|
Neft ölkələrinin ABŞ-dan asılılığı artır - ilginc gəlişmə
Neftin dünya bazarındakı qiymətinin iki ildir böhran keçirməsinin siyasi və geosiyasi amillərlə əlaqəli olduğu artıq sirr deyil. Rusiyanın Krımı işğal eləməsi ilə başlanan enmə prosesinin arxasında dünyanın supergücü ABŞ-ın dayandığına dair dəlil-sübutlar indi yetərincədir və daha da artmaqdadır.
Maraqlıdır ki, bugünlərdə Rusiya da daxil, bir neçə iri neft ölkəsinin qiymətləri qaldırmaq üçün neft hasilatını azaltmaq qərarı vəziyyəti dəyişməyib. Ümid edilirdi ki, bazarda xam neftin həcminin azalması tələb-təklif məntiqi üzrə “qara qızılın” bahalaşmasına stimul verə biləcək. Lakin vermədi. Beynəlxalq sanksiyalardan yenicə qurtulmuş İranın qərara qoşulmaması isə ümidlərin üstündən birdəfəlik xətt çəkdi.
***
Bu arada OPEK prezidenti Abdulla əl-Bədri hər il ABŞ-ın Hyuston şəhərində keçirilən ənənəvi beynəlxalq neft-qaz konfransında bildirib ki, ABŞ-da şist neft hasil edən şirkətlər digər ölkələrin neft hasilatını azaltdıqları təqdirdə yaranan kəsiri tez bir zamanda doldurmağa hazırdır. “Bloomberg” agentliyinin verdiyi xəbərə görə, o qeyd edib ki, OPEK üzvləri və digər ölkələrin neftin qiymətini artırmaq üçün hasilatı azaltmaq və ya dondurmaq cəhdləri uğursuz olacaq. Çünki neftin bahalaşması ABŞ-ın şist neft hasilatçılarının çox qısa zamanda neft hasilatını artırması ilə müşayiət olunacaq. 
Əl-Bədrinin sözlərinə görə, OPEK heç vaxt belə tez zamanda bərpa olunan enerji mənbəyi ilə rəqabət aparmayıb. Bu vəziyyət kartelə neft hasilatını azaldaraq qiymətlərin düşməsini əngəlləməyə imkan vermir. “Energy Intelligence Group” konsaltinq şirkətinin proqnozlarına əsasən, ABŞ 2016-cı ildə neft hasilatını ən çox artıran ölkə olacaq.
 
Amerikanın OPEK üzvü olmayan neft hasilatçısı ölkələr içərisindəki payı 60%-ə qədər və ya gündəlik 500 min barel artacaq. Bu da o deməkdir ki, neftin qiymətinin stabilləşməsi üçün öncə ABŞ-la razılaşmaq lazımdır. Lakin ABŞ qanunvericiliyinə əsasən, OPEK-lə dialoq mümkün deyil, çünki Energetika Nazirliyi özəl şirkətlərin fəaliyyətinə müdaxilə edə bilməz.
Yada salaq ki, ABŞ Konqresi dekabr ayında 1975-ci ildən qüvvədə olan neft ixracı embarqosunu aradan qaldırıb. Bu qərardan sonra Şimali Dakota ştatının senatoru Haydi Haydkamp bildirib ki, ABŞ Səudiyyə Ərəbistanı, Rusiya və s. ölkələrlə rəqabət aparacaq. “Report”un analitik qrupu hesab edir ki, neftin qiymətində artım olsa belə, bu, qısamüddətli və texniki dəyişiklik olacaq. Neftin qiyməti yaxın 1-3 il ərzində 20-40 dollar/barel arasında dəyişəcək. Qiymətin 40 dollar/barelə yaxınlaşması isə öz növbəsində ABŞ-da hasilatın artmasına gətirib çıxaracaq və nəticədə qiymətlər kəskin enməyə başlayacaq.
*** 
ABŞ-ın öz müttəfiqi - neft nəhəngi Səudiyyə Ərəbistanı vasitəsilə iki il öncə başlatdığı, neftin satış qiyməti ilə manipulyasiya siyasəti sözsüz ki, lap əvvəldən ilk növbədə Rusiyaya qarşı yönəlmişdi. Rusiyanın Bəşər Əsəd rejimini müdafiə bəhanəsi altında Suriyaya hərbi müdaxiləsilə Kreml Ər-Riyadın da köklü maraqlarına toxunduğundan, bu siyasət son aylarda daha da sərtləşdi. 
İndi belə görünür, Amerika öz istəyinə çatmaq üzrədir. Rusiyanın Suriyaya dair ABŞ-la atəşkəs razılığına getməsi bunun ilk mühüm təzahürü sayıla bilər. Çünki Moskva bu ərəb ölkəsində əsas hədəflərinə hər halda yetə bilmədi və üstəlik, prezident Barak Obamanın təbirincə desək, “böyük bir siyasi bataqlığa girdiyini”, nəhayət, anladı. 
Məsələ də ondadır ki, iqtisadiyyatı onsuz da ağır dönəm yaşayan Rusiya üçün “Suriya lüksü” qat-qat baha başa gələ bilər. Bunu bilmək üçün iqtisadçı olmağa da lüzum yox. İstisna deyil ki, proseslərin hara apardığını yaxşı hesablayan və qarşıdakı iki ildə neft qiymətlərində heç bir ciddi artımın olmayacağı barədə nüfuzlu ekspertlərin proqnozlarını nəzərə alan Kreml rəhbərliyi Suriya bataqlığından daha urvatlı çıxmaq qərarı verib.
***
Proseslərin hara aparması təbii ki, neft ölkəsi kimi, büdcəsi neft gəlirlərindən hələ ki xeyli dərəcədə asılı olan ölkə kimpi Azərbaycana da birbaşa dəxli var. Təsadüfi deyil ki, az öncə 2016-cı il üçün hesablanmış büdcədə xam neftin qiyməti 50 dollardan 25 dollara endirildi.
Deyilə bilər ki, Azərbaycan situasiyanın girovudur, necə deyərlər, Vladimir Putinin yanlış siyasətinin altını çəkən “zərərçəkmiş tərəf”dir. Ancaq bununla yaralarımız sağalırmı? Əlbəttə ki, yox. 

Rəsmi Bakı indi ABŞ-ın neft siyasətinə uyğun iqtisadiyyat qurmaq zərurəti ilə yanaşı, dünyadakı rolu daha da güclənmiş Ağ Evlə siyasi münasibətləri də qaydaya salmaq zorundadır - həm də Qarabağ məsələsinə görə. Vaxt itirmədən. Çünki həqiqi bazar iqtisadiyyatına keçid ABŞ-ın, Qərbin dəstəyi olmadan mümkünsüzdür. Əks halda, iqtisadi, ardınca isə siyasi tənəzzül qaçılmaz olacaq.    
Cia.az