfirlərinin tez-tez geri çağırılmaları halları oldu. Geri çağırılan səfirlər öz ölkələrinin Azərbaycanla bağlı narahatçılıqlarını çatdırırdı, amma hakimiyyət buna məhəl qoymurdu. Nəticə olaraq, sonda böyük bir böhranla üzləşdik. Bunu hakimiyyət etdi. Bugünkü  problemlər bütün təbəqələrə şamil olunur. 
 
Vəziyyət də getdikcə pisləşir. İndi də ABŞ hakimiyyəti yenə islahatlara çağırır. Sekutanın fikirlərində konkret deyilir ki, iqtisadi böhranla bağlı diskussiyalar başlayıb və hökumət də bu müzakirələrdə iştirak etməlidir. Sekuta iqtidarı açıq müzakirələrə çağırır. Qanunun aliliyini, demokratik islahatların vacibliyini vurğulayaraq, səfir qeyd edir ki, sabitlik bu sütunların üzərindədir. Çox doğru fikirlərdir. Hakimiyyət vəziyyəti düzəltmək üçün gündə bir ölkəyə üz tutur. Təxminən 10 milyarda yaxın vəsait istənilir. Amma bu da kifayət etmir. İslahatlar aparılmalıdır. Sekuta məqaləsində bildirir ki, ölkəmizə gələndən ABŞ Azərbaycana 3 milyard yardım edib, 5 mindən çox azərbaycanlını oxudub, müxtəlif layihələr həyata keçirib, qaçqınlara kömək edib. Amerika ölkəmiz üçün hər şeyi edib. Başqa çıxış yolu yoxdur. Tezliklə islahatlara gedilməlidir”.
 
“Turan” rəhbəri ABŞ səfirinin ölkəsinin Rusiya ilə münasibətlərində Azərbaycanın onların yanında olması üçün bu cür fikirlər səsləndirildiyi barədə iddialara da toxundu: “Bu fikirləri demişəm, yenə də deyirəm və fikirlərimə də inanıram. Rusiya Amerikanın yanındadır, onun bir alətidir. Suriya, Ukrayna, Gürcüstan, Çeçenistan və Azərbaycanda da bu belə ola bilər. Amerikanın ölkəmizlə münasibətləri pisləşən kimi, Rusiya ilə də pisləşir. Onların siyasətlərinə qarışmaq bizlik deyil”

Ümid Partiyasının sədri İqbal Ağazadə sabitliyin demokratiyadan keçdiyini söylədi: “Sabitlik məsələsini başqa cür anlayıram. Hesab edirəm ki, amerikanlar da bu cür anlayır. Demokratiya olmasa, sabitlik heç zaman davamlı ola bilməz. Çünki sabitlik nisbidir, mütləq pozulacaq. Sabitliyin içərisində hökmən demokratiya var. Sekutanın məqaləsində üç əlaqədən söhbət gedir. Təhlükəsizlik, demokratiya və enerji sahələrinə toxunulur. Qərbin yanaşması da budur ki, sabitlik demokratiyadan keçir. Bu dəyişə bilməz. Çünki uzun illərin dəyərləri bunun üzərində qurulub. Demokratik cəmiyyətlər də bu cür formalaşıb. Səfirin fikirləri ilə demokratiyanın arxa plana atıldığını düşünmürəm. Demokratiyanı ölkəmizə Qərb gətirməyəcək. Hər şey cəmiyyətin gücü ilə olacaq. Çünki bu bir yaşam tərzi, düşüncə, vərdişdir. Bunları kənardan gətirmək mümkün deyil. Bu, insanların içərisində formalaşır. Biz bunu zaman-zaman formalaşdırmışıq. Bəzi ləngimələr var. Qərblə eyni dəyərləri daşıyan bir cəmiyyət quracağımıza inanırıq”.
Cia.az